SON DƏQİQƏ

PressDent.Info

O zaman bu rejimi “Xədicənin araşdırmaları dağıtdı” deyəcəklər.

O zaman bu rejimi “Xədicənin araşdırmaları dağıtdı” deyəcəklər.
11-09-2015, 14:09 22446 dəfə baxılıb

Kafkanın “Məhkəmə”si...

 

Zavallı insanlar dərkolunmaz sirli qüvvələrin təsiri altında-məhkəmədə absurd qanunlar və prosedurlarla ittiham olunur, amma bu, zavallılar sonacan günahının nədən ibarət olduğunu anlaya bilmirər.Yozef K. nə qədər müdafiə olunmağa çəhd etsə də heç nə alınmır, axırda öz taleyi ilə barışır və edam olunur. Məhkum Yozefin məhz o, sirli qüvvənin qurbanına çevrilməsi, Frans Kafkanın ən məhşur əsəri olan “Məhkəmə” romanının əsas qayəsini təşkil edir. “Məhkəmə” əsəri səhər tezdən məhküm Yozef K.-nin tamamilə ona yad olan, tanımadığı bir gerçəkliyə qəfil qayıdışından sonra başlayır. O, yuxudan oyanır, ancaq tam ayıla bilmir. Yuxu ilə gerçəklik arasında qalıb nə baş verdiyini kəsdirə bilməyən yarıyuxulu Yozef K. xəyala bənzər həmin gerçəklikdən heyrətə gəlir və təlaş içində başını yastıqdan qaldırıb əlinin alındakı zəngi basır. İçəri tanımadığı bir adam –keşikçi daxil olub onun həbs olunduğunu elan edir. Beləliklə, otuz yaşı tamam olan günü, heç bir günah işlətməsə də, vicdanlı, işgüzar bank məmuru Yozef K. həbs olunur və iş gedib məhkəməyə çıxır. Yozef K. günahsız olduğunu bilsə də, baş verənlərə soyuqqanlılıqla yanaşmağa çalışsa da, amma bu, xəbərdən sonra nə yaşadığı evdə, nə də işdə rahatlıq tapa bilmir, yalnız başına gələn bu, qeyri-adi hadisə- sirli məhkəmə barədə düşünür. Sirli məhkəmə isə çoxmərtəbəli bir binanın çardağında yerləşir, içəridə adam əlindən tərpənmək olmur, hər tərəf –bütün künc-bucaq məhkumlardan, hakimlərdən və keşikçilərdən ibarətdir, onların sayı-hesabı yoxdur. Buranın öz qayda-qanunları var : hamı müqəssirdir, heç kəsin günahı özünə deyilməsə də, hamı birnəfər kimi cəzasını çəkməlidir. Heç bir suç işləmədiyinə görə tezliklə azad olacağına əmin olanYozef, yalnız özünü müdafiə etməklə kifayətlənmir, həm də hücüma kecir, baş verən qeyri-adi olayları cəsarətlə sərt şəkildə tənqid edir, hətta “qanun keşikçilərini” qanunsuzluqda belə ittiham edir. Lakin uzun sürən məhkəmə prosesindən bezir, daxilində baş qaldırmış etiraz hissləri tədricən zəifləməyə başlayır və axırda bu müəmmalı məhkəmənin sehrinə düşür, sakit, rahat həyatı öz məcrasından çıxır, daxilində baş qaldırmış narahatçılıq, günah hissləri onu hətta çağırılmayanda da ora aparır, çünki bu gözəgörünməz məhkəmə artıq onun iradəsini, ağlını əlindən alıb, sehrləyib, öz əsirinə çevirib… Kafka “günahsız” Karl Rossmandan fərqli olaraq, Yozef K.-nı “günahkar” adlandırır. Qəhrəmanın günahı ondadır ki, özünü “azad” hesab edir. Çünki o, özünü məhkəmədə sərbəst aparır müşahidə etdiyi bütün qanusuzluqlara qarşı etiraz edir. İnanır ki, dövlət onun- öz vətəndaşının hüquqlarını qoruyacaq. Amma əbəs yerə...Sonda zavallı absurdluğun və mistikanın qurbanı olur.

 

“Yeni-azad insan”...

 

Kafka başda olmaqla bütün modernstlərin yaradıcılığı bir təcrübə laborotoriyası idi.Və bu, təcrübələrin əsas hədəfi «yeni-azad insan» yaratmaqdır. Bir zaman İsa Məsih bəşəriyyəti xilas etmək üçün özünü qurban seçdi və çarmıxda çəkdiyi əzablarla insanlığa yeni «nəfəs» verdi. Modernistlər də sanki insanlığı və sivilizasiyanı yaratdıqları obrazların dəhşətli əzabları ilə xilas etməyə cəhd edirdilər. Onların işlətdikləri əsas xammal hansısa ideologiyalar deyil, məhz insanın özü və onun psixologiyasıydır. Amma Kafkanın məqsədi insanın psixologiyasını dəyişmək deyildi. O,insanın ilkin təbiətini və proqramlaşdırılmış

 

mahiyyətini dəyişmək istəyirdi. Kafkanın bu, arzusu “yeni-azad insan”ideyası uzun illərdən sonra gerçəkləşdi. Artıq bu, ideya modenist ədəbiyyatın obyektindən çıxaraq beynəlxalq siyasətin predmetinə çevrilib və insan haqları əsas dəyər kimi stateji hədəf olaraq seçilibdir.

 

Xədicənin “Məhkəmə”si...

 

Mən bilmirəm, Xədicə Kafkanın “Məhkəmə”sini oxuyub ya yox , amma onu bilirəm ki, yazıçı fantaziyasının məhsulu olan xəyali “Məkəmə”ni Xədicə xanım bu, gün real həyatda, öz şəxsi taleyində yaşayır. Əslində, yüz il bundan qabaq Kafkanın bədii əsər kimi yazdığı “Məhkəmə” ni Xədicə bu gün sənədli əsər kimi yazır... Sadəcə, Xədicə Kafkadan fərqli olaraq bu, əsəri masa arxasında-yaradıcılıq laborotoriyasında təcrübədən kecirib yazmır, dəmir barmaqlıqlar arxasında “ şüşə kabinə”də öz üzərində canlı olaraq sınaqdan keçirib yazır: O, həm əsərin müəllifidir, həm də əsərin qəhrəmanıdır... O, həm məhkumdur, həm də hakimdir... O, Yozev K. kimi uzun sürən məhkəmə süründürməçilyindən bezib onun sehrinə düşüb, uzun sürən prosesin əsirinə çevrilmir, əksinə, yolulmadan, ardıcıl olaraq milyonların gözü qarşısında mücadilə verir, öz mübarizliyi ilə nümunə göstərir... öz cəsarəti ilə qorxuya qalib gəlir...öz dözümü ilə həbsxana xofunu sındırıb adiləşdirir. O, müdafiə olunmur, O, ittiham edir, nədən ki, özünü məhkum deyil, hakim hesab edir, cünki hər kəs öz pesənin hakimdir! O, da peşəkar jurnalist kimi apardığı araşdırmalarında üzə çıxartdığı milyardların hesabını sorur. Özü də dolayısı ilə deyil, birbaşa bu şəbəkənin başında duran ailədən- uşaqlarından və başçılarından. Şahvələd bəyin təbirincə desək bu,hesabı sormaq üçün sadəcə, böyük cəsarət tələb olunurdu –odda yanmamaqdan qorxmamaq qədərində CƏSARƏT! Prometey odu Tanrıdan oğurlayıb insanlara verdiyi kimi, Xədicə də bu, sübutları sanki Tanrıdan oğurlayıb insanlara vermişdi. Ona görə də indi onun qollarına qandal taxıb az qala Prometey kimi zəncirləyiblər.

 

Fransanı (Burbonlar sülaləsini) Volter və Russo dağıtdı...

 

1789-çu ildə fransız xalqı Bastiliya qalasına hücum edərək onu ələ keçirtdi. Bu, xəbər saraya çatan zaman Lüdoviqin “Bu, bir üsyandırmı? sualına yerbəyerdən yox “bu, çevrilişdir” cavabı gəlmişdi. Saraya daxil olan usyançılar çaşqın vəziyyətdə qalan kralı həbs edirlər. Fransa kralı 16-cı Lüdoviq həbsxanada Volterin və Russonun əsərlərini oxuduqdan sonra “Fransanı (Burbonlar sülaləsini) bu iki adam dağıtdı” demişdi. Ona qul kimi sitayiş edən xalqın indi ondan üz döndərməsini heç cür həzm edə bilməyən Lüdoviq üçün həbsxananın bir küncündə taleyinin necə həll ediləcəyini gözləməkdən daha acınacaqlı heç nə ola bilməzdi, amma gec idi, artıq hər şey bitmişdi: Volterin və Russonun əsərləri-azad söz qalib gəlmişdir. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, Volter bütün ömrü boyu təzyiqlərlə, təqiblərlə məruz qalıb. Dəfələrlə həbsə atılıb, sürgün edilib. Bastiliya hakimləri kralın göstərişi ilə ona ya həbs, ya ölkəni tərk etməyi tövsiyə edirdilər. Amma O, həmişə həbsi seçirdi, çünki ölkəsində qalıb mübarizə aparmaq istəyirdi.

 

P.S. Deyirlər, tarix təkrar olunur: Nə bilmək olar, bəlkə də günlərin birgünü Fransada baş verənlər burda Azərbaycanda da təkrar olundu. O zaman bu rejimi “Xədicənin araşdırmaları dağıtdı” deyəcəklər.

 

Balıyev Tanrı

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ