SON DƏQİQƏ

PressDent.Info

İqtidar üçün təhlükəsizlik zolağı

İqtidar üçün təhlükəsizlik zolağı
16-11-2015, 10:40 14703 dəfə baxılıb

Hakimiyyət dəhlizlərində sanki bir təlatüm yaşanmaqdadır. Qalmaqallı həbslər, kadr dəyişiklikləri kənar baxışla baxdıqda bir təlaş təsəvvürü yaradır. Komanda daxilində baş verənlər idarəçiliyin nöqsanlarını üzə çıxarır. Bu mərhələdə diplomatik cəbhədə parlaq bir qələbə diqqətin hakimiyyətdaxili problemlərdən yayınmasına səbəb ola bilərdi. Lakin bu müstəvidə də müsbət irəliləyiş mövcud deyil.
 
Məsələ ondadır ki, son illərdə rəsmi Bakı xarici siyasətdə heç bir irimiqyaslı qələbə əldə edə bilməyib. Qarabağ münaqişəsinin nizamlanmasında bircə addım da irəliləyiş olmayıb. Hakimiyyət son 20 ildə ilk dəfədir ki, bu miqyasda xarici təzyiqlərlə üzləşib.
Hakimiyyətin küncə sıxıldığını və zəiflədildiyini öncəki məqalələrimizdə də vurğulamışıq. Lakin proseslərin soyuqqanlı təhlili onu deməyə əsas verir ki, Azərbaycanda dövlət çevrilişi etmək istəyən dövlət yoxdur, hətta rəsmi Bakını ən çox təhdid edən Kreml də bu mərhələdə hakimiyyəti devirməyə yox, laxlatmağa və növbəti dövrdə tam ssenarisini həyata keçirməyə çalışır.
Belə olan halda hakimiyyətin dövlət çevrilişləri cəhdlərindən danışması, ehtiyat etdiyini, xarici qüvvələr tərəfindən əzildiyini bəyan etməsi nə ilə bağlıdır?
Öncələr də yazmışıq ki, hakimiyyət sərt idarəçiliyə haqq qazandırmaq, yeni həbslər dalğasına başlamaq, bəzi məmurların dövlət çevrilişi cəhdində bulunduğunu iddia edib təqiblərin miqyasını artırmağa nail olmaq üçün ictimai rəydə özünün “əzabkeş” surətini yaratmaq istəyir. Bu barədə deyilənlərdə həqiqət payı heç də az deyil. Lakin iqtidar belə jestlərlər özü üçün təhlükəsizlik zolağa yaratmaq niyyətini gizlətmir də. Lakin burada daha bir incə məqam var. Artıq hakimiyyət əvvəlki qədər monolit deyil. Eyni zamanda Qərbin və Rusiyanın emissarları iqtidarda kifayət qədərdir. Bu maraq qrupları bir-birinə qarşı savaş açıb. Bir sözlə, hakimiyyət daxilində olan Rusiyapərəst qruplaşma ilə şərti olaraq qərbçi adlandırıla biləcək məmurlar bu savaşı daha da dərinləşdirir.
Məmurlar ordusu öz oyunlarını oynamağa başlayıb və bu da hakimiyyət eşelonunda mərkəzdənqaçma tendensiyalarının güclənməsinin xəbərçisidir. Növbəti mərhələlərdə, məsələn, 2018-ci il prezident seçkiləri ərəfəsində bu qruplaşmaların rəhbərlərinin harada olacağı böyük sual doğurur.
Beynəlxalq güclər Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyirmi? Bu suala birmənalı cavab tapmaq çətin olsa da “bəli” təsdiqi daha məqbul sayıla bilər. Lakin bunu nə zaman etmək istəyirlər? Əsas sual budur. Bir daha deyək ki, cərəyan edən və gələcəkdə baş verəcək proseslərin məntiqi sonluğu cəmiyyətin müqavimət gücündən və lazımı zamanda qəbul edəcəkləri qərarların effektliliyindən asılı olacaq.
Azərbaycanda inqilabçı lider və birləşdirici liderlərin hər birinin öz mərhələsi var. Bu mərhələlər uğurla bir-birini əvəzləyərsə, 2018-ci  ildə və ya o vaxta qədər Azərbaycan tamamilə dəyişə bilər.
Cəmiyyətin müqaviməti yetərincə olsa və birlik nümayiş etdirə bilsə, seçkilərdə və yaxud seçkidən dərhal sonra dinc hakimiyyət dəyişikliyinə nail olmaq mümkündür.
 
Artıq indidən ehtimal edə bilərik ki, proses 2016-cı ildə daha fəal mərhələyə qədəm basa bilər. Ümumilikdə isə Azərbaycanda yeni sistemin formalaşdırılması prosesinə 2018-ci ildə başlana bilər.
Nə qədər banal səslənsə də xalq amili siyasi dairələr üçün əsas qüvvə olmayacaqsa, nəyisə dəyişmək mümkün görünmür. İstənilən halda 2018-ci il seçkiləri iqtidar üçün ağır ola bilər və beynəlxalq təzyiqləri də nəzərə alsaq, ehtimal edə bilərik ki, hakimiyyət daha da zəifləyə bilər. Zəif iqtidara isə şərtlərini qəbul elətdirmək beynəlxalq güclərə xeyli dərəcədə asandır. Bəlkə də bu gün ölkədə baş verənlər elə bu məqsədə xidmət edir...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ