SON DƏQİQƏ

PressDent.Info

“Yox!” demə, amma “hə!” deməyə də tələsmə...

“Yox!” demə, amma “hə!” deməyə də tələsmə...
15-11-2015, 17:36 25143 dəfə baxılıb

Siyasətdə bir şeyi təkrar-təkrar deyirlərsə ya hansısa konkret ünvana ismarışlar göndərmək istəyirlər, ya da ki, yerli ictimai rəyi nəyəsə hazırlayırlar və yaxud da ki, ictimai rəyin bir növ yoxlanması ilə məşğul olurlar. 
Bu mənada Qarabağ problemi xüsusilə maraq kəsb edir. Amma maraqlısı budur ki, problemin bilavasitə özü ilə bağlı heç bir söz deyilmir. Halbuki hamı üçün maraqlıdır ki, hökumət nə vaxta qədər Qarabağ probleminin həlli  haqqında yalnız gələcək zamanlarda danışacaq? Bu zamanı yaxınlaşdırmağın vaxtı deyilmi?.. 
İndi diqqət çəkən odur ki, Qarabağ problemi ya münaqişə bölgələrində yerləşdirilməsi nə vaxtsa mümkün olan sülhməramlılar, ya da ki, Azərbaycanın Avrasiya İttifaqına inteqrasiyaı konteksində yada düşür. Bəlkə də bu da təsadüfi deyil. Sülhməramlılar məsələsi Moskva tərəfindən gündəmə gətirilir, elə Avrasiya İttifaqı da bilavasitə onun maraqları çərçivəsindədir.
Sonuncu məsələ ilə - Avrasiya İttifaqı ilə bağlı Azərbaycanın birinci diplomatı  “Heç vaxt “Heç vaxt!” demə!” deyəndən sonra digərlərinin də bu mövzu ilə bağlı dumanlı bəyanatlar verməsi bir növ adi hal şəklini aldı. Hər dəfə Qarabağ problemindən söz düşəndə rəsmi Bakı təmsilçiləri “Bu məsələyə də baxıla bilər” kimi vədlər verməyə və yaxud da ki, “konstruktiv” çağırışlar səsləndirməyə başladılar. Amma Bakı həddindən ziyadə “konstruktivlik” nümayiş etdirir, hətta diplomatiyadan uzaq adama da aydın olur ki, o, Qarabağ problemini ölkənin Avrasiya İttifaqına qoşulması ilə bağlamağa hazırdır. Hər halda, bəyanatlarda bu istək çox qabarıq görünür...
Bizim də mütəmadi olaraq bu mövzuya müraciət etməyimiz heç də mövzu qıtlığı ilə bağlı deyil, yazmaq və təhlil etmək üçün kifayət qədər məsələ var və  bu mövzuya müraciət etməyimizin səbəbini də elə buradaca açıqlayacağıq. 
Azərbaycanın MDB ölkələrilə ticarət dövriyyəsi maksimum 12-15 faiz təşkil edir. Avrsiya İttifaqına qoşulandan sonra da bu ədəd hiss olunacaq dərəcədə artmayacaq. Ölkənin əsas xarici ticarət partnyorları Avropa ölkələridir. Ona görə ki, Azərbaycan daha çox neft və qaz ixrac edir, bunun da alıcıları Avropa ölkələridir. 
Bu, təkcə Azərbaycan üçün xarakterik deyil. Məsələn, bu yaxınlarda Avrasiya İttifaqının qurucularından biri olan Nursultan Nazarbayev də Avropa ölkələrinə səfərə çıxmışdı. Məqsədi də Qazaxıstana investiya cəlb etmək idi. Qazaxıstan lideri buna qismən nail oldu, onun ölkəsinə təxminən 6-10 milyard dollar tərtibində investiya yönəltmək niyyət edildi. 
Amma əsas bu, deyil, odur ki, Qazaxıstan Avrsiya İttifaqını təbliğ-təşviq etməklə yanaşı alternativ imkanları da untmur. Bir-iki ay bundan əvvəl bu ölkə Dünya Ticarət Təşkilatının da üzvü oldu. Azərbaycan isə həmin məsələni illərdir ki, yubadır. Hətta bu fakt da nəzərə alınmır ki, Rusiya özü də daxil olmaqla bir neçə MDB ölkəsi çoxdandır ki, həmin təşkilatın üzvüdür. Hiss olunur ki, hökumətimiz gömrük-ticarət sisteminin liberallaşmasında maraqlı deyil. Halbuki bu sistem ölkədəki qiymətlərin formalaşmasında müstəsna rol oynayır...
Qərəz, demək olar ki, Azərbaycanın geosiyasi və geoiqtisadi resursları potensial sövdələşmə predmeti kimi gələcək üçün saxlanılır. Amma o biri dövlətlər, hətta Avrsiya İttifaqına üzv olanlar belə, bir an daynamırlar. Böyük ehtimalla onlar bilirlər ki, Avrasiya İttifaqı da elə MDB kimi perspektivsiz bir təşkilatdır. Ona görə də hamı eyni zamanda, necə deyərlər, “bir neçə qapıya oynayır”...
Demirik ki, Avrasiya İttifaqının alternativi – AB-nin assosiasiya sazişi daha çox şey vəd edir. Təbii ki, AB daxilindəki ziddiyyətlər fonunda bu da bir elə də perspektiv vəd etmir. Amma bu, dinamik sistemdir. Onun inkişafı nəzərdə tutulur. Avrasiya İttifaqı isə V.Putinin geosiyasi xülyalarından və onun “SSRİ yuxuları”ndan doğmuş bir şeydir...
Qayıdaq Qarabağ probleminə. Azərbaycan MDB-yə üzv olanda da bu prosesin iştirakçıları olan adamların dediyinə görə Qarabağın müqabilində çox şey təklif edilmişdi. O vaxt Rusiya razı olmamışdı. Bəli, demək olar ki, indi tamam başqa hakimiyyətdir və o, Azərbaycanın Avrasiya İttifaqı üçün önəmini daha yaxşı dərk edir. Olsun. Amma bizə elə gəlir ki, Rusiya bu dəfə də Ermənistan üçün çalışır, çünki bu ölkənin Birliyə coğrafi inteqrasiyası qəti şəkildə Azərbaycansız və Gürcüstansız mümkün deyil...
Lap tutaq ki, bir neçə kənar rayon azad edildi və Rusiyanın sülhməramlıları (halbuki 
Budapeşt sammitinə görə sülhməramlılar beynəlxalq tərkibli olmalı idilər) Dağlıq Qarabağla Azərbaycan arasında yerləşdi. Sonra nə olacaq? Bunu problemin həlli hesab etmək mümkündürmü? Gürcüstandakı münaqişə ocaqlarında çoxdan Rusiya sülhməramlıları var. Nəsə dəyişibmi?.. 
Bəli, dəyişən yalnız Osetiya və Abxaziya ilə Gürcüstan arasındakı sərhədlərdir, Rusiya kontingenti daim bu “sərhəd”ləri Gürcüstanın içərilərinə doğru çəkməyə və bununla da Bakı-Supsa marşrutunun bir hissəsini öz nəzarətinə götürməyə çalışır...
Növbəti ildən ATƏT-ə Almaniya sədrlik etməyə başlayacaq. Düzdür, həm bu vaxta qədər dəyişən ATƏT sədrlərinin tamam faydasızlığı, həm rəsmi Bakının Avropa ilə soyumuş münasibətləri, həm də Avropanın böyük qaçqın problemi ilə üz-üzə qalması bu xəbərdə də real ümidlər aramağa imkan vermir. Bunları da etiraf etmək zorundayıq. Amma bir az da gözləyək, məsəl var, deyirlər ki, il ildən fərqli olur...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ