SON DƏQİQƏ

PressDent.Info

Sistemsiz siyasətin fəsadları

Sistemsiz siyasətin fəsadları
30-10-2015, 17:16 25855 dəfə baxılıb

2005-ci ildə DİN-in bəzi rəhbər kadrlarına qarşı həyata keçirilən “Qara kəmər” əməliyyatı və 2015-ci ildə gurultulu həbslərlə müşahidə edilən “MTN işi” bir həqiqəti üzə çıxartdı - ölkə klika qanunları ilə idarə edilib. Düzdür, hər iki halda cinayətlər etmiş dəstələr zərərsizləşdirildi. Lakin bütün bunlar onu deməyə əsas verir ki, siyasi institutların zəif inkişaf etdiyi ölkələrdə bir anın içindəcə xaos baş verə bilər. Azərbaycan kimi sistemsiz siyasi kurs həyata keçirilən ölkələrdə proqnoz vermək son dərəcə çətin və ağlasığmazdır. Cəmiyyətin daha artıq sıxılması iqtidarın siyasi kursunda yumşalmaq xəttinin qabara biləcəyini göstərir. İlk baxışdan son dərəcə qətiyyətli görünən hakimiyyətin “sərtlik limiti” artıq tükənmək üzrədir və iqtidar anlamağa başlayır ki, daha aşırı radikal idarəçilik fəsadlar verə bilər. 
Odur ki, hakimiyyət xarici və daxili təzyiqlər fonunda geri çəkilmək zorundadır. Bu baxımdan, ehtimal etmək olar ki, seçkidən sonra siyasi məhbusların bir qismi azad olunacaq. 
Lakin heç kəs zəmanət vermir ki, azad olunan məhbusların yerinə yeniləri türmələrə salınmayacaq. Yəni, siyasi məhbus problemini aradan qaldıran amillər mövcud olduqca yeni siyasi məhbus siyahıları da tərtib olunmaqda davam edəcək. Bu baxımdan, yeni siyasi məhbus kimi tanınmış jurnalist və ya siyasətçilərin həbs oluna biləcəyi ehtimalı xeyli dərəcədə böyükdür. Bu dəfə siyahıya məmurlar da əlavə edilə bilərlər.
 
Gurultulu həbslər ictimai rəydə siyasi elitanın xeyrinə işləyə bilər. Lakin sual yaranır - bu, iqtidara lazımdırmı?  Sistemli kurs həyata keçirən hakimiyyət belə metodlara əl atmaz. Lakin sistemsiz siyasi qüvvələrdən ən mənasız addımlar da gözləmək mümkündür.
Bu gün Azərbaycan cəmiyyəti islahatların aparılması və korrupsiyanın, məmur özbaşınalığının aradan qaldırılmasını arzulayır. Ölkədə hələ də korrupsiya  tüğyan etməkdədir. Ekspertlər bunu öz qanun və öhdəliklərini yerinə yetirmək üçün hökumətin siyasi iradəsinin olmaması, eyni zamanda ölkədə avtoritar rejimin saxlanması üçün korrupsiyadan mühüm alət kimi istifadə olunması ilə izah edirlər. Odur ki,  Azərbaycanda korrupsiyaya qarşı fundamental səviyyədə tədbirlər planı həyata keçirmək lazımdır.
Ərəb ölkələrində əhalinin narazılığının əsasən korrupsiyadan olmasını nəzərə alsaq, Azərbaycandakı proseslərində bu məcraya yönələ biləcəyini ehtimal edə bilərik. Bu baxımdan, “Yaxın Şərdəki hadisələr bizdə də yaşana bilər” deyənlər haqlı görünürlər. Ölkədə korrupsiya o həddə çatıb ki, insanların etirazı qısa bir zamanda geniş vüsət ala bilər. 
“Azərbaycanda Ukrayna prosesləri təkrarlana bilər” deyənlər bu amilə söykənirlər. Bir sözlə, ölkənin siyasi rəhbərliyi iki seçim qarşısında durur: ya sosial dayağı kimi bəzi rüşvətxor məmur kütləsindən istifadə etməli, ya da onlardan xilas olaraq, xalqın etirazına səbəb olan məmurları istefaya göndərməli, islahatlara başlamalıdır.
Əlbəttə, bu islahatlar və əllərində böyük maliyyə vasitələri olan məmurların maraqlarının zərbə alması, bu sosial təbəqənin siyasi hakimiyyətə qarşı çıxması ilə sonuclana bilər.
İstənilən halda siyasi hakimiyyət belə bir riskə getməli və əhalinin yumşaq desək, nifrət elədiyi məmurlardan azad olmalıdır, əks halda isə ölkədə sosial partlayışlar baş verə bilər ki, artıq bu qarşısıalınmaz fəsadlar törədə bilər. Görünür bunu hakimiyyətdə də dərk edirlər. Son həbslər də bunu deməyə əsas verir. 
Bu gün Azərbaycanda korrupsiya idarəetmə formasına çevrilib, odur ki, antikorrupsiya cəhdlərinin real nəticələrinə ümid bəsləmək sadəlövhlük olardı. Ekspertlərin hesabatlarında göstərilir ki, Azərbaycanda korrupsiya yalnız məmurların rüşvətxorluğu ilə məhdudlaşmır. 
Ölkənin iqtisadi resursları üzərində korrupsiya hakimdir və bu amil iqtisadi islahatları mümkünsüz edir. Baxmayaraq ki, ölkədə antikorrupsiya ilə bağlı  qanunlar mövcuddur,  siyasi iradəyə olmadığından bu qanunlar adi kağız parçasından başqa bir şey deyil. 
Hakimiyyət tənqidçi medianı susdurmaq istiqamətində sərt addımlar atmaqda davam edir. Mətbuatı tam sıradan çıxarmaq onsuz da mümkün olmayacaq. Əgər ağlasığmaz sərtlik davam edərsə, bu siyasət bumeranq effektinə çevrilə bilər. Sistemsiz siyasi fəaliyyət gec-tez fiasko ilə üzləşir. Hakimiyyət yeni məmur həbsləri üzərində planlar qurmaqla yanaşı, təcili islahatlara başlamalıdır. Əks təqdirdə, situasiya nəzarətdən çıxa bilər...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ