SON DƏQİQƏ

PressDent.Info

Rusiya Qafqazda niyə cəhd edir?

Rusiya Qafqazda niyə cəhd edir?
25-10-2015, 13:24 26377 dəfə baxılıb

Daxili siyasətdə baş verən gərgin proseslər yaxın vaxtlarda baş tutacaq bir hadisəni-prezidentin Gürcüstana səfərini bir qədər arxa plana keçirdi. Amma ki, səfərin maraqlı və əhəmiyyətli olacağını ən azı bir işarədən bilmək olar – Rusiya mətbuatı noyabrın ilk günlərində baş tutacaq səfərə artıq ayrıca məqalə həsr etmişdi...
Gürcüstanın önəmindən danışmaq bir qədər yersizdir. Təsadüfi deyil ki, Rusiya Qafaqzda iki dövlətin – Azərbaycanın və Gürcüstanın durumunu diqqətlə izləyir, bu iki ölkənin davranışını proqnozlaşdırmağa cəhd edir. İndi, Gürcüstanda hakimiyyətin müxalifətin sərəncamında qalmış yeganə tele-ruporu ələ keçirmək istədiyi vaxtda bu məsələlər daha da aktuallaşır və düşünmək üçün predmet verir...
Məsələ həm də ona görə maraqlıdır ki, rusiyalı siyasətçilərin və təhlilçilərin bir sözü vardı. Onlar həmişə deyirlər ki, Azərbaycana toxunmaq lazım deyil, Gürcüstanı götürmək kifayətdir ki, Azərbaycan Kremlin qarşısında növbəyə dayansın...
Ona görə də biz Gürcüstandakı prosesləri daha ciddi araşdırmaq istərdik, gəl, bunun üçün yetərincə informasiya yoxdur. Bircə onu demək olar ki, ötən müddət ərzində əhalinin hakim “Gürcü arzusu” koalisiyası ilə bağlı qənaətə gəlmək imkanları olub. Bu koalisiya faktiki olaraq dediklərinin heç birini edə bilmədi – nə sovet dövründən qalma zavodlar işə düşdü, nə də Rusiya ilə münasibətlər yoluna qoyuldu. Hakim partiya Rusiyaya yaxınlaşmaq üçün bir neçə dəfə cəhdlər edib, amma bu cəhdlər həm yerli ictimai rəyin Rusiyaya bir o qədər də köklənməməsi ucbatından, həm də Rusiyanın maksimalist tələbləri üzündən elə bir nəticə verməyib – Rusiyadan nəsə qoparmaq üçün gərəkdir ki, onun liderlik etdiyi qurumlardan birində, ya MDB-də, ya da Avrasiya İttifaqında olasan. Buna isə Gürcüstandakı siyasi və ictimai ovqat bir o qədər də imkan vermir...
İndi Rusiyanın Gürcüstanı şirnikləndirmək üçün əsas vasitəsi enerji daşıyıcılarıdır. Bunu da Azərbaycan təmin edir. Ona görə də Rusiyada başa düşürlər ki, Azərbaycanın enerji arteriyalarını Gürcüstanda nəzarətə götürmədən bu iki ölkəni öz orbitinə cəlb etmək elə də asan olamayacaq və böyük ehtimalla nə qədər ki, bu “siyasi dublet” qırılmayıb onlarla davranmaq çətin olacaq...
Elə bu səbəbdən də Rusiya öz nəzarət sərhədlərini Gürcüstanın içərilərinə doğru çəkməkdə davam edir. Məhz elə bu yolla Bakı-Supsa marşrutunun bir hissəsi Rusiyanın nəzarətinə keçib...
Ona görə də vəziyyət nə panika yaradacaq dərəcədə mürəkkəb, nə də arxayın olmaq dərəcədə sadə deyil – Rusiya yenidən özünün böyük iddialarına qayıdıb. Əgər indi Rusiya təyyarələrinin sorağı Suriyadan gəlirsə, bu, o deməkdir ki, rusların geosiyasi debütü heç də tamam uğursuz deyil. B.Əsəd ölkəsində vətəndaş müharibəsi başlayandan ilk dəfə xaricə çıxdı və Moskvaya səfər etdi. Bu səfər Suriyada siyasi vektorları təxmin etmək üçün yetərincə əsas verir...
Amma bizim mövzumuz Azərbaycan və Gürcüstandır. Rusiyanın izilə ona görə addımlamaq zorundayıq ki, Rusiyanın Qafqazlara qayıdışı yolunda indi ən böyük maneə bu iki ölkədir. Onlar, bir daha deyirik ki, biri-birilə bağlıdır, Gürcüstansız Azərbaycan üçün, Azərbaycansız da Gürcüstan üçün çox çətin olardı. Onlar yalnız birlikdə olanda Rusiya üçün problem ola bilirlər, kimsə bu zənciri qırsa və ya onu qırmağa cəhd etsə, onda Rusiyanın müşkülü həqiqətən də düzələr...
Azərbaycan Gürcüstana çox önəm verir. Ümid edirik ki, hakim ”Gürcü arzusu” koalisiyası bunun fərqindədir. Bu, təkcə əvvəldə qeyd etdiyimiz qaz və yaxud benzin məsələsi deyil. Neftin qiymətdən düşməsi Azərbaycanı çox intensiv şəkildə alternativ imkanlar axtarmağa sövq edir. Bu imkanlardan biri də tranzit imkanlarıdır. Bu yaxınlarda Azərbaycanda hətta xüsusi bir qurum da yarandı. Belə bir məqanda Bakı-Tbilisi-Qars dəmiryolu xəttini unutmaq olarmı? 
Təəssüf ki, bu xəttin Türkiyə hissəsində işlərin yubanması ucbatından onun istifadəyə verilməsi ləngiyir. Fəqət, tərəflər yəqin ki, bu layihənin önəminin fərqindədir. Güman edirik ki, həm bu layihə, həm də Azərbaycanla İranın dəmiryollarrının birləşdirilməsi imkanı bütövlükdə regionun tranzit qabiliyyətini bir neçə dəfə artırmaq iqtidarındadır...
İran dedik, bir məsələ də yada düşdü. İranla Qərbin münasibətlərinin mülayimləşməsi, bu ölkəyə qarşı sanksiyaların götürülməsi Azərbaycan üçün bir dəhliz də açır – bu da İrandır. Bir vaxt Bakı-Ceyhan xəttini İrandan keçirmək mümkün olmadı, çünki o vaxt İran Qərblə ciddi konfrontasiyada idi. 
Amma indi bu maneə yoxdur. Elə bu səbədən Azərbaycanda düşünməməlidirlər ki, Gürcüstan ölkə üçün yeganə nəfəslikdir. Yox, indi İran dəhlizi də var ki, bu, da çox şey, o cümlədən Fars körfəzinə çıxış vəd edir...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ