SON DƏQİQƏ

PressDent.Info

Burada zaman da özünü göstərir.

Burada zaman da özünü göstərir.
1-08-2015, 12:45 20271 dəfə baxılıb

 

Sovetlərin vaxtında onun adının ətrafında elə bir əfsanəvi “oreol” yaratmışdılar ki, adam bilmirdi ki, bu adam həqiqətən də olub, yoxsa o bir əfsanədir… Cəmi 44 il yaşamışdı. Onun 11 ilini həbsdə keçirmişdi. Onun sayəsində bir “çekist” obrazı yaranmışdı-hədsiz dərəcədə vicdanlı və fədakar, elə onun özü qədər də dəmir kimi əyilməz…
Nə deyim? Bu adam sonuncu rus inqilabının üzünü ağardan, ona ucalıq gətirən bir şəxsiyyət kimi təqdim olunurdu-bəli, dünyada Çe Qevara nə qədər məşhur idisə, nə qədər kumir idisə Sovet İttifaqında da F.Dzerjinski elə bir sima idi…
Amma sonradan siyasi küləklərin səmti dəyişdi. Əvvəlcə şayiələr, rəvayətlər başladı. Dedilər ki, guya ki, F.Dzerjinski V.Leninin arvadının – N.Krupskayanın məşuqu olub. Hətta bununla bağlı lətifə də yarandı. Deməli, şəkildə ağac koma təsvir olunub. Komadan dörd ayaq çıxır. Deyirlər ki, bu ayaqların ikisi N.Krupskayanın, ikisi isə F.Dzerjinskinindir. Bir nəfər soruşur ki, bəs Lenin haradadır? Cavab gəlir ki, o, Razlivdədir… Elə lətifənin adı da “Lenin Razlivdə” idi…
İndi bunlar adama elə lətifə kimi gəlir. Amma o vaxt Dzerjinski bir neçə il ərzində inqilabın fədakar simvolundan repressiyaların simvoluna çevrildi və bir gün, daha doğrusu, məşhur “QKÇP” vaxtı insanlar onun heykəlini aşırdılar…
İndi bütün bunları niyə xatırlayıram? Moskvada F.Dzerjinskinin heykəlini öz yerinə qaytarmaq üçün referendum keçirmək təklif olunub. Hətta kommunist partiyası bu məqsədlə 150 min imza da toplayıb…
Ümumiyyətlə, Rusiyada sovet dövrünə maraq olduqca böyükdür. Bu ölkədə sovet simvollarına əsl qayıdış hiss olunur desək yanılmarıq. Xüsusən də indiki rəhbərliyin “dəmir Feliksin şinelindən çıxmış adamlar” olduğunu yada salsaq, onda bir çox şey aydınlaşar…
Təsəvvür edin, artıq Boris Yeltsinin kultu çəkilir. Onun haqqında hamı “daim sərxoş rus mujiki” kimi danışır, ona çox şeyi, o cümlədən də SSRİ-nin dağılmasını bağışlamaq istəmirlər…
Ətraflarda bu proseslərə maraq müxtəlifdir. Burada zaman da özünü göstərir.
Sovet dövrünü görən və onu yaşayan insanların sayı azalır-böyük vətən müharibəsi adlanan müharibənin əsl iştirakçılarını demək olar ki, barmaqla saymaq olar. Hər il 9 mayda parada çıxanların sayı azalmaqda davam edir…
Amma o dövrü xatırlayanlar da var. Gəl, təlaş yalnız Baltik ölkələrində hiss olunur, digər yerlərdə isə təlaş yoxdur, daha çox etinasızlıq və biganəlik var…
Amma Baltik ölkələrinin əhalisi çox narahatdır. Onlar Rusiya təcavüzündən tamamilə ciddi şəkildə ehtiyatlanır və bundan xilas yolunu NATO ilə, ABŞ-la dərin hərbi inteqrasiyada görürlər…
Rusiyalılar özləri isə baltiklilərdən yox, orada möhkəmlənməyə cəhd edən NATO qoşunlarından ehtiyat edirlər. Beləcə, dairə qapanır – Baltik ölkələri tək Rusiyadan, Rusiya isə orada yerləşən NATO silahlarından və əsgərlərindən qorxur…
Azərbaycana gəldikdə isə, Rusiya təhlükəsi ilə bağlı “xəbərlər” tez-tez qəzetlərin lap manşetinə çıxarılır. Amma əksəriyyət bunu ciddi qəbul etmir…
Bu gün burada nə rusofobiya yaşanır, nə də rusofiliya, insanlar daha çox neytraldırlar, bütün siyasi mövzular kimi Rusiya təhlükəsi də elə bir oxucu auditoriyası toplaya bilmir…
Hətta bu haqda ürəklərdən nələr keçdiyini də duymaq olmur. Amma bir-iki il bundan əvvəl maraqlı bir detal müşahidə etdik. İkinci inqilabını yaşayan Ukraynada V.Leninin heykəllərini yığışdırırdılar. Hətta axıra qədər yığışdıra da bilmədilər, ölkənin şərqindəki heykəllər qaldı…
Azərbaycan bu prosesi çoxdan, lap çoxdan, hələ 80-ci illərin sonunda keçdi. Burada siz sovet dövrünün heykəllərinə təsadüf etməzsiniz, halbuki idarə edən və ölkəni “inamla müstəqillik yolunda aparan” məmurların çoxu sovet dövrünün adamlarıdır – onlar ömürlərinin yarısını kommunizm qurmağa, digər yarısını isə demokratiyanı “inkişaf etdirməyə” sərf etməli oldular…
Bu adamlar hansısa bir formada sovet dövrünün təəssübünü çəkmirlər və böyük məmnuniyyətlə V.Leninin uçurulmuş heykəllərinin yerində öz heykəllərini ucaldardılar…
“Dəmir Feliks”ə gəldikdə isə, onun təcəssüm etdirdiyi sistemə Azərbaycanda heç vaxt sevgi olmayıb. Ola bilsin, Dzerjinskinin özünə qarşı azacıq simpatiya olub, amma bu simpatiya heç vaxt “sovet çekisti”nə, xüsusən də “sovet milisi”nə şamil edilməyib, hətta bəlkə də əksinə olub – insanlar ən yaxşı halda onlardan məsafə saxlamağa çalışıblar…

Balıyev Tanrı

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ