SON DƏQİQƏ

PressDent.Info

Cəsur ürək

Cəsur ürək
25-11-2015, 12:41 26013 dəfə baxılıb

Hər kəsin öz davası var. Kimi bəxti ilə, kimi dünya ilə, kimi qonşusu ilə, kimi özü ilə davalı. Amma bu davalı dünyanın içində qumaşı bambaşqa olan adamlar var ki, onların davası tam fərqlidir. Müqəddəs davadır onlarınkı, məşəqqətli, vazkeçilməz davadır. Özlərinin sayı az, davaları böyükdür. Bəzən bir ömrə sığmayan, qurbanları bitməyən davadır. Yalnız cəsur ürəklərin, dəli sevdaların, haqqın yükünü çiyninə heybə etmişlərin davasıdır o. Zalımla, zülmlə, nahaqla, yalan-yamaqla barışmayan, sona qədər aslan kimi savaşan və son nəfəsini də meydanda təslim edənlərin davasıdır. Şəxsi istək və arzularını ertələmiş, özündən keçmiş, başını böyük bir ideal yoluna qoymuşların davasıdır. Bəzən bir toplumun azadlıq arzuları uğrunda çarpışarkən həyatın nə zaman tamamlandığının belə fərqində olmaz bu insanlar. Özlərinə, öz ertələnmiş xəyallarına sıra gəlmədən ömür anidən bitər bir yerdə…

Bu ölkənin qosqoca dava adamı Həsən bəy də belə anidən ayrıldı aramızdan. Yalnız bunca doğma birinin gedişi belə dərin uçurum aça bilər insanın içində. Yalnız bunca yaxın birinin yoxluğu belə boşluq burulğanına yuvarlada bilər insanı. Yalnız bunca əziz birinin yanından əskilən kölgəsi belə üşüdə bilər insanın ürəyini. Bu uzun illərin qasırğalarına sınmadan dayanan qosqoca bir çinar idi o. Dopdolu kölgəsi ilə başqalarına qanad açan, öz nəfəsi yanarkən, ürəyi sıxılarkən sərinliyi ilə başqalarına nəfəs verən bir çinar. Dərinlərə kök atmış, tarixləşmiş, vətənləşmiş bir çinar. 2005-ci il seçkiləri ərəfəsində haqqında bir yazı yazmışdım -“Vətənpərvər” adlı. Həqiqi mənada Həsən bəyin həmin eyni adlı filmin qəhrəmanı ilə çox yaxınlığı vardı. O yazını yazdığım zaman hələ özü qədər vətənsevər övladları yanındaydı. O vaxt kimin ağlına gələrdi bu iki dəliqanlı gəncin iyirmi günün içində ard-arda müəmmalı bir ölümə qurban gedəcəyini? Həsən bəyin taleyinin həmin filmin qəhrəmanı ilə bütünləşəcəyini? O dövrün qan su yerinə axan mitinqlərində bərabər görürdüm hər dəfə onları. Birini bu gün olmuş kimi xatırlayıram. Səməd Vurğun bağı tərəfdə polislər qəddarlıqla döydülər Həsən bəyi, yerə yıxıldı, halı pisləşdi. Yollar bağlı, taksi filan yox. Atasının başının üstündə dayanıb təlaşla yardım etməyə çalışan Rəşadın üzü gözlərimin önündə … Bu on illər boyunca böyük bir davanın ortasında yaşadığımız o qədər belə xatirələr var ki…Acısı acı, şirini şirin, yanğısı yanğı, göynəyi göynək…

Və bir də… Hamı bir-birindən xəbərsiz yaşayır bu şəhərdə. Hər gün eyni pilləkənləri enib-qalxan, eyni yolu ölçən, mənzilləri belə eyni divarları paylaşan insanlar xəbərsizdi bir-birindən. Kimsənin ahı kimsəyə yetməz, yarası kimsəni ağrıtmaz, kədəri kimsənin içinə toxunmaz. Bir divar ayırır hamını bu şəhərdə. Yorğun gözlərin dikildiyi, acıların hopduğu, yaşananların qürub rəsmləri kimi asıldığı bir divar. İnsanların yalnızlığına o divar şahiddir təkcə. Təkcə o divar bilər insanın hər axşam səssizcə evin bir küncünə çöküb gözüqapalı şəkildə vərəqlədiyi günlüyün içindəkiləri…Və bu şəhərdə hər gün bir qadın o haqq davasında şəhid olan eyni soyadlı üç qəhrəmanının xatirələrini yazır. Acılı ürəyinin üstünəmi yazır, kədərli gözlərinin səssizliyinəmi yazır, göz yaşları çilənmiş divarlarınamı yazır, bilmirəm. Amma bəzən ağladan, bəzən gülümsədən, bəzən yaxıb-yandıran o xatirələrin mənzil boyunca səpələndiyini dəqiq bilirəm. O güclü, yenilməz, böyük davanın davamçısı olan qadını yaxşı tanıyıram çünki. Onun bu dərdə də əyilməyəcəyini, içindəki kədərin ağırlığını belə üstünə götürərək yola davam edəcəyini bilirəm. Yenilməyə haqqı yoxdur çünki. İllərdir yürüdülən davanın xoşbəxt sonluğunu görmədən kənara çəkilməyə haqqı yoxdur. Ruhların qovuşduğu yerə gülümsəmədən getməyə də…

P.S. Bilirsiniz, “Vətənpərvər”ə bənzər, baş rolunu yenə də Mel Qibsonun oynadığı bir “Cəsur ürək” filmi də var. İnanıram ki, bu ölkədə də gözəl tarixi filmlərin çəkildiyi vaxt gələcək. O zaman qəhrəman obrazı olaraq tarixin canlı əfsanəsi Həsən Kərimovu seçin. Bu qədər paramparça, ağrılı, yanan ürəyi ilə azadlıq uğrunda hər kəsdən daha cəsur vuruşan bir qəhrəmanı haradan tapacaqsınız ki?

Səadət Cahangir

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ