SON DƏQİQƏ

PressDent.Info

Deyə biləcəyimiz son söz...

Deyə biləcəyimiz son söz...
26-10-2015, 10:23 22470 dəfə baxılıb

Ölkə siyasətinin çox ağır statik duruma gəlməsinin, tamam süst vəziyyət almasının bir səbəbi aparılan sistemli siyasətdirsə, digər səbəbi də bizim müxalifət adamlarının tənbəlliyi, biganəliyi və etinasızlığı ilə bağlıdır. Bəli, hər şeyi öz adı ilə adlandırmaq lazımdır...
Biz həmişə onlara - müxalifət adamlarına sayğı ilə yanaşmışıq, onlar haqqında mif yaratmışıq, onları zorla çəkib bugünkü günə gətirib çıxarmışıq... 
Belə etməsəydik onlar siyasi marafonu çoxdan tərk etmişdilər. Bu adamlar neçə illər jurnalistlərin və jurnalistikanın sayəsində gündəmdə qaldılar. Olsun.
Amma təzyiq jurnalistləri və jurnalistikanı hədəf seçəndə onlar əllərini əllərinin üstünə qoymadılar, medianı müdafiə etmək üçün heç nə etmədilər. O qədər tənbələşşib, o qədər biganələşiblər ki, özlərinə əziyyət verib bir bəyanat da yaymırlar...
Deyirlər ki, bu ölkədə heç nə etmək mümkün deyil. Amma soruşmaq yerinə düşərdi ki, siz nəsə etməyə cəhd etmisinizmi? 
Məsələ də bundadır ki, cəhd də yoxdur və heç kim özünə əziyyət vermək istəmir. Düşünürlər ki, onların əvəzinə kimsə etiraz edəcək, kimsə bəyanat yayacaq, amma siyasi dividendlər bunların aktivinə yazılacaq, çünki bunlara elə gəlir ki, əsas işi görüblər, müxalifət institutlarını ələ keçiriblər... 
Bu ölkədə kimdir müxalifət soruşanda əsas onların adı çəkilir, çünki müxalifətçilik də həmişə konkret institutlarla və ya strukturlarla assosiasiya olunur...
Amma daha düzgünü bu, olardı ki, deyəsən ki, ölkədə heç bir strukturlaşmış müxalifət yoxdur, insanlar pərakəndə şəkildə etiraz edir, buna görə təqib olunur, hətta həbsə atılırlar. Onlar isə bunların, bir az əvvəldə dediyimiz kimi,  siyasi dividendlərini mənimsəyirlər...
Burada mənim yadıma ayı və bal məsələsi düşür. Arı min cür əziyyət çəkir və min cür çiçəkdən bal çəkir. Axırda isə bu balı ayılar yeyir...
Ona görə də bəzən adam düşünr ki, biz jurnalistlər də gərək istiqamətlərimizi korrektə edək, elə edək ki, bizim balımızı ayılar yeməsin...
Açığı mən çoxdan siyasi təəssübkeşlik məsələsini bir tərəfə qoymuşam. Hətta müxaliftədən yazanda da ona görə yazmıram ki, onlara bu, bir dəstək olsun, sadəcə, bütün digər cəmiyyət özəklərini olduğu kimi müxalifəti də araşdırmaq və təhlil etmək istəyirəm...
Gəldiyim qənaət də budur ki, artıq müxalifət yoxdur və ürəyi istəyənlər onların ardınca bir salavat da çevirə bilərlər. Bəli, onlar yoxdur. Ona görə də heç kimə müxalifət, müxalifət lideri deməyin... İstəsəydilər özlərini yada salmağın yolunu tapa bilərdilər. Amma istəmirlər. Əgər onlar istəmirlərsə, biz də lap dünəndən istəmirik...
Deyə bilərsiniz ki, bəs özün necə? Müxalifətçi deyilsənmi? Bircə onu bilirəm ki, mən 90-cı illərdə nə ilə məşğul olurdumsa indi də onunla məşğulam -yazıram, pozuram və bununla ürəyimdən, necə deyərlər, bir tikan çıxaran kimi hiss edirəm özümü...
Deyə bilərsiniz ki, bəs müxalifəti niyə yada salırsan? Cavabım belə olacaq ki, adam bəzən ölüləri də yada salır, yaxşısına rəhmət oxuyur, pisinə isə lənət...
Bir də ki, mən siyasi təhlilçiyəm. Müəyyən mənada bu ölkənin siyasətindəki “aktror”ları, komponentləri, strukturları və institutları araşdırmaqla məşğulam...
Əslində onlar var, ya yox, bunun mənə elə bir isti - soyuğu yoxdur. O işlərlə ki, mən məşğul oluram, bunu qətiyyən müxalifətçilərə görə etmirəm... 
Bir dəfə bir jurnalist dostum dedi ki, yazmaq lazımdır, sonuncu oxucu qalana qədər yazmaq lazımdır. Bu sözlər o vaxt mənim çox xoşuma gəlmişdi. İndi də onları əldə bayraq edib yazıram, bəzən tənqid edir, bəzən təqdir edir, bəzən də hətta məsləhət və təklif verməyə çalışıram...
Elə bu yazını yazmağa başlayanda da özümdən soruşdum ki, olmayan müxalifəti yada salmaqla düzgünmü iş görürəm? Sonra qərara gəldim ki, bəli, düz edirəm - mən ölkə siyasətini təhlil edirəm, siyasət isə kompleks anlayışdır... 
Və nə yazıqlar ki, bu kompleksə müxalifət anlayışı da daxildir, hətta o, olmasa belə, hətta o, maddi bir varlıq kimi özünü hiss etdirməsə belə...
Təbii ki, mən də istərdim, özü də çox istərdim ki, bizim ölkəmiz də elə qardaş Türkiyə kimi olsun, buralarda da seçki olsun, müxalifət olsun və siyasi tədbirlər olsun...
Amma yoxdur. Bu yoxluq ürəyimi didsə də ondan həvəssiz, peşiman da olmuram, nə işlə məşğul olmuşamsa, onunla da məşğul oluram. Ən azı ona görə ki, hamı özünə cavabdehdir. Və boş-boşuna yaşamayanların bu ölkədə deyə biləcəyi son söz “Heç olmasa, mən cəhd etdim!” sözləri olacaq... 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ