SON DƏQİQƏ

PressDent.Info

Sosial şəbəkələrdə məzhəb savaşını kimlər salır?

Sosial şəbəkələrdə məzhəb savaşını kimlər salır?
9-11-2015, 21:59 22105 dəfə baxılıb

Son  günlər yenə də inanclı insanların düşmən, vətən xaini kimi təqdim olunması adi hala çevrilib. Sanki bir qrup radikal islamçı dövlət çevrilişi etməyə cəhd göstərir. 
İstisna etmək olmaz ki, ölkədə radikal və təkfirçi dini qruplaşmalar mövcuddur. Lakin siyasi araşdırmaçılar əmindirlər ki, islamçıların təqibi dəyişikliklər baş verərsə, Azərbaycanda “islam təhlükəsi”nin baş alıb gedəcəyi barədə ictimai rəy formalaşdırmağa xidmət edir. Lakin artıq Qərb Azərbaycan hakimiyyətinin canfəşanlıqla qələmə verdiyi “islam təhlükəsi”ndən qorxuya düşmür. Əksinə, Qərb siyasi dairələri cəmiyyətdə nüfuzları artmaqda olan islamçılarla gələcək əməkdaşlıq perspektivlərini yenidən götür-qoy edirlər. Bu sahədə Qərbin böyük təcrübəsi də var. İstər Əfqanıstan, istərsə də ərəb ölkələrində bir sıra islamçı qruplar Qərbin maraq və mənafelərinə canfəşanlıqla xidmət edirlər.
Qərb ideoloqları anlayırlar ki, Azərbaycanda cəmiyyətin kəskin təbəqələşməsi sosial narazılıqlara səbəb olur ki, bu da yaxın gələcəkdə sosial partlayışların ola biləcəyinin xəbərçisidir. Deməli, narazılıqlar olacaqsa, etiraz dalğasının əsas hissəsi ola biləcək islamçılarla dil tapmaq lazım gələcək. Digər tərəfdən, Qərbyönlü, eyni zamanda sol ideyaların zəiflədiyi bir vaxtda protest elektoratını “sosial ədalət” və “islam sosializmi” ideyası ətrafında birləşdirmək cəlbedici görünür. Odur ki, artıq indidən islamçılarla işbirliyinə nail olmaq lazım gəlir. 
Bir amili də nəzərə almaq lazım gəlir ki, din əleyhinə aparılan təqiblər radikal dindarların sayının artmasına rəvac verir. Sosial böhran yaşayan bir ölkədə isə bunun nələrə gətirib çıxara biləcəyini geniş şərh etməyə ehtiyac yoxdur.
Nəzərə alsaq ki, Azərbaycanda demokratiya müstəvisi dağıdılıb, insanlar səfalət içində yaşayırlar, radikal islamın siyasi amilə çevrilə biləcəyini də ehtimal edə bilərik. 
Azərbaycanda demokratik qüvvələrin məhvi çox ağır nəticələr verməkdədir. Hakimiyyətin son illər ərzində din əleyhinə apardığı təqiblər radikal dindarların sayının artmasına rəvac verir. Nəzərə alsaq ki, ölkədə sosial böhran dərinləşə bilər, sosial partlayışların ola biləcəyini də proqnozlaşdıra bilərik. Bu isə yaxın gələcəkdə ölkədə etiraz dalğasının arta biləcəyinin xəbərçisidir. Bu zaman narazılıqlara islamçılar rəhbərlik edə bilərlər, iqtidar üçün isə onlarla dil tapmaq asan olmayacaq.
İslam inqilablarının qalib gəldiyi ölkələrə nəzər yetirsək, görərik ki, dini inqilabların hərəkətverici qüvvəsi olan ruhanilər Qərb təhsilli ziyalılarla birlikdə fəaliyyət göstəriblər. Azərbaycan ziyalısı ilə ruhanisi arasında isə bir uçurum mövcuddur. Bu isə kifayət qədər ciddi amildir. Bu amil islam inqilabı ideyasını sıradan çıxartsa da, dinin radikallaşmasına şərait yaradır. Radikallıq isə müsbət perspektiv vəd etmir.
Daha bir incə məqama da diqqət yetirmək lazım gəlir. Azərbaycanda etnik və dini müstəvidə savaş yaratmaq istəyənlər artıq açıq fəaliyyətə başlayıblar. Gərginlik durmadan artır. Artıq ölkədə siyasi ideologiyalar arasında “beyin fırtınası”ndan da söhbət getmir. Vəziyyət daha qəlizdir. Kənar baxışla görünən budur ki, bir qrup təkfirçi şəxs digər radikal-təkfirçi şəxslərə müharibə elan edib.
Son günlər bu qarşıdurma ən iyrənc formada özünü göstərməkdədir. Bütün “keyfiyyət” dəyişikliyi sosial şəbəkələrdəki müzakirələrə də təsirsiz ötüşməyib. Artıq sosial şəbəkələrdəki konstitusiya islahatları barədə mülahizələr deyil, “hansı məzhəbə mənsub şəxslərinin qadınlarının cariyə ola biləcəyi” müzakirə edilir. Deqradasiya göz önündədir. Baş verənlər yalnız cəmiyyət üçün fəsadlar yaratmır. Eyni zamanda iqtidarın özünün perspektivini qara rəngə boyayır.
Təkfirçi dini cərəyanların əsas siyasi amilə çevrilmə tendensiyası fəsadların xəbərçisidir. 
Azərbaycanda müşahidə edilən sələfi-şiə qarşıdurmasının gizlinlərinin isə din ilə ümumiyyətlə bağlılığı yoxdur. Şimal bölgəsində sələfi əqidəli insanların gün-gündən güclənməsi və onların arasında şiəçiliyə nifrət hisslərinin aşınması gələcəkdə Azərbaycanda dini müstəvidə baş verəcək qanlı regional toqquşmaların göstəricisi ola bilər. Öncələrdə vurğulamışdıq ki, ölkənin cənub bölgəsində də iki ölkənin təsiri aydın hiss olunur - İran və əlbəttə ki, əsas dolanışıq mənbəyi olan Rusiya. Bu bölgədə şiəliyin əsas amil olması isə gələcəkdə şimal və cənub bölgələrinin dini müstəvidə savaşının xəbərçisidir.
Artıq ölkə daxilində oturuşmuş vətəndaş sülhündən danışmaq imkansız görünür. Yaxın günlərdə Azərbaycanda dini və etnik qarşıdurmaların daha da dərinləşə biləcəyini ehtimal edə bilərik. Artıq işə düşmüş ssenarini yarıda durdurmaq olduqca çətin görünür. Son günlər ölkədə şiə cameəsinə qarşı aparılan məqsədyönlü “qara piar”ın əsl mahiyyəti də məhz budur. Əhalinin əksəriyyətini qıcıqlandırmaq və məzhəb savaşına cəlb etmək istəyənlər yəqin ki, sifarişi də xaricdən alırlar. Odur ki, Azərbaycanda məzhəb savaşına çalışanlara qarşı ən ciddi formada mübarizə aparmağın vaxtı çatıb və bunu yalnız hakimiyyət deyil, bütün cəmiyyət aparmalıdır...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ