SON DƏQİQƏ

PressDent.Info

Bayrağın günü

Bayrağın günü
9-11-2015, 21:41 24018 dəfə baxılıb

9 noyabr – Dövlət Bayrağı Günüdür. Bəli, dünən dəyər verdiyimiz, başımız üstündə dalğalandırdığımız, qürur duyduğumuz üçrəngli bayrağın günü idi. Bəlkə də bayrağın dili olsaydı, “mənim doğum günümü qeyd etməyin” söyləyirdi. Çünki, bayrağımız daşıdığı rənglərin əksinə olaraq qara günlər yaşayır. Bayrağın valideynlərinə hörmət edilmir. Bayrağı 165 metrlik dirəyə bərkidiblər, bayrağın atasının isə Gəncədəki büstünə torba keçiriblər. Bəlkə də bu 3 rəngli dalğalanan bayrağı dirəyə bərkitməsəydilər, 165 metrlik hündürlükdən özünü aşağı atardı. Çoxdandır ki, bu ölkədə bayraq dalğalanmır, çırpınır. Bu 3 rəngli dəyərə 165 metrlik böyüklük lazım deyil, 1 metrlik hörmət lazımdı. Bəli, bayrağın böyüklüyü onun dirəyinin uzun olması ilə ölçülməz. Kaş 165 metrlik bayraq dirəyinin əvəzinə, vətənin hər guşəsinə sanca biləcəyimiz 1 metrlik bayraq dirəyimiz olaydı. Kaş bayraq sevdalılarına ölkənin müxtəlif yerlərində 1 metrlik heykəllər ucaldılaydı. Bu bayrağı təkcə 20 faiz torpaqdan deyil, rənglərinə qovuşmaqdan da məhrum ediblər. Indi bayrağımızın rəngləri də məhbusa çevrilib. Bu üçrəngli bayrağın şərəfinə “Bayraq Meydanı” tikdilər. Amma az müddətdən sonra məlum oldu ki, hətta bayraq adı altında da cinayət edirmişlər, korrupsiya ilə məşğul olurmuşlar. Bəli, etiraf etdilər ki, “Bayraq Meydanı”nın rəisi 2 il ərzində milyonlarla vəsait mənimsəyib, hətta dedilər ki, bu adam ermənidir. Yəni bayrağa sevgi görüntüsü yaradıb, bayrağın bağrını çartladıblar. Uzun illərdi bayrağın rəngləri “soyqırım”a məruz qalıb.

Bayrağımızdakı qırmızı rəng müasir cəmiyyət qurmağın, demokratiyanı inkişaf etdirməyin ifadəsi deyilmi? Bu gün bayrağın qırmızı rəngi utandığından qızarır. Demokratiya əvəzinə avtoritarizm, müasirlik əvəzinə cəhalət hökm sürür. “Demokratiya” sözünü dilinə gətirənlər “ermənipərəst”, “vətən xaini”, “narkoman”, “xuliqan” kimi təqdim edilir. Bu ölkədə çoxdandır ki, bayrağın qırmızı rəngi ağ yalanlara bükülüb.

Yaşıl rəng islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə etmirmi? Böyük mütəfəkkirÿ Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını verib. Amma Azərbaycanın atributlarından biri olan bayrağın yaşıl rəngi bu ölkədə “qara kampaniya”nın qurbanı olub. Bəli, bu gün hakimiyyət əlində olan bütün resurslardan istifadə edərək islamı gözdən salmağa, terror dini kimi təqdim etməyə çalışır. Inanclı insanlar qondarma ittihamlarla həbs olunur, döyülür, ləkələnir və s. Yəni bayrağımızın yaşıl rəngi də qırmızı rəngin taleyini yaşamaqdadır.

Mavi rəng ÿAzərbaycan xalqının türk mənşəli olmasını göstərir, türkçülük ideyası ilə bağlıdır. Amma YAP hakimiyyətinin “xasiyyət”ində türkçülük zərrə qədər də hiss olunmadı. Dildə “biz türkük” deyilsə də, əməldə “biz rusuq” söylədilər. Ümumiyyətlə, bu illər ərzində hakimiyyətin siyasətində türklüyə, türkçülük ideologiyasına bağlılıq görünmədi. Deməli, bayrağın mavi rəngini də “göy əski”yə büküblər.

Göründüyü kimi, bayrağımızın rənglərinə zülm olunur. Dirəyini zirvəyə qaldırıb, ətəyində pis işlər görürlər. Bəli, bayrağımızın da vətəndaşımız kimi xoş günləri az olub. 9 noyabrı “Bayraq Günü” kimi qeyd etsək də, bayrağımız bir gün görmədi.

Bayrağın dərdi daha ağırdı. Çünki, 165 metr hündürlükdən ölkənin vəziyyəti daha aydın görünür. Dirəyi uzandıqca, sevinci qısalan bayraq…

İlham Hüseyn

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ