SON DƏQİQƏ

PressDent.Info

Xaricdən gələn inqilab və komandanın xəyanəti

Xaricdən gələn inqilab və komandanın xəyanəti
30-11-2015, 09:49 16182 dəfə baxılıb

Böhran dərinləşir. İstər beynəlxalq iqtisadi böhranın ölkəmizə labüd təsiri, istərsə də hakimiyyət böhranı yeni problemlər yaradır. Baş verənlər daha bir problemi üzə çıxartdı. Ölkənin təhlükəsizlik sistemi bərbad vəziyyətdədir. Azərbaycan kiçik ölkədir. Təhlükəsizlik məsələlərində isə problemlər kifayət qədər çoxdur. 
 
Son günlər baş verənlər isə ölkə ətrafında halqanın daraldığını deməyə əsas verir. Bu ölkədə sabitliyi göyə sovurmaq supergüclər üçün elə də çətin deyil. Milli təhlükəsizlik, rabitə üzərində bəlli qrupun nəzarəti, diplomat qiyamları Azərbaycanda “xaricdən gələcək inqilab” effekti yaradır. Maliyyə, rabitə, güc nazirliklərinin bir qisminə nəzarət edən məlum hakimiyyətdaxili qrup Xarici İşlər Nazirliyində də söz sahibinə çevrilmişdi. Bunlar isə XİN rəhbəri  Elmar Məmmədyarovun da karyera perspektivini qeyri-müəyyən edir. 
Baş verənlər fonunda Rusiya və Qərbin maraqlarının toqquşması da açıq-aydın sezilirdi. Lakin ölkə rəhbəri son addımları ilə qüvvələr balansını öz xeyrinə dəyişə bildi. Kənardan görünən budur ki, bəlli qrupun ciddi müqavimət göstərməyə artıq taqəti yoxdur. Lakin bu, aldadıcı görünüş də ola bilər. 
 
Digər tərəfdən, xarici qüvvələr Azərbaycan siyasi istebleşmentini qarşılıqlı savaşlara sürükləməyi, ölkə siyasi elitasını gərginlik içində keçirməyə vadar etməyi, hakim komandanı seytnota salmağı planlaşdırmışdı. Görünən budur ki, əsas hədəf kimi elə ölkə başçısının özü seçilmişdi. Bu baxımdan, dövlət başçısının atdığı addımları anlamaq mümkündür. 
Bütün bunlara baxmayaraq, hakim komandada qiyam əhval-ruhiyyəsi sezilməkdədir və bu gün “vurulanlar” bu oyunda heç də əsas sima deyil. Hakimiyyət mərkəzdənqaçma tendensiyaları yaşadığı bir zamanda xarici qüvvələr də öz maraqlarını təmin etməyə çalışırlar. Kənardan görünən budur ki, vəzifəsindən uzaqlaşdırılanların yerinə Kremli sevən simaların gətirilməsi planı mövcuddur. Bu isə əlavə gərginlik yaradır. 
 
Bütün baş verənlər fonunda hakimiyyətin müxalifətə münasibətinin dəyişdiyini də söyləmək imkansızdır. Belə ki, iqtidar sərt idarəçiliyi davam etdirir. Ehtimal etmək olar ki, bundan sonra da hakimiyyət “vintləri sıxmaq”da israrlı olacaq. Siyasi məhbusların azad olunması günbəgün artan sosial narazılıqlar fonunda protest elektoratına əlavə impuls verə bilər. Odur ki, iqtidar buna getmək istəmir. 
İstisna deyil ki, kimlərsə, məsələn, Tofiq Yaqublu, İlqar Məmmədov və bir neçə gənc fəal azad edilsin. Lakin bütünlükdə siyasi məhbusların azad olunacağı az ehtimal olunur. Hakimiyyət, o cümlədən də cəmiyyət üçün siyasi məhbus problemi önəm daşımır.  İqtidar özünə arxayındır. Lakin qiymət artımı ciddi problemlər yarada və iqtidarda mərkəzdənqaçma tendensiyalarını gücləndirə bilər. Məsələ ondadır ki, ölkə böhrana girir. Bu böhranın sonu hər kəs üçün acınacaqlı ola bilər. Başlıca problem ondadır ki, cəmiyyət bu məsələlərə nəinki biganədir, onun sadəcə olaraq, bu barədə bilgisi yoxdur. Baş verənlər barədə geniş ictimaiyyətin məlumatsızlığı ciddi boşluq yaradır.
Belə bir boşluğun yaradıldığı şəraitdə, müxalif düşərgənin zəiflədilməsi, vətəndaş cəmiyyətinin sıradan çıxarılması fonunda radikal cərəyanlar meydana çıxa və yoxsullaşmış, narazı əhali arasında daha ciddi dayaqlar əldə edə bilərlər. Hər bir ölkə vətəndaş cəmiyyətinin güclü olması ilə demokratik inkişafa nail ola bilir. Odur ki, iqtidarın demokratik qüvvələrlə dialoqa başlamaq barədə düşünməsi lazım gəlir...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ