SON DƏQİQƏ

PressDent.Info

Xoşbəxt olmaq istəyiriksə...

Xoşbəxt olmaq istəyiriksə...
4-12-2015, 12:08 23316 dəfə baxılıb

Rusların məşhur satirik personajı K.Prutkov xoşbəxtlik məsələsini olduqca sadə həll etmişdi. Deyirdi ki, əgər xoşbəxt olmaq istəyirsənsə, onda vaxt itirmə tez ol...
 
Bəli, onun dilində hər şey sadə idi - xoşbəxtliyi sadəcə, istəmək yetərdi... İndi bizim xoşbəxt cəmiyyət olmaq, layiq cəmiyyət olmaq çabalarımızı da seyr edən hər kəs deyərdi ki, niyə özünüzə əzab verirsiniz, xoşbəxt cəmiyyət olmaq istəyirsinizsə, olun...
Fəqət, bu xoşbəxtliyi açıqlamaq məqamı yetişəndə hərə üzünü bir tərəfə tutur. Bəzisi hətta “Kim deyir ki, biz xoşbəxt deyilik?” söyləyir...
Xoşbəxt cəmiyyəti necə təsəvvür edirəm? Ətraflı sadalasam çox yer alar. 
Bəli, mən başa düşürəm, bütün müqayisələr əslində qüsurludur. İndi deyəcəyim məsələ də bir az nisbi, hətta qeyri-ciddi də görünə bilər. Amma nə etmək olar? Mən də xoşbəxtliyi belə başa düşürəm! Buna görə durub məni qınamayacaqsınız ki?!.
Bəli, o gün baxırdım, türkiyəli jurnalistlər baş nazir Ə.Davudoğlundan müsahibə götürürdülər. Yenə də qayıdacaqsınız ki, burada nə var ki? Məsələ bundadır ki, bizim birincilər kateqorik olaraq yerli media strukturlarına müsahibə vermirlər. Əvəzində ən ölüvay, ən geridə qalmış xarici media strukturlarına böyük həvəslə və hətta deyərdik ki, sevinclə müsahibə verirlər...
Xarici media strukturuna müsahibə verəndə sən daha çox dövlətin və ölkənin adından danışırsan, dövləti və ölkəni təmsil edirsən. Amma gəl, yerli mediaya sən bir hökumət və hakimiyyət təmsilçisi kimi müsahibə verirsən...
Türkiyədə sonuncunu - yerli mediaya müsahibə verməyi böyük həvəslə edirlər. Niyə? Səbəbi sadədir. Yerli media seçicilərə çıxış deməkdir. Sabah bu müsahibəni dinləyən və ya oxuyan adamlar hökumət və onun işi haqqında müəyyən təsəvvür əldə edəcək və qənaətə gələcəklər...
Bizdə dedik ki, yerli strukturlara müsahibə vermirlər. Ona görə ki, bizim hakimiyyət ictimai rəydən asılı deyil, onu seçicilər formalaşdırmır, ona görə də ictimaiyyətin onun haqqında nə düşünməsi hakimiyyəti heç narahat etmir...
Əgər bizdə də Türkiyədəki kimi seçkilər olsaydı onda bizim hakimiyyət də cəmiyyətə hər bir çıxışın üstündə əsərdi, fürsəti əldən verməzdi...
 
Ona görə də bilmirəm kədərlənim, yoxsa yenə də ironiya edim? Ona görə “ironiya” sözünü işlədirəm ki, bizimkilər on illərlə siyasətdə olsalar da yenə də müsahibə vermək və seçib-seçilmək nə olduğunu bilmədilər...
Elə bu səbəbdən də hətta Türkiyə cəmiyyəti mənə olduqca xoşbəxt görünür. 
Hətta düşünürəm ki, bu xoşbəxtliyin üstündə əsmək lazımdır. Qorxuram ki, bu ölkə də siyasi sistemini dəyişəndən, prezident üsul-idarəsinə keçəndən sonra demokratiyadan uzaqlaşar, çünki prezident respublikaları bir qədər avtoritarlığa meyl edirlər. Nə etmək olar? Ümid edək ki, Türkiyə bu aqibətdən qaça biləcək...
Gələk özümüzə... Bəlkə kimsə deyəcək ki, xoşbəxtlik üçün buna nə az şey lazımdır!?.. Bəli, mənə çox şey lazım deyil. Düşünürəm ki, biz düşüncə vektorunu dəyişsək, güclü lider çabalarından güclü cəmiyyət arzusuna yönələ bilsək, hər şey yaxşı olar...
Bu gün baş verənlər həm də onun nəticəsidir ki, biz daim güclü lider arzulayırdıq. Müəyyən mənada bu arzuya çatdıq. Amma o vaxt heç ağlımıza da gəlməzədi ki, həmin güclü liderin güclü əli bizim başımıza da dəyə bilər...
Bəli, bunu fikirləşməmişdik. Amma oldu. İndi başa düşənlər və baş verənlərin fərqində olanlar daha güclü lider demir, güclü cəmiyyət deyir...
Amma qorxuram ki, bunun da ziyanı olsun. Sadəcə, başa düşmək lazımdır ki, güclü cəmiyyət heç də güclü kütlə, güclü toplum deyil, o, güclü fərdlərdən təşkil olunmuş böyük bir sosial qrupdur. Bəlkə də sonuncu bir qədər aydın və dəqiq təsəvvür olunmayacaq. Ona görə də deyiblər ki, demokratiya azad və savadlı cəmiyyətin hakimiyyətidir. Əgər azadlıq və savad yoxdursa, onda tez bir zamanda avtoritarizmin girdabına yuvarlanacağıq...
Elə bu səbəbdən sonda etiraf etməyə məcbursan ki, ən azı cəmiyyətin xoşbəxtlik formulu K.Prutkovun təsəvvür etdiyi qədər də sadə deyil. Əgər tək mən azadlıq istəyirəmsə, amma başqaları bunu istəmirsə, nə qədər əlləşirsənsə əlləş, xeyri yoxdur, biz azad olmayacağıq. Ona görə də badələri qaldıranda həmişə “Bizim və sizin azadlığınızın şərəfinə!” demək lazımdır...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ