SON DƏQİQƏ

PressDent.Info

Geopolitika: dünya əski-yeni savaş içində

Geopolitika: dünya əski-yeni savaş içində
9-11-2015, 21:44 25759 dəfə baxılıb

Suriyada getdikcə qızışışıb genişlənməkdə olan bir savaş gedir. Bu, üçüncü dünya savaşına dönə biləcək savaşdır. 1914-cü ildə, 1940-cı illərdə olduğu kimi, yenə savaşın başlıca subyektlərindən biri Rusiyadır. Rusiya prezidenti Putin Rusiyanı dünyaya barışsevər, eləcə də dünyanın hər yanında dinclik üçün çalışan dövlət olaraq tanıtmağa çalışır. Rusiya telekanallarından göründüyü kimi, eləcə də putinsevərlər buna çalışır, bu yöndə dəridən-qabıqdan çıxırlar. Bu yöndə ən çox çalışmalarda bulunanlardan biri də “Düzgün Rusiya” (“Spravedlivaya Rossiya”) partiyasının başqanı Sergey Mironovdur. Putin başda olmaqla bu adamlar Rusiyanın Suriyada öz güdüklərinə uyğun savaş apardığını, bu güdüklərə uyğun Bəşər Əsədə yardımda bulunduqlarını bildirirlər. Putinin dediyinə görə, Rusiya Suriyadakı legitim hakimiyəti qorumaq, terrorizmiin qarşısını almaq amacı ilə Yaxın Doğu savaşına qatılıb.

Putinə inanmaq olarmı?

Bu soruya bəri başdan kəskin YOXla qarşılıq vermək olar. Ancaq faktlarla danışmaq daha keçərlidir. Bir daha demək gərəkir: Putin özünü, başında durduğu dövləti barışsevər, dünyanın hər yanında dincliyə çalışan dövlət olaraq göstərmək üçün dəridən-qabıqdan çıxır. Ancaq ha çalışır çalışsın, ona inanan yoxdur. Nə üçün? Putinin söz ilə işi arasında böyük uçurum olduğu üçün. Putin sözdə barışsevər, dinclik daşıyıcısı dövlət başçısıdır. Işdə isə o, imperialist güdüklü siyasət yürüdən aqressordur. Bunlar Moldova – Dnestryanı, Gürcüstan – Abxaziya – Güney Osetiya, Azərbaycan – Qarabağ, Ukrayna – Krım – “DNR” – “LEN” kimi faktlardan açıq görünür. Balaca, gücsüz olmasına baxmayaraq, aqressiya-terror dövləti olaraq tanınan qondarma  “Ermənistana” Putin milyardlarla dollarlıq yaraq-sursat yardımları edib. Istənilən aqressiya-terror subyektinə yaraq-sursat yardımı bu yardımı edənin aqressiya-terror faktoruna arxa durması deməkdir. Bu yalnız erməniliklə bağlı fakt deyil, yuxarıda adı çəkilən bütün yaraqlı ayrımçıların (separatçıların) arxasında Putin dayanır, Putin Rusiyası dayanır. Eləcə də Rusiya çevrəsindəki bütün korrupsioner rejimlərin arxasında Putin Rusiyası dayanır. Korrupsioner rejimlər isə potensial terror rejimləridir.

Putinin Suriyada legitim hakimiyəti qorumaq istəyinə gəlincə, bu da yalandır. Birinci, Bəşər Əsədin legitim prezident olması üçün ölkədə DEMOKRATIK SEÇKI ORTAMI yaradılmaqla doğru-düzgün seçki keçirilməlidir. Suriyada indiyədək belə seçki keçirilməyib. Bir sıra başqa gənc diktatorlar kimi Bəşər Əsədə də hakimiyət atasından ötürülüb. Ikincisi, (gerçəkdəsə, birincisi – başlanğıcı) Putinin özünün legitimliyi quşqulu ikən, Putin Rusiyadan ayrılmış çevrə dövlətlərdə demokratik seçki keçirilməsinin, legitim hakimiyət formalaşdırılmasının qarşısını illərlə alırkən onun uzaq Suriyadkı legitimlik savaşı inandırıcı görünə bilərmi? Putinin gerçək kimliyini – demokratiyaya, legitimliyə gerçək baxışını – onun Rusiya yörəsindəki demokratiya yolu tutmuş Baltik ölkələri ilə Gürcüstana düşməncəsinə yanaşmasından görmək olar. Bu düşməncəsinə yanaşma yalnız Putinin yanaşım-davranışlarında deyil, putinyönlü Rusiya mediasında da açıq görünür. Sözü gedən ölkələr, eləcə də Rusiyadan uzaqlaşaraq demokratiya yolu tutan Ukrayna, onun hökuməti putinyönle mediada aşağılandıqca aşağılanır, onlarla bağlı aqressivcəsinə kampaniya aparılır.

Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili, indiki Ukrayna prezidenti P.Poroşenko bir sıra çevrə dövlətlərinin prezidentləri kimi Putinə, Putin Rusiyasına boyun əyib əlatılıq etmədikləri üçün biryolluq Rusiyanın düşmənləri sırasına salınıblar. Bu adamlar ölkələrini Putin Rusiyasının orbitindən çıxarıb uzaqlaşdırdıqları üçün Rusiyadan yönələn (yönəldilən!) mənəvi terror faktı ilə üzləşməli olublar. Bu görsənişin özü də ayrıca aqressiya-terror faktıdır. Bunun arxasında kimin durduğunu demək artıqdır.

Böyük rus ədəbiyatından Putin ədəbiyatına

Başqa media qurumları bir yana, ədəbiyat qəzeti olaraq tanınan “Literaturnaya qazeta”da belə, sözügedən demokratik yönümlü liderlələ bağlı düşməncəsinə kampaniya aparılır. Başqa media qurumları bir yana, bu qəzetdə də bağımsız dövlət olaraq Ukraynanın varlığı danılır. Qəzetin başında duran, erməniyönlü kursu ilə tanınan Yuri Polyakova görə, Ukrayna yalnız Rusiya yandaşlığında, Rusiyanın qoltuğuna sığınmaqla özünü gerçək keçmişi olan dövlət saya bilər. Bu qəzetə görə, uzaq keçmişdə Ukrayna adında dövlət nədi, ölkə də olmayıb. Bunların yazdığına görə, Ukraynanı 20-ci yüzildə Rusiya yaradıb. Rusiyanın Azərbaycan coğrafiyasında qanlı qırğın yoluyla yaratdığı qondarm “Ermənistan” bu qəzetdə dünyanın əski dövlətlərindən biri olaraq göstərilirkən, Ukrayna Rusiyanın sonradan yaratdığı yeniyetmə, üstəlik, dönük, ağılsız dövlət olaraq göstərilir. Burada Ukrayna ilə bağlı bir fakta ayrıca toxunmaq gərəkir.

Deyilənə görə, Almaniya kansleri Otto fon Bismark belə söyləyib: “Yalnız Ukraynanı qoparıb ayırmaqla Rusiyanı gücdən salmaq olar…” Ukraynanın Rusiyadan ayrılması indi faktdır. Görünür, imperialist rus düşüncəsi bu faktla barışa bilmədiyi üçün ortaya “saman çöpünə” əl atmaq tipli bir tezis çıxarılır: “Bismark ”Ukrayna” sözünün nə olduğunu bilmirdi. Bu söz Avropanın siyasi leksikonuna sonralar girib” (Lit.qaz., 1-7 aprel 2015). Ukrayna tarixini bilməyən istənilən oxucu burada deyilənə əlüstü inanasıdı. Axı, bunu “Literaturnaya qazeta” kimi avtoritetli bir qəzet yazır, özü də bir alman bilginin adından. Düzü, qabaqca mən özüm də buna inandım. Ancaq, bir ara. Aradan az keçmiş fransız yazıçısı Andre Moruanın “Prometey, ili jizn Balzaka” (Moskva, “Raduqa”, 1989) kitabını oxudum. Kitab 700 səhifəyə yaxındır. Kitabın 200-cü səhifələrindən başlayaraq sonadək… “Ukrayna” sözü işlədilir.

Onore dö Balzakın (2.5.1799 – 18.8.1850) Ukraynada yaşayan Polşa köklü aristokrat qadın Yelena Qanskaya ilə 1832-ci ildən tanışlığı başlayır. Balzak çox gözəl olan bu qadına dəlicəsinə vurulur. Kitabın 200-cü səhifələrindən sonunadək Balzakın bu qadına məktubları verilir. Məktubların, demək olar, hamısında “Ukrayna” sözü işlədilir. Balzak 19-cu yüzilin birinci yarısında, Otto fon Bismark (1.4.1815 – 30.7.1899) ikinci yarısında yaşayıb. Necə olur 19-cu yüzilin birinci yarısında yaşamış yazıçı Balzaka Ukrayna adı bəlli olur, 19-cu yüzilin ikinci yarısında yaşamış siyasətçi (özü də necə bir siyasətçi!) Bismarka bəlli olmur?! Rusiyada Ukraynaya qarşı kəskin, informasiya savaşı aparılır, belə savaşda isə yalan böyük rol oynayır. Elə ermənilər də istər Rusiya mediasında, istərsə də dünyanın başqa yerlərində Azərbaycana – Türklüyə qarşı beləcə yalanlarla dolu informasiya savaşı aparırlar. Ermənilərin Azərbaycana – Türklüyə qarşı apardıqları informasiya savaşı imperialist Rusiyaya, Rusiyanın imperialist çevrələrinə əl verdiyindən, bu yöndə onların baxışları üst-üstə düşdüyündən Rusiya mediasında ermənilər üçün biryolluq “açıq qapı” siyasəti yürüdülür. Burada biz erməni yalançılığı ilə rus yalançılığının qardaşlaşdığını görürük. Rusun imperialist yırtıcılığından yararlanaraq Azərbaycan coğrafiyasında özünə dövlət yaradan ermənilik rusun yardımıyla özünə yaşı rusun tarixindən önə keçən qondarma tarix düzəldir, sonra da yalan-yaltaqlıq yoluyla rusu özünün qulluqçusuna çevirir…

Indilikdə bilmək olmur: rusmu erməniləşib, ermənimi ruslaşıb? Ancaq burası bilinir: ruslarla erməniləri   qonşularına qarşı tükənməz aqressiya faktoru burləşdirir. Ruslar da, ermənilər də qonşularıyla ardıcıl savaş yoluyla coğrafiyalarını ardıcıllıqla genişləndirməyə çalışırlar. Suriyada özünü çox güclü görən Putin indi belə çıxışda bulunur: “Biz Suriyada olduğu kimi MDB-də də rusların hüquqlarını qoruyacağıq”. Düzdür, Putin bu yöndə indiyədək çox çıxış edib, indi Suriyadakı “uğurlardan” ürəklənərək onun sözdən işə keçmək istədiyi görünür. Birdən Azərbaycanda, Rusiyaya qonşu başqa ölkələrdə də ara qarışa, rusların hüquqları tapana bilər. Onda çağırılmamış qonağı göz altına alın…

Deyilənə görə, MDB-də 25 milyon rus yaşayır. Onlar MDB ölkələrinə, bilindiyi kimi, Rusiyanın 200 il öncəki aqressiyasından sonra köçənlərdir. Özləri də Rusiyadakından pis yaşamırlar. Onların insan hüquqları da Rusiyadakından çox tapdanmır. Çox önəmli bir fakt: rusların ən çox sıxışdırıldıqları ölkələr Baltik ölkələrdir. Buna baxmayaraq, rusların Rusiya yörələrində ən çox yaşamaq istədikləri ölkələr də Baltik ölkələridir. Nəyə görə? Baltik ölkələrində Rusiyada olmayan qanunçuluğa, doğru-düzgünlüyə görə! Elə Putin də ölkəsində qanunçuluq, doğru-düzgünlük yarada bilmədiyi üçün ruslar Rusiya kimi doğal resurslarla dolu bir ölkədən baş götürüb qaçırlar. Bunu biz demirik, statistika deyir. 2015-ci ildə 265 min rusiyalı ABŞ-a köçmək çalışmalarına baş vurub. 2015-ci ildə 75 min rusiyalı Avropada yaşamaq hüququ qazanıb. Ötən il 245 min 638 rusiyalı ABŞ-da yaşamaq hüququ əldə edib. Ötən illərin statistikası ilə son illərin tutuşdurması Rusiyadan başını götürüb qaçmaq istəyənlərin sayının ildən-ilə artdığını göstərir.

Putinin Rusiyadan qaçışı

Yaşayış-dolanışıq dözülməzliyi, addımbaşı üzləşdikləri qanunsuzluq saya rusları ölkədən başını götürüb qaçmaq qaçılmazlığı ilə üzləşdirir. Burası öz özünə aydındır. Iş ondadır, Rusiya prezidenti Putin də ölkədən başını götürüb qaçır. Bu, batıb gedən Rusiya faktorudur! Yuxarıda da deyildiyi kimi, Rusiya doğal resursları aşıb-daşan bir ölkədir. Ancaq bu günüqara ölkə özünü yaşada bilmir. Geniş yayılmış yoxsulluq, yolsuzluq, alkoqolizm, narkomaniya üzündən Rusiya durmadan ruslardan arınır. Hər il Rusiyada onlarla köy ölüb yox olur. Uzaq Doğudan bu yana çinlilər Rusiyanı yaraqsız-zadsız, eləcə boş əllə tuta-tuta gəlirlər. Sosial-ekonomik çöküş içində olan Rusiyanı dirçəldə bilməyən Putin çıxış yolunu… aqressiya-işğalçılıq siyasətlərini aktivləşdirməkdə görür.

Qabaqca Krım, indi Suriya… Krımın tutulmasınadək (2014-cü ilin başlanğıcı) ölkədəki sosial-ekonomik sorunlar üzündən Putinin reytinqi yüzdə 27-i idi. Aradan az keçmiş onun reytinqi 27-dən 89-a qalxdı. Ruslar savaşı çox sevdiklərindən savaş çevrəsini genişləndirdikcə Putinin reytinqinin durmadan artacağı gözləniləndir. Ruslar it günündə yaşasalar belə, coğrafiyalarının sürəkli genişlənməyi onlara bayram sevinci yaşadır! Düzdür, Suriya kimi uzaqlarda ən uğurlu savaş belə Rusiyanın sınırlarını faktiki genişləndirmir, ancaq bu, ruslarda Rusiyanın üstün gücünə inam yaratmaqla sınırlarının faktiki genişlənəcəyi düşüncəsi doğurur. Ruslar genişliyi çox sevdiklərindən Rusiya coğrafiyasının dünyalarca genişlənməyini istəyirlər – əlaltıları ermənilər kimi! Putin Suriyada gerçək uğur qazana bilməyəcək – bir sıra bəlli dövlətlər buna yol verməyəcəklər. Işdi, Putin Suriyada gerçək uğur qazanarsa, MDB ölkələri Rusiyanın 89-dan sonra gələn subyektləri olacaqlar. Sözsüz, bunu yaxşı bildiyindən ABŞ başı Suriya savaşına qarışan Rusiyanın dalına keçib, dalda Orta Asiya dövlətləri ilə işbirliyinə çalışır!

Rusiyanın tanınmış sorğu qurumu “Levada-Sentr” indiki reytinq göstəricisinə baxaraq, xalqın böyük çoxluğunun Putini nə üçün bəyəndiyini (sevdiyini də demək olar) bilmək üçün ruslar arasında sorğu keçirib. Qurum Putinin çox böyük reytinqinin arxasında hansı rasional baxışın dayandığını, bu reytinqin özülündə hansı düşüncənin durduğunu öyrənmək istəyib. Sən demə, ruslar Putini “Batı ilə ilişkiləri yaxşılaşdırdığına”, “korrupsiya ilə çarpışmaya”, “Rusiyanı ekonomik baxımdan qaldırdığına”, “demokratiyaya arxa durduğuna görə” sevirlər. Absurda baxın, bunların biri də gerçəklik faktı deyil! Konstantin Borovoy baxışlarla gerçəkliyin belə uyuşmazlığına görə deyir: “Ya ölkədə başqa Putin də var, ya da respondentlər (ruslar. – X.B.) hansısa başqa Rusiya federasiyasında yaşayırlar…”

Görün necə də oxşar görsənişlərdir – bizdə də xalqla respondentlər bir-birindən beləcə kəsinliklə ayrılır. Bu isə demokratik ortamın yoxluğu görsənişlərindəndir. Demokratiya olmayan yerdə xalq olmur, respondentlər olur, onlarsa mütləq başdaduranın istəyinə uyğun düşünürlər. Özü də yalnız belə göstəriş verildiyi üçün deyil, gündəlik zombiləşdirmə yoluyla belə yetişdirildikləri üçün!..

P.S. Ukrayna… adına gəlincə, bu ad tarixə 4-cü yüzildən bəllidir.

Xaliq Bahadır

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ