SON DƏQİQƏ

PressDent.Info

Sanksiya qərarı çoxdan verilib

Sanksiya qərarı çoxdan verilib
18-12-2015, 13:51 21315 dəfə baxılıb

#fuadinevezinden

Öz həmvətənlərinə qarşı repressiyalarda iştirak etmiş Azərbaycan məmurlarına sanksiyalar tətbiq etməklə bağlı xəbərlər yenidən gündəmdədir. Məmurların ailə üzvlərinə də aid olacaq sanksiyalar rəsmi sənədə çevrilməkdədir. Özləri də, balaları da damğalı olacaq. ABŞ Helsinki Komissiyasının sədri Chris Smith artıq “Qanunun Aliliyi və Insan Haqları naminə Azərbaycan Demokratiya aktını” (Azerbaican DemocracyÿAct of 2015) artıq təqdim edib və bu barədə bəyanat yayıb.

Bu, Azərbaycana qarşı sanksiya deyil, yalnız yüksək vəzifəlilərə qarşı yönəlib. Ölkədə məmur özbaşınalığından cana doymuş xalqa onu “Azərbaycana qarşı qərəzli” sənəd kimi təqdim etmək mümkün olmayacaq. Saxta hüquq müdafiəçiləri isə “Ermənistana bu cür yanaşma niyə yoxdur?” deyə həşir qopara bilməyəcəklər, ya da onların bu cəhdləri çox mənasız olacaq, çünki Ermənistan məmurlarına qarşı da sanksiyalar gündəmdədir.

Bir tərəfdən də Avropa Şurası baş katibiÿ Thorborn Yagland Azərbaycanın Avropa Insan Haqları Konvensiyasını necə yerinə yetirməsi yönündə araşdırmaya başlaması ilə bağlı qərarını açıqlayıb. Bundan qabaq Avropa Birliyi parlamentinin olduqca sərt qətnaməsi qəbul edilib, burada hətta Ilham Əliyev və ailə üzvlərinin korrupsiya izləri barədə araşdırılma aparılmasının vacibliyi qeyd olunub.

Bir-birinin ardınca gələn sərt qərarlar dünyanın repressiv YAP hakimiyyətinə güzəştsiz münasibətinin formalaşmasına gətirib çıxarır. Geci-tezi ola bilər, amma çox sərt münasibətləri, sanksiya, qərar və hesabatları ifadə edən sənədlərə həyat verilməsi qaçılmazdır.

Çünki gerçək qərarı Tarix verib. Əsl sanksiya Tarixə məxsusdur. Dünyada baş verənlərə baxın, Ukrayna hadisələri, Rusiya ilə mütərəqqi dünyanın üz-üzə gəlməsi, neftin gəlirlərinin kəllə-mayallaq olması göstərdi ki, Putinin dəstəyinə arxalanıb köhnə dünyanın nişanəsi kimi qalmağa imkan yoxdur. Amma buna baxmayaraq, bizim nimdaş hakimiyyət zora arxalanıb repressiyaların güclənməsinə, azadlıqların daha da azaldılmasına, azadlıq istəyənlərin sıradan bir olay kimi həbs edilməsinə rəvac verdi. Ölkə daxilində bu olayların gərginliyini yaşayanlardan kiməsə elə gəlirdi ki, artıq hər şey bitdi, dəyişiklik üçün imkanlar tükəndi, Azərbaycan hakimiyyəti tarixin qərarına qarşı hazırlıq gördü. Amma yeni həbslər dalğası başlayıb vətəndaş cəmiyyətini dağıdanda hakimiyyətdəkilər anlamırdılar ki, özlərinə daha dərin çıxılmazlığa salırlar. Bundan sonra təkcə tarixin sanksiyasına düşmürsən, hökumət və beynəlxalq qurumlar da sənə sanksiya verməyə bilmirlər. Hamı vaxtında səninlə öz münasibətini yeniləyir ki, sabah sərt sorğu ilə üz-üzə qalmasın.

Hər şeyi oğurladıqları sərvətlərin məmnunluğu ilə və polis dəyənəyinin zərbəsinə arxayınlıqla ölçən YAP-çı təfəkkürü anlamaq istəmir ki, tarixin gəlişini saxlamaq mümkün deyil. Axı gördünüz ki, heç manatın düşməsinin qarşını ala bilmədiniz. Ölkədə böhran dilinizi lal etmişdir artıq. Bahalı neft pullarına qürrələnib təntənə havasına girməyiniz keçmişə dönüb, bəlkə heç olmasa indi bir az keçmişə qayıdıb, “kimi gəldi həbs etmək” qərarını verənlərə sorğu edəsiniz. Sizi bir az da çətinə salanları, həbsləri ciddi başağrısına çevirənləri. “Qaş düzəldirik” deyib, göz çıxardanları. Bu qərar tək xalqa qarşı deyildi, həm də repressiv hakimiyyətin özünü repressiya şokuna salmaq idi. Üstünə də böhran şoku və gerçək xalq sorğuları gəlir. “Yumurtlamadınız, bəs fal hanı?” kimi suallar! Yaxşı, analoqu olmayan inkişaf yoxdur, bəs neft pulları necə oldu?

Yəni unutmayın ki, sanksiya qərarı çoxdan verilib – Tarix tərəfindən. Nə tökmüsünüz aşınıza, qaşığınıza da onlar çıxır!

Şahvələd Çobanoğlu

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ