SON DƏQİQƏ

PressDent.Info

Allah bizə rəhmət eləsin...

Allah bizə rəhmət eləsin...
22-12-2015, 02:12 34278 dəfə baxılıb

Bu dünyanın qəliz sualları onsuz da çoxdur. Bu azmış kimi hər cəmiyyətin də özünün spesifik qəliz sualları olur. Məsələn, bizdən soruşsalar ki, axırıncı dəfə nə vaxt qəzet oxumusunuz, çoxumuzun gözlərimizi döyməkdən savayı çarəmiz qalmayacaq. Amma bu, hələ hamısı deyil. Soruşsalar ki, sonuncu dəfə nə vaxt radio dinləmisiniz, yenə də elə həmin mənzərə olacaq, çarəsiz-çarəsiz  gözlərimizi döyəcəyik...
 
Bir qədər ötkəm olanlarımız isə deyəcək ki, əşi, indi heç qəzet, radio vaxtıdır, o qədər başqa məşğuliyyət var ki...
Bəli, biz qəzetin də, radionun da dövrünün bitdiyini düşünürük. Amma bu günlərdə Rusiyada insanlar “Exo Moskvı” radiostansiyasının baş redaktorunun 60 illiyini təbrik edərkən özümdən də asılı olmadan barmağımı dişlədim. Düşündüm ki, əcəba, hətta Rusiyada da radio dinləyiciləri var. Özü də A.Venediktovun rəhbərlik etdiyi bu radio heç əyləncəli və ya musiqili radio da deyil, əsl ictimai-siyasi radiodur...
Hələ qəzetləri demirəm... Düzdür, bu gün heç Rusiyada da qəzetlər ciddi inkişaf və tərəqqi dövrü yaşamırlar. Amma cəmi dünyada qəzetlər var, onlar alınır və diqqətlə oxunur...
Nə etmək olar? Görünür, çox “inkişaf” etmişik... Əslində isə geridə, bəli, çox cəmiyyətlərdən geridə qalmışıq...
Bu günlərdə Rusiya saytlarının birində maraqlı bir yazı oxudum. Müəllif yazır ki, Rusiya cəmiyyətinin dayağı möhkəm xorultudur. Bunu oxuyanda qəşş edib gülməsəm də, özümdən asılı olmadan bir də gördüm ki, üzümə təbəssüm qonub, necə deyərlər, dodaqlarım qaçıb...
Elə dərhal da yadıma M.Cəlilin “Ölülər”i düşdü. Orada necə deyirdi? Hə, deyilirdi ki, Allah sizə rəhmət eləsin, ölülər, necə yatmışdınızsa, elə də yatın... 
İndi bizim də bir kefli İsgəndərimiz çatışmır ki, desin: “Allah sizə rəhmət eləsin, dirilər, necə yatmısınızsa, eləcə də yatın! Bəzi jurnalistlər, QHT-çilər, daha nə bilim, siyasətçilər gəlib sizin başınızın üstünü kəsdirəcək və deyəcək ki, qalxın, ey Allahın mömin bəndələri! Onları eşitməyin, dirilər, necə yatmışdınızsa, eləcə də yatın!”...
Bəlkə də kimsə bununla razılaşmayacaq. Deyəcək ki, bu ölkədə yatan varsa və ya olubsa, o da elə sizlərsiniz, çünki hər nağıla inandınız, düz 30 il yatdınız və hələ də yatırsınız, başa düşmürsünüz ki, “gördükləriniz” adi bir röyadır...
Nə demək olar? İndi, bu yaşda mənim sevmədiyim bir şey varsa, o da mübahisədir. Bəli, mübahisə etməyi sevmirəm. Bəlkə də onlar haqlıdır. Bəlkə də onlar doğru deyir...
Əslində heç vaxt özümüzü cəmiyyətdən ayırmamışıq və “yatmışlar” deyəndə onları da, özümüzü də birlikdə nəzərdə tuturuq...
İndi telekanallara dəb düşüb. Xaricdən süjetlər verirlər, altına da yazırlar ki, şəhsiz... Amma bir detalı yaddan çıxarır və unudurlar ki, bizim özümüzün də vəziyyətimiz, durumumuz şərh-filan tələb etmir, şərhsiz də hər şey aydındır və başadüşüləndir...
Bəli, böyük dəqiqliklə demək olar ki, yaxın 15-20 ildə heç nə olmayacaq. Nəsə etmək, nəyisə dəyişmək həvəsində olan insanlar yavaş-yavaş çəkilirlər, onların əvəzinə isə yeniləri gəlmir. Bunu reallığın təhrifi kimi qəbul etməyin. Olan-qalanımız budur. 
Bir neçə il bundan bir müxalifətçi demişdi ki, indiki siyasi nəsil səhnədən çəkiləndən sonra çox böyük bir boşluq yaranacaq. O vaxt bu fikri ciddi qəbul etməmişdim, ona görə ki, indiki siyasi nəsil öz fəaliyyəti ilə məni heç vaxt qane etməyib...
İndi baxıb görürəm ki, o müxalifətçi həqiqətən də haqlı imiş - hətta müxalifət və müxalifətçilik anlayışı da müəyyən siyasi nəsillə bağlıdır. Onlardan sonra elə həqiqətən də böyük boşluq görünür... Bu adamlar da köç edəcək, sanki heç bir vaxt olmayıblarmış... 
Onlardan sonra “axırıncı dəfə” ifadəsini özündə ehtiva edən sualların sayı bir qədər də artacaq. Məsələn, insanlar soruşacaq ki, axırıncı dəfə bu ölkədə etiraz aksiyası nə vaxt olub? Və yaxud soruşacaqlar ki, axırıncı dəfə seçkiyə nə vaxt getmisən?.. 
Heç kim cavab verə bilməyəcək, çünki bunun bir cavabı olacaq: “Vallah, unutmuşam!”... Biz də onları qınamayacağıq. Bəlkə də o vaxt heç biz olmayacağıq da - illər elə sürətlə gəlib keçir ki, bu gündən sabaha  ümid və güman yeri qalmır...
Ona görə də necə yatmışdıqsa, gəlin eləcə də yataq. Allah bizə rəhmət eləsin...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ