SON DƏQİQƏ

PressDent.Info

Mən hansı ölkənin agentiyəm?

Mən hansı ölkənin agentiyəm?
9-11-2015, 21:46 32196 dəfə baxılıb

Yazar üçün obrazı yaşadığı cəmiyyət verir. Vay o gündən, yazarın yaşadığı ölkə elə durumda olsun ki, hər hansı bir əsərdə yaradılan obraz, məsələn, ədalətli polis və ya məmur surəti nə edəsən, real görünməyə. Ya da gerçək anlamda bir dindar obrazını yaratmaq istəyəsən, “necə yazım ki, real olsun” deyə düşünüb qalasan yaşadığın cəmiyyətlə arzularının arasında.

Bu əslində, yazarın deyil, yaşadığı cəmiyyətin faciəsidir.

Yadımdadır, Hüqonun “Səfillər” əsərini oxuyub orada Yepiskopun alicənab obrazı ilə tanış olanda düşünmüşdüm ki, bizdə belə bir dindar obrazını yaratmaq imkansızdır. Yazmaq olar, ancaq olsa-olsa fantastik bir əsərin qəhrəmanı olar o dindar…

Ancaq son dönəm bu günün reallığını yazarkən rahatlıqla dindar bir obraz yarada bilərik. Çünki ancaq bu yaxın illərdə bir necə din adamı səsini yüksəldib, haqsızlığa etiraz edərək cəmiyyətdəki bu mənəvi boşluğu az da olsa doldura bildi.

Təbii, bu ölkədə o qədər əli kimin cibində olduğu bilinməyənlər var və olub ki, qalxıb “haqq”, əxlaq”, “vətən” deyən birini dediyi sözlərlə dəyərləndirmək bir az çətindir. Çünki bir- birini aldatmağa, yalan söyləməyə adi yanaşan, “Vətən, Qarabağ üçün ölərük” deyib içində öz dediyinə özü belə inanmayanların olduğu bir toplumda çıxıb səmimi şəkildə mübarizə aparmaq istədiyinə insanları inandırmaq çox çətindir.

O üzdən mübarizə aparmaq istəyən o mübarizənin ağırlığından başqa daha bir yüklə yaşamağı öyrənməlidir.

Əgər dindardırsa, haqsızlığa qarşı çıxdığı andan ya İranın agenti olacaq, ya da narkoman…

Ateist olub haqq tələb edəcəksənsə, bu dəfə də Qərbin adamı kimi damğalanacaqsan.

Müxalif olub ədalətli cəmiyyət istəyəcəksənsə, onda da erməniyə işləyirsən demək…

Belə çıxacaq ki, bu ölkədə səmimi və sağlam mübarizə aparan bir nəfər belə yoxdur.

Bir Rusiyanın adamısansa, olar, cəza deyil, mükafat alacaqsan. Necə ki, düz 22 ildir bu ölkəni saxta seçkilərlə işğal edənlər Rusiyanın “adamıdır” və xalq da öz susqunluğu ilə onları mükafatlandırır. Amma sosial şəbəkələrdə bir dəfə bu Rusiyanın “adamlarına” gözünün üstündə qaş nədir, tük var deməyə cəsarəti çatmayanlar İranın, ABŞ-ın, ermənilərin “agentlərini” “vətən” deyə sinə döyərək yıxıb sürüyürlər.

Yaxşı, lap tutaq ki, bu ölkədə səmimi olan, mübarizə aparan yoxdur. Əgər belədirsə, bir düşün, niyə bu ölkədən əqidəsində sağlam bir adam çıxmır? Bəlkə sən bu ölkənin torpağına haram qatmısan, ondandır?

Niyə bu ölkədə kimsə-kimsəni bəyənmir, hər kəs digərini aşağılamağa, heç, yox saymağa çalışır?!

Hamı pisdirsə, lider yoxdursa, dindarın agent, yalançıdırsa, demək sənin xalq kimi potensiyalın budur. Bir nəfər təmiz, səmimi ədalət savaşçısı yetişdirə bilməyəcək qədər kirlisənmi?

Ya da…

Ya da o danışıb səni mübarizəyə səsləyənlərin ardınca getməyə cəsarətin yoxdur ki, hamını qaralayıb hər birini düşmən elan etməklə məsuliyyətindən bəhanələrlə yayınırsan – “Aman, mən döyüşəcəkdim, öləcəkdim, mürarizə aparacaqdım, lider yoxdur, o dindar, jurnalist, müxalif də agent idi…”

Xədicə “ABŞ-ın adamıdır”. Leyla Yunuz “ermənilərə işləyir”. Tale Bağırzadə də “İranın agentidir”. Sənsə sus, otur, qoy açıq-açıq Rusiyanın “adamları” da sonunu gətirsinlər.

Amma məsuliyyətdən yayınmaq bu qədər də bəsit deyil, ay “ağıllı” vətəndaş. Lap tutaq ki, bu adamlar agentdir. Yaxşı, bəs bu “agentlərə” niyə saxta, heç bir fakt olmadan məhkəmələr keçirilir? Niyə bu adamlar dövlətçiliyə xəyanət edən biri kimi yox, narkoman, kimisə ölümə təhrik edən, xuliqan kimi həbs olunur.

Amma baxın, Rusiyanın “adamları” na dair yüzlərlə fakt var. Ölkənin mənafeyi Rusiyaya qara qəpiyə satılır. Amma onlara nə məhkəmə qurulur, nə də narkoman, agent deyən çıxır ortaya…

Hələ bu harasıdır?

Dindar ədalətsizliyə qarşı çıxır, dövlət idarəçiliyinə deyil, idarəetmədəki ədalətsizliyə qarşı çıxıb iqtidarın haqsızlıq etməsinə qarışır, haray- həşir qoparırlar ki, vay aman, dini dövlət qurmaq istəyirlər.

Ateist biri qalxıb eyni şeyi edir, bu dəfə də qara-qışqırıq düşür ki, aman, dinimiz əldən getdi…

Vallah deyiləsi dərd deyil. Hərənin ağzından bir avaz gəlir, hamı da özünü o qədər ağıllı, son qərarı verə biləcək qədər “hərşeyşünas” sayır ki, baxıb düşünürsən, İlahi, bu ölkədə bu qədər ağıllı adam varsa, niyə bu gündəyik?!

Nə isə.. Baxıb görürəm ki, hamı bu ölkədə harasa və kiməsə “işləyir”. Ona gərə də qərara gəldim ki, necə deyərlər, sizinlə üzbəüz, açıq danışım.

Sabah məni də həbs etsələr, deyəcəklər ki, hansı ölkəninsə agenti imiş. Amma hansı ölkənin, bunu müəyyən etmək bir az qəliz məsələdir. Ermənilərə kifayət qədər işləyən var. İrana da həmçinin. Qərb mənlik deyil. Rusiya da iqtidarın monopoliyasındadır…

Yaxşı haranı deyək? Tapdım, deyərlər Çinin agenti imiş, ölkənin analoqsuz iqtisadi inkişaf modelinin onlara satırmış…

Nə olacaq, utanmasan oynamağa nə var ki?!

Zatən illərdir heç bir utanc hissi olmadan istənilən havaya oynayırıq…

Zümrüd Yağmur

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ