SON DƏQİQƏ

PressDent.Info

“Hər şey ədalətli olsun”, amma necə?

“Hər şey ədalətli olsun”, amma necə?
6-11-2015, 15:34 23937 dəfə baxılıb

“Bəzi hallarda inkişaf etmiş ölkələrdə əsassız, ədalətsiz hökmlər çıxarılır. Bu, göz qabağındadır. Kimin pulu varsa, gedir güclü vəkil tutur və məsuliyyətdən boyun qaçırır. Yəni bu, hər bir ölkədə var. Amma mən istəyirəm ki, Azərbaycanda olmasın. Mən istəyirəm ki, Azərbaycanda hər şey ədalətli olsun” – bu, Ilham Əliyevin noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində çıxışındandır.

Həmin çıxışdan cəmi bir gün sonra – yəni dünən, Avropa Insan Haqları Məhkəməsi siyasi məhbus Tofiq Yaqublu haqqında ədalətli hökm çıxardı, onun qanunsuz şəkildə, uydurma ittihamlarla həbs olunduğunu təsdiqlədi, onun dərhal azadlığa buraxılmasını tələb etdi, hakimiyyəti isə Tofiq bəylə bağlı ədalətsiz addımına görə 24 min avro cərimələdi.

Yenə həmin çıxışdan cəmi bir gün sonra – yəni dünən həmkarımız Natiq Cavadlı başqa bir siyasi məhbus Leyla Yunusun qondarma məhkəməsindən qayıdıb facebook sosial şəbəkəsindəki səhifəsindən aşağıdakı tükrpədici sətirləri yazdı: “Leyla Yunusun məhkəməsindən gəlirəm, şokdayam. Təsəvvür etməzsiniz ki, Leyla xanım necə dəyişib. Bizim 7-8 ay əvvəl gördüyümüz Leyla xanım yoxdur. O, bizi görən kimi boğaz və sinə hissəsindəki göyərtiləri göstərdi. Xanımı döyüblər, bunu vəkilləri də təsdiqlədi.

Arif bəylə Leyla xanımın bir-birinə sığınaraq ağlamalarını görsəydiniz.. Aman Allah, həyacanlanmamaq olmur, hətta tərcüməçi belə hisslərini büruzə verdi…”

Bax 21-ci əsr Azərbaycanının mənzərəsi budur. Orta çağların linç və inkvizisiya dövrünü yaşayırıq. Insanlar rejimin siyasi intiqam hissi ilə həbsə atılır, ölkədən baş götürüb qaçmağa məcbur edilir. Fərqli düşünmək, tənqid söyləmək, yazmaq, doğruları danışmaq, insan haqları və azadlıqları uğrunda mübarizə faktiki olaraq yasaqlanıb, bu yasağı yenib yola davam edənlərin hansı təhlükələrlə qarşı-qarşıya olduğu, hər an hər cür şərləməyə, iftiraya məruz qala biləcəyi hamı üçün aydındır.

Azərbaycanda hər şeyin ədalətli olmasını istəyərkən bunları unutmamaq lazımdır. Hər şeyin ədalətli olması üçün insanlara qorxusuzcu, hürküsüzcə, sonradan heç bir basqı və təhdid altında qalmayacağına inanaraq, əmin olaraq fikirlərini sərbəst şəkildə ifadə etmək imkanları yaradılmalıdır, “mənim kimi düşünməyən mənim düşmənimdir” düşüncəsi arxivə göndərilməlidir, toplumda sorğulamaq, hesab istəmək, tənqid etmək vərdişləri gücləndirilməlidir. Hüququn üstünlüyü gücün üstünlüyünə məğlub etdirilməməlidir. Milli iradə çeynənilməməlidir. Vətəndaş cəmiyyəti boğulmamalıdır.

Hər şeyin ədalətli olması üçün adamlar hər şeyi özgürcə danışa, dartışa bilməlidirlər. Yalnız söz, ifadə azadlığının bərqərar olduğu, fikir ayrılıqlarının təbii qarşılandığı, insanların öz düşüncələrinə görə cəzalandırılmadığı bir yerdə ədalətin qələbəsi mümkündür. Yoxsa, hər hansı qurumun, yenə Ilham Əliyevin təbirincə desək, reketçiliyə qədər yuvarlandığı bir şəraitdə illərdir məhz bunları deyənlər, yazanlar “narkoman”, “vətən xaini”, “xuliqan”, “dələduz” kimi damğalanır və cəzalandırılırsa, biz necə Azərbaycanda hər şeyin ədalətli olmasına ümid edə bilərik? Ən azı bu “MTN işi”ndən sonra hazırda siyasi səbəblərlə cəza çəkən nə qədər insanı azadlığa buraxmaq, onlara bəraət vermək gərəkməzmi? Niyə MTN-in, digər qurumların sahibkarları əzməsindən, məhv etməsindən danışılır, amma siyasi fəalları boğmasından yox? Axı biz istəyirik, Azərbaycanda hər şey ədalətli olsun. Elə isə niyə ayrı-seçkilik edirik, MTN-in banklardan birinin haqsız yerə həbs etdiyi rəhbəri azadlığa buraxılıb təzədən həmin banka rəhbər qoyulursa, eyni MTN-in yenə haqsız yerə həbs etdiyi siyasi fəal niyə dəmir barmaqlıqlar ardında çürüdülməyə davam edir?! Azərbaycanda hər şeyin ədalətli olmasını istəyiriksə, bu ikili standarta son qoulmalı deyilmi?

Dünyada müxalifəti yox edilmiş, zəiflədilmiş, dərbədər salınmış, hakimiyyət mənsublarının dilindən isə fəxrlə, qürurla söylədikləri “bizdə müxalifyət yoxdur!” sözlərinin düşmədiyi bircə dənə gəlişmiş, ədalətli ölkə göstərə bilməzsiniz. Tənqidin, qarşı gücün, fərqli fikrin, siyasi alternativin olmadığı bir yerdə ədalət də yoxdur. Yaşadığımız çağın ən böyük gerçəkliyidir bu!

Elnur Astanbəyli

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ