SON DƏQİQƏ

PressDent.Info

Batan “qan pulu”

Batan “qan pulu”
21-12-2015, 15:40 28797 dəfə baxılıb

Bütün şəhər qapıları

üzünə bağlı,

indi kimsən buralarda

axı sən, Vətən?

Bir şəhid balasını da

götür yanına,

tozlu məzar yollarında

dur dilən, Vətən!..

Bu ölkədə vətənpərvər insanların hansı məhrumiyyətlər yaşadığını hamımız bilirik. Hələ hökumətin siyasi fiqur və fikir adamı olaraq qisas aldığı şəxsləri bir kənara qoyuram. Yaxın tarixdə Qarabağ qazilərinin və əlillərinin, şəhid ailələrinin başına gətirilənlər unudulmuş deyil ki. Qarabağ qazisi Zaur Həsənovun yanan üzünü,  Kür çayının üstündəki körpüdən özünü asan Cəbrayıl Həsənovun kəndirə keçmiş boğazını, küçələrdə gecələyib dünyasını dəyişən Mehman Hüseynovun faciəsini, yaşadığı evin şəraitsizliyindən şikayətləndiyi üçün həbsə atılan o biri Mehman Hüseynovun ürək parçalayan dramını unutmamışıq ki. Bu gün insanlığı utandıracaq qədər cüzi təqaüd alan vətən qazilərinin üzünə baxmağa belə utanır adam. Çevrəmizdəki adi insanların ağır durumundan heç nə ilə fərqlənmir onların həyatı. Hələ ondan da betər çətin, çarəsiz, möhtac haldadır hər birinin yaşayışı…

Xatirinzdəsə, keçən il Qarabağda şəhid olan şəxslərin ailələrinə və əlil olanlara sığorta -“qan pulu” ödənməsi haqda qərar verilmişdi.   “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla həmin sığortanın məbləği də müəyyənləşdirilmişdi. Şəhid ailələrinə 11 min manat, Qarabağ əlillərinə isə əlilik dərəcələrindən asılı olaraq həmin məbləğin 80, 60 və 40 faizi məbləğində kompensasiya ödənəcəkdi. O gün oxuyuram ki, ölkədə fəaliyyət göstərən  qazi və şəhid ailələri cəmiyyətləri bir araya gələrək, həmin “qan pulu”nu ala bilmədiklərindən şikayətləniblər. Məsələnin detallarını xırdalamağa ehtiyac yox, hər halda. Bu siyahıda adı keçən şəxslərdən bəzilərinin əlində Konstitusiya Məhkəməsinin qərarı var, bəziləri dərdini anlatmaq üçün səlahiyyət sahibləri ilə görüşüb, bəziləri hallarını millət vəkillərinə ərz edib. Amma nə fayda? Fakt odur ki, onlara vəd olunan pulun ödənməsi ilə bağlı hər hansı işıq ucu görünmür. İndi nə deyəsən? Necə anladasan ki, bu torpaq uğrunda canının bir parçasını qurban verən insanları dəyərləndirməyən hökumətdən hökumət olmaz. Necə izah edəsən ki, özünü bu ölkəyə tuşlanan güllələrin qarşısına atıb şəhid olan insanların ailəsini taleyin ümidinə buraxıb, oyuna, əyləncəyə milyonlar ayıran zehniyyətdən kimsəyə xeyir gəlməz. Necə anladacaqsan axı?  Yəni anlatmağın da bir mənası varmı ki?

Bu ölkədə bütün insanlara edilən haqsızlıqlar bir yana, şəhid və qazilərə edilənlər bir yana. Bu qədər amansız şəkildə qul haqqına girmək olmaz vallah. Yediyiniz irin-qan olub burnunuzdan tökülər… Osmanlı padşahı Sultan İkinci Muradla bağlı maraqlı bir hekayət var. Səfərlərinin birində bir yəhudi sultana yaxınlaşaraq, əsgərlərinin bağından yedikləri almalara görə haqq ödəmədiyindən şikayətlənir. Əsgərlərdən ikisi ağacdan dərdikləri almanın pulunu bağa atdığını bildirir, yəhudi təsdiq edir. Başqa iki əsgərin isə yerə düşən almaları götürdükləri üçün haqq ödəmədiyi məlum olur. Amma Sultan yəhudinin şikayəti üzərinə “nə olur olsun, qul haqqına girilməz” deyib, onun 2-3 qurdlu almaya görə istədiyi bir kisə qızılın gətirilməsi əmrini verir.

Padşahın bu mərifətini görən yəhudi qızılı almaqdan nəinki imtina edir, həm də ordaca sultanın əsgərlərinin arasına qoşulmaq istədiyini bildirir…

Sizdən kimsə bu qədər ədalətli olmağı gözləmir onsuz da. Heç olmasa, bir minnətdarlıq borcunda olduğunuz bu insanların “qan pulu”nu verin…

Səadət Cahangir

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ