SON DƏQİQƏ

PressDent.Info

Bizi əyalət idarə edirdi...

Bizi əyalət idarə edirdi...
11-11-2015, 11:49 27150 dəfə baxılıb

Bəlkə də əvvəl ondan başlamaq daha düzgün olardı ki, hər sözün, hətta hər fikrin həm də bir hərfi mənası olur. Deyilənləri və yazılanları elə hərfi mənada başa düşmək bəzən çox gülməli sonluqlara da gətirib çıxara bilər.
Amma bayram günlərində gördüm ki, yox, hərfi mənaların özünün də əməlli-başlı mənası ola bilir. Götürün elə “tarix yazmaq” ifadəsini. Bunun bir mənası odur ki, insanlar tarix yazır, daha doğrusu, tarix yaradır. Digər mənası isə budur ki, kimsə oturub səbrlə tarixi qələmə alır – bu, adətən ya salnaməçi olur, ya da ki, indilər deyildiyi kimi, tarixçı...
Siyasətə yaxın adamlar, adətən “tarix yazmaq” deyəndə onu birinci mənada, tarixi yaratmaq mənasında başa düşür. Nə gizlədim, bu dünyada tam təmənnasız adamlar olmur, hamının bir təmənnası var. O illərdə, 80-ci və 90-cı illərdə nəsə edərkən bizlərə də elə gəlirdi ki, çox böyük işlərlə məşğuluq və  düşünürdük ki, yeni bir şey yaradırıq, tarix yazırıq... 
Demirəm ki, bu fikir məna yükündən tamam məhrum idi. Amma sonra nələr oldu və nələr olmadı, bunu mənsiz də bilirsiniz... 
Məlum oldu ki, “tarix yazmaq” ifadəsini tarix yaratmaq kimi də başa düşməmək də olar, əsas odur ki, onu elə hərfi mənada – tarixi qələmə almaq mənasında anlayasan. Bəli, biz nəsə etdik, amma bunları yazmadıq. Bunlar isə heç nə etmədilər, daha doğrusu, bizim etdiklərimizi dağıtmaqla məşğul oldular, amma tarixi qələmə aldılar. Və bu tarixdə ən önəmli rolları da öz adlarına yazdılar. Biz isə olduq kütlə...
İndi hansı tarixi prosesə baxırsan dərhal bunların imzasını görürsən. Daha doğrusu, guya ki, bunların imzasını görürsən... Bizə isə heç nə çatmadı. Təbii ki, belə də olmalı idi, çünki kütləvi çəkilişlərdə rol olmur, ona görə də kinoda olduğu kimi, tarxidə də kütləvi səhnələrə çəkilənlərin adlarını heç yerdə yazmırlar...
Beləcə, biz tarix yaratdıq, bunlar isə onu “yazdılar” – özlərinə sərf edən kimi, özləri istədikləri kimi... Və biz qaldıq quruca yerdə... Əslində niyə belə oldu və biz nədən başqasının ssenarisində rol aldıq, mən bunun səbəblərini bilirəm, amma indi elə məqamdır ki, hər bildiyini yaza bilmirsən...
Ən ağrılısı isə bilirsiniz nədir? O vaxt özümüzə çox “Əyalətçilikdən və əyalət təsəvvüründən uzaq ol!” desək də əslində bizi elə əyalət idarə edirdi. Bu gün də, bəlkə də bu, bir az inandırıcı görünməyəcək, bizi əyalətin çeşidli konspiroloji ssenariləri idarə edir...
Sözlərimi qəribçiliyə salmayın. Hakim partiyanın bəyanatlarına, dediklərinə diqqət edin, onda siz mənim dediklərimə əmin ola bilərsiniz. Ölkə üçün əsas göstəricilərdən biri siyasi mədəniyyət və siyasi dünyagörüşüdür...
Bu isə hələ də 80-ci illərin sonlarındakı səviyyədə qalıb. Ondan bir qətrə də uzağa gedə bilməyib. Ola bilsin, göydələnlər, biri-birinə bənzəyən iri parklar  bir qədər təsəvvürləri çaşdırır. Amma çaşmayın...
Həyatda çox adam görmüşəm. Məsələn, sibirli görmüşəm ki, paytaxtda, ölkənin ən mötəbər ali məktəbində təhsil alıb. Amma mahiyyətinə gedəndə bir anın içində əmin olurdun ki, o, tündra və yaxud da tayqa adamı kimi qalıb...
İndi biz də texniki tərəqqilə geriliyimizi örtməyə cəhd edə bilərik. Amma bunu tamam yox etmək mümkün deyil. Mahiyyətmiz istər-istəməz özünü tez bir zamanda biruzə verir...
Ona görə də bir daha deyirəm ki, o illərdə bizi əyalət idarə edirdi. İndi elə təsəvvür yaranır ki, əyalət də istifadə edilərək bir küncə atılıb. Amma təbii ki, belə deyil. Bəli, əyalət insanları belə düşünürdü ki, onların hamısna vəzifə verilməlidir. Amma bu, nəzəri cəhətdən belə mümkün deyildi. Vəzifələr keçmişdə və indi əyalətlə bağlı olanlara verildi, amma əyalətin bütün üzvləri vəzifə ala bilməzdilər, çünki o qədər vəzifə yoxdur...
Tarixə münasibət də bunun göstəricisidir. Tarixə münasibət də bir ənənədir və illərlə, bəlkə də əsrlərlə yaranır. Təbii ki, əyalət bunun fərqində olmur, o tarixi də elə əyalət prizmasından, ölkənin tarixini az qala bir kəndin tarixindən yazır.
Ona görə də təəccüblənmək lazım deyil. Biz əslində 25-30 il bundan əvvəl təəccüblənməli idik. O vaxt sual verməli idik ki, necə olur ki, mən, böyük və sanballı alimlərdən dərs almış bir adam durub “bir kəndin rəvayəti” nə qulaq asıram?.. 
Amma o vaxt bizə deyirdilər ki, bu xalqdır, sizin xalqınızdır və biz də susub başımızı aşağı salırdıq. “Xalq” isə bildiyini edirdi...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ