SON DƏQİQƏ

PressDent.Info

Bizi güclü edən “A”, “X”, “C”, “P” hərfləri deyil

Bizi güclü edən “A”, “X”, “C”, “P” hərfləri deyil
16-11-2015, 10:24 33234 dəfə baxılıb

AXCP-nin ürəyi, hökumətin nişan aldığı nahiyədə yerləşmir

İlham Hüseyn

Haqlı bir savaşın içində yer almaq böyük xoşbəxtlikdi. Amma uğrunda savaşacağın dəyərlər yoxdursa, bundan böyük bədbəxtlik də yoxdur. Azad, demokratik, hüquqi bir dövlətdə yaşamaq hər bir insanın arzusudur. Amma arzular ürəkdə gizlətməklə reallaşmır. Əksinə, arzuları reallaşdırmaq üçün savaşmaq lazımdı. Əgər bu arzu hamının marağını təmin edirsə, ölkəni işıqlı gələcəyə aparırsa, deməli müqəddəs arzudur. Müqəddəs arzularla yola çıxanların, şeytanla rastlaşması isə təbiidir. Çünki, şeytanların arzusu müqəddəs arzuları çirkləndirməkdən ibarətdir.

Bu gün yaşadığımız ölkədə də ağ-qara mənzərə hökm sürür.  Günahsız insanların həbsi, ölkə sərvətlərinin talan edilməsi, qanunların ayaq altına atılması, vətəndaşın ehtiyac içində yaşaması göz önündədir. Amma sərt avtoritar rejimə etiraz edən, kölə olmaq istəməyən, zalımın üzərinə yeriyən adamlar hələ də var və şeytan hamının arzularını oğurlamağa nail olmayıb.

Yəqin ki, əksəriyyət cəbhəçilərin həyat yolundan xəbərdardı.  AXCP uzun illərdi təqiblərin, təzyiqlərin, ağır məhrumiyyətlərin sınağından çıxaraq addımlayır. Qaranlıq labirintlər, hər tində qurulmuş tələlər, cəbhəçilərin missiyasını durdurmayıb. Bu gün AXCP-nin 7 üzvü zindan həyatı yaşayır və heç kim mübarizə yükünü çiynindən yerə qoymaq fikrində deyil.

Demək istəyirik ki, AXCP möhür gəzdirməklə formalaşmayıb, mübarizənin möhürünü vura-vura güclü təşkilata çevrilib. Indi bütün “əməliyyat planları” uğursuzluqla nəticələnmiş hökumət, hüquqi yolla AXCP-yə əngəl törətmək istəyir. Bəli, rinqdə rəqibi “nokaut”a sala bilməyiblər, indi “silah”a əl atıblar. Düşünürlər ki, yumruqları ilə savaşan adamı güllə ilə vurub, qələbəni legitimləşdirmək olar.

Illərin sınağından keçmiş bir partiyanı, hökumətin “sınaq aləti”nə çevrilmiş “partiya” ilə əvəzləmək istəyirlər. Təbii ki, bizim əsl AXCP olduğumuzu sübut etmək fikrimiz yoxdur. Yəni, kiməsə “AXCP mənəm” deyib inandırmaq ehtiyacı duymuruq. Bu təxminən “mən atamın oğluyam” deməyə bənzəyir.  Deməli, hökumətin bugünə qədər olan planları kimi, bu planı da məğlubiyyətlə nəticələnəcək.

Qərargahsızlıq, pasportsuzluq, pulsuzluq, üzvlərin həbs olunması partiyaya başaşağılığı yox, başucalığı gətirdi.  AXCP sübut etdi ki, əliyalın da mübarizə aparmaq və məğlub olmamaq mümkündür.

Bu illər ərzində AXCP ən ağlagəlməz şər-böhtanlara məruz qalıb. Partiya sədrinə, partiya funksionerlərinə qarşı nələr deyilməyib? Gah “ermənipərəst” damğası vurdular, gah xaricdən maliyyələşmədə ittiham etdilər, gah “Rusiya proyekti” kimi təqdim olundu, gah da “Qərb agenti” təbliğatını apardılar. Partiya sədrini terror təşkilatları ilə əlaqədən tutmuş, Əbülfəz Elçibəyin zəhərlənməsinə qədər ən iyrənc ittihamlarla ləkələmək istədilər. Bəs, nəticədə nə baş verdi? Bütün bu ittihamlar əridi, hökumətə qarşı ikrah hissi yaratdı, hətta bitərəf insanlar da bu cılız addımları pislədi. Əvəzində AXCP daha da gücləndi, AXCP-nin lokomotivi olduğu Milli Şuranın namizədi prezident seçkilərində qalib gəldi. AXCP sədri namizəd olduğu dairədə birmənalı şəkildə qalib oldu. Bəli, bir şəxsə, bir təşkilata qarşı aparılan çirkin kampaniya bumeranq effekti verdi. Bu qədər uğursuzluqdan sonra, estafeti Ədliyyə Nazirliyinə ötürüb, davam edirlər. Bəli, utanmaq hissi itdiyinə görə, bütün havalara oynayırlar.

Bir daha xatırlatmaq istəyirik ki, AXCP-nin gücü partiya möhüründə, dövlət qeydiyyatında deyil. Mübarizənin qaynağı, hərəkətverici qüvvəsi, cəbhəçi əzmi “A”, “X”, “C”, “P”  hərflərindən asılı deyil. Abreviaturalar vicdan yaratmır, əksinə minlərlə vicdanlı insan “AXCP” abreviaturasını yaradıb.

AXCP-nin qeydiyyatı ləğv olunsa belə, “mən cəbhəçiyəm” deyimi ləğv oluna bilməz. Rəsmən üzv olacağın AXCP olmasa da, mübarizəyə üzv olub cəbhəçi olmaq mümkündür. Guya, bu illər ərzində AXCP-ni qeydə alıb, partiyaya münbit şərait yaradıblar? Onsuz da konfrans keçirməyə imkan verilməyib, toplaşmaq üçün qərargah olmayıb, partiya üzvləri hər addımda şərlənərək həbs edilib v.s

Ona görə də qətiyyən narahat deyilik. Biz, qeyri-bərabər döyüşlərdə iştirak etməyə, güllə yarası almağa öyrəşmişik.  Əsas odur ki, həmişə yaramızı sarıyıb, irəli getməyi bacarmışıq.

Əmin olun ki, bu dəfə də AXCP-ni ürəyindən vurmaq mümkün olmayacaq. Çünki, AXCP-nin ürəyi, hökumətin nişan aldığı yerdə deyil.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ