SON DƏQİQƏ

PressDent.Info

İntihar edən MTN zabiti və quzu

İntihar edən MTN zabiti və quzu
22-12-2015, 15:04 25665 dəfə baxılıb

Lap gənc vaxtlarımda həvəslə oxuduğum bir kitab vardı: “Qabusnamə”.

Bu və bu kimi, Şərqin klassik didaktik ədəbiyyatından əlimi soyudan kim olsa yaxşıdı? Inanmayacaqsız, Əbülfəz Elçibəy!

Bir gün Əbülfəz bəyin iştirak elədiyi hansısa tədbirdəydik. Çıxışçılardan biri “Qabusnamə”dən hansısa məsəli gətirib hökuməti tənqid elədi. Deyəsən, bu o məşhur Şərq əhvalatı idi ki, Firon deyir, əgər Nil çayının kənarında hansısa qurd quzunu parçalayırsa, bunun da suçu məndədir.

Bunu deyən bir xanım idi. Xanımlara Əbülfəz Elçibəyin xüsusi nəcib münasibəti olsa da, o, çıxışın bu yerində dərhal müdaxilə elədi. Dedi ki, yığışdırın bu feodalizmdən qalma məsəlləri. Bu məsəllər o dövr üçün keçərlidir, indi feodalizm deyil.

“Məni də bəzən qız qoşulub qaçanda tənqid edirdilər ki, bu prezident hara baxır. Indi axı o dövr deyil, səlahiyyətlər, münasibətlər çox dəyişib”, – deyə Əbülfəz bəy reaksiyasını tamamladı.

Analogiya xoşuma gəldiyindən, o cür kitabları qatlayıb qoydum bir kənara.

Əbülfəz bəy haqlı idimi? Bəli. Fəqət o dövrdə! Bu günümüzdə isə əsla. Feodal ənənələrin, şahlığın müasir formasının bərqərar olduğu bugünlərdə “Qabusnamə” və onun kimi Şərq ədəbiyyatı bizim stolüstü vəsaitimiz olmalıdır. Məhz onlarla biz cəmiyyəti və bizi idarə edənləri anlaya bilərik.

Məsələn, dünən qara torpağın udduğu MTN zabiti Ilqar Əliyevi götürək. Yəqin, qəzet oxuyanlar bilir ki, bu insan hakim rejimin mənafeyi üçün necə çirkin, yaramaz cinayətlərə imza atmışdı. Axırı necə oldu? “Türmədə özünü asdı” dedilər. Həə, bəzisi onu da dedi ki, yox, asmayıb, öldürüb adını belə qoyublar. Amma bu iki fərqli versiyanı səsləndirənlərin hamısı bir nöqtədə vəhdətə vardılar, dedilər ki, ölümün tərzi, hardan gəlməsi mübahisəli olsa da, nəticə gözəldir. Bu adamın ölümünə bir nəfər kədərlənən adam görə bilmədim. Bütün sosial şəbəkələrdə bu ölüm hadisəsi yüksək performans kimi alqışlar qopardı.

Siz mənə inanın, hətta ən mənasız canlının (insan, heyvan, bitki) ölüm hekayətini, fotosunu, videosunu kimsə “facebook”da yayanda, nə qədər insan tapılır ki, ah çəksin, kədərini büruzə versin. Bu boyda polkovnik öldü, hətta ona sədaqətlə qulluq edənlərdən biri yazdı ki, “gədaların hamısı belə gəbərir!”

Ya Rəbb, öz qüdrətin xatirinə bizə bu qədər hörmətsiz şəkildə bu fani dünya ilə vidalaşmağı qıyma!

Bəs “Qabusnamə” bu hadisə barədə nə deyir?

“Ey oğul bil ki, hökmdar sənə çox diqqət ayırırsa, çox əzizləyirsə, onun nəzərində bir quzusan. Hamı quzunu yaxşı bəsləyir ki, kəssin…”

***

Nardaranda atışma oldu, 7 vətəndaşımız öldü. Sonra neft yatağındakı fəlakət, yenə 30 nəfər öldü…

Dünən MTN-nin polkovniki özünü asıb öldürdü, onun nəşi torpağa verilməmiş manat öldü. Bu ölümlər sadəcə, ard-arda düzülən hadisələr seriyası olmayıb, əksinə, ağır bir dövləti böhranın xronologiyasıdır. Pərdələr də hələ çəkilməyib, bu isə o deməkdir ki, ölüm estafeti bizim hansımızasa elə bu dəqiqə ötürülə bilər.

Cəmi bircə dəfə real problemlə, iqtisadi böhranla üzləşmək kifayət elədi ki, Azərbaycan hökumətinin Məğribdən Məşriqə qədər havayı pullarla alıb səmaya düzdüyü ulduzlar toza çevrilib təpələrinə tökülsün. Min dəfə yazılsa da ki, bu hökumətin zərrə qədər səriştəsi yoxdur, iqtisadiyyat, siyasət onlar üçün heç bir məna daşımayan mürəkkəb anlayışlardı, buna də sevgili xalqımız inanırdı, nə də hökumətin özü. Çoxunun vecinə də deyildi ki, hökumət 10 il, 20 il sonrakı nəsillərə çatacaq sərvətləri tar-mar edir, hamımız deyirdik, bu gün qarnımız isti olsun, sabah Allah Kərimdi! Sabah isə çox tez gəldi!

Indi xalq çarəsiz, hökumət isə ondan da zəlil durumdadır. Amma indi keçmişi yamanlamaqla, xalqı danlamaqla heç bir yaralı barmağa dərman tökülməyəcək. Bugünkü böhran bizə ancaq sabahı qurmaq üçün baza olmalıdır. Hökuməti boş verin, ondan nəsə gözləmək yersizdir. Ona edilən islahat xarakterli bütün çağırışlar da yersizdir. Kriminal rejim heç vaxt islahatlara getməz. Indi əsas məsuliyyət müxalifətin üzərindədir. Müxalifət, xüsusən onun avanqard kəsimi olan Milli Şura hazırlıqlı olmalı, ciddi təşkilatlanma işinə başlamalı, cəmiyyətə ümidverici təkliflərini təqdim etməlidir.

Vətəndaşlar tərəddüdləri, qorxuları bir yana buraxıb, öz gələcəklərini qarantiyalı, demokratik, azad cəmiyyətdə görmək üçün təşkilatlanmalı, müxalifətə aşkar-gizli, maddi-mənəvi dəstəyini artırmalıdır. Anti-böhran tədbirinin bundan yaxşı və səmərəli variantını mən bilmirəm. Əliyev hökuməti ciddi şəkildə sarsılıb, onun kürsüdə ömrünü, ancaq və ancaq laqeyd cəmiyyət, dişsiz müxalifət, avamlıq-cahillik uzada bilər.

Sözünü deyəcək, haqqını tələb edəcək, insan kimi hörmətə layiq münasibət istəyində olan müxalifətin, cəmiyyətin qarşısında bu cür yıpranmış, urvatdan düşmüş hakimiyyət qətiyyən duruş gətirə bilməz.

Natiq Güləhmədoğlu

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ