SON DƏQİQƏ

PressDent.Info

Susan çoxluğun parlamenti

Susan çoxluğun parlamenti
3-11-2015, 13:49 31943 dəfə baxılıb

Parlament seçkiləri başa çatdı. Artıq qanunverici orqanın tərkibində nəinki müxalifətçi, hətta “konstruktiv müxalifət”in belə bir nəfər təmsilçisi yoxdur. Beləliklə, Azərbaycanın yaxın tarixində sanki ən önəmsiz seçki keçirildi. 
Ötən seçkilər zamanı heç olmasa seçkinin imitasiyası olurdu. Bu dəfə seçkinin imitasiyası belə olmadı. Parlamentdə hətta hakimiyyətdaxili qrupları təmsil edən qanadların təmsilçiliyində də yekcinslik müşayiət edilir. Ötən seçkilərdən fərqli olaraq, bu seçkidə hakimiyyətin tərəfində olan namizədləri də çox saf-çürük etdilər, nisbətən azadfikirli simalar seçkiyə buraxmadılar. 
Seçki öncəsi durum da ürəkaçan deyildi. Bu dəfə telekanallarda debatlar belə təşkil edilmədi. İmitasiya üçün lazım olan deputatlığa namizədlərin əksəriyyətinin seçicilərlə görüşlərinə belə imkan verilmədi.  Bütün bunlar əvvəlcədən seçkiləri önəmsiz edirdi. Seçki öncəsi ölkədə siyasi fəallığın olmaması təbii ki, öz təsirini göstərməliydi. Digər tərəfdən, Azərbaycan vətəndaşları da seçkilərə etimadını tam itirib. Bu, çox ciddi amildir və yaxın zamanlarda ölkənin siyasi həyatına öz təsirini əsaslı şəkildə göstərəcək. Belə ki, hər seçkidən sonra cəmiyyətin demokratikləşməsi istiqamətində insanların ümidləri sarsılıb. Müxalifətin, vətəndaş cəmiyyətinin təzyiqlərlə üzləşməsi baş verdi. Məsələ ondadır ki, Azərbaycanda artıq demokratik mübarizənin perspektivinin olmaması barədə rəy formalaşıb. Ona görə də seçkilərə münasibət bərbad vəziyyətdə oldu. 
Azərbaycan hakimiyyəti artıq beynəlxalq təşkilatlara qarşı da sərt ritorika ilə çıxışını davam etdirir. Artıq Azərbaycanda demokratik institutların yaradılması ilə bağlı rəsmi Bakıya hansısa mesajların verilməsinin perspektivinə Qərb təşkilatları, beynəlxalq qurumlar da inanmır. Azərbaycan Rusiyaya ilə yaxınlaşmaq yolunu seçdi. Bu baxımdan, rəsmi Bakı Rusiya ilə başlı-başına buraxılıb. 
Kənardan görünən budur ki, Azərbaycan öz seçimini edib. Demokratik dünyadan, Avropadan, avro-atlantik məkana inteqrasiyadan uzaqlaşmaqla məşğuldur. Bütün bunlar son nəticədə ciddi problemlər yarada bilər. Azərbaycan siyasətinin demokratikləşə biləcəyi ehtimalı yüksək deyil. 
Maraqlısı odur ki, beynəlxalq təşkilatların bu seçkilərə münasibətinin indiki kimi olmasının əsas səbəbi demokratik mühitin yoxluğudur. İndidən demək olar ki, yeni seçilmiş parlamentin legitimlik məsələsi rəsmi Bakı üçün problem yaradacaq. Son parlament seçkiləri Qarabağ danışıqlarında da Bakı üçün ciddi problemlər yarada bilər. Lakin rəsmi Bakı ilə əməkdaşlıq davam edəcək. Bütün bunların əsas səbəbi cəmiyyətdir. Cəmiyyət itirdiyini geri istəmirsə, heç bir beynəlxalq təzyiq Azərbaycanda demokratik proseslərin başlanmasına rəvac verə bilməz.
Son parlament seçkiləri yalnız müxalifətə zərbə endirmir. Eyni zamanda, orta və kiçik bizneslə məşğul olan insanlar üçün ciddi problemlər yarana bilər. Ehtimal etmək olar ki, yaxın zamanlarda Azərbaycanda mühacirət etmək barədə düşünənlərin sayı artacaq. 
Bu gün ölkədə “Ukrayna variantı”ndan danışmaq da yersizdir. Seçkilərin nəticələrinin ləğvi uğrunda heç bir mübarizə getmir. Hazırda müxalifət daxilində lider olmaq uğrunda mübarizə gedir. Çünki müxalifətin yeri boşdur. İndi iqtidar çalışacaq ki, bu yeri ona sərf edən qüvvələr tutsun. Əslində, müxalifətin fəaliyyəti üçün də heç bir şərait də  yaradılmayıb. Müxalifət təsirli, güclü, efiri, mitinq yerini ala bilən müxalifət olmalıdır. Müxalifətin resursları kifayət etməlidir ki, hakimiyyəti islahatlara məcbur edə bilsin. Xalqı arxasınca apara bilən müxalifət yaranmış vəziyyətdə əsas gücə çevrilə bilərdi. Seçkiləri izləmək yox, onların demokratikliyinə nail olmaq lazım gəlir. Müxalifət yeni mərhələ üçün proqramını açıqlamalıdır...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ