SON DƏQİQƏ

PressDent.Info

Belə də seçki olur...

Belə də seçki olur...
24-10-2015, 20:00 24731 dəfə baxılıb

Bəlkə də MSK-dan səslənən epizodik xəbərlər olmasaydı adam bu ölkədə cəmi bir neçə gündən sonra seçki, özü də parlament seçkisi olacağına inanmazdı. Amma inansaq da, inanmasaq da, bunu seçki hesab etsək və hətta etməsək də bu yaxınlarda seçki olacaq...
Fəqət, təkcə Azərbaycanda seçki olmayacaq. Qardaş Türkiyə də seçkiyə hazırlaşır. Və məni mütəəssir edən epizod da Türkiyədəki seçki ilə bağlıdır. O gün televiziyada maraqlı bir epizod gördüm. Müxalifət lideri K.Kılıçdaroğlu danışır, minlərlə adam da onu dinləyirdi. Üstəlik, güclü yağış da yağırdı. Gəl ki, heç kim yağışın fərqində deyildi...
Açığı, mən kanalı nə vaxt çevirirəm, elə müxalifət nümayəndələrinin danışmasını görürəm. Bəli, Türkiyə müxalifətçiləri hakimiyyəti o ki var, elə də, belə də tənqid edirlər. Hər dəfə də məndə sual yaranır: əcəba, siz bizim Azərbaycanda olsaydınız nə edərdiniz?
Azərbaycanda müxalifətin parlamentə düşüb-düşməməsi bir tərəfə, hətta iş o yerə gəlib ki, pulsuz efir vaxtı almaq üçün heç bir partiya zəruri baryeri guya ki, aşa bilmir...
O gün fikir verdim, 400-dən çox adamın öz namizədliyini geri götürdüyünü dedilər. Niyə belə olur? Hərə seçkiyə bir məqsədlə qatılır. Hamısını bir tərəfə qoyuram, amma müəyyən qisim insanlar üçün də seçki bir növ siyasi debütdür ki, bundan siyasətə yeni gələn insanlar yararlanmağa çalışırlar...
Fəqət, onlar da başa düşür ki, əbəs yerə əziyyət çəkməyə, pul və vaxt xərcləməyə ehtiyac yoxdur. Ona görə namizədliklərini geri götürürlər. Hakim partiya bunu nə ilə izah edir, bilmirəm, amma onu bilirəm ki, əsl səbəb budur...
Bəli, bizə yalnız baş verənlərə baxmaq və köks ötürmək qalır. Bir də ölkədə, hakimiyyətin öz içində baş verən proseslərlə bağlı pıçıldaşmaq qalır ki, bunun da elə bir faydası yoxdur...
Türkiyədə də çox şeyi bəhanə edə, seçkini məhdudlaşdıra bilərdilər. Amma ki, etmirlər, millətə seçmək və seçilmək imkanı verirlər...
Demokratiyanı məhdudlaşdırmaq üçün ən böyük bəhanə təhlükəsizlikdir. Gəl ki, az qala hər gün terror aktı olmasına baxmayaraq qardaş Türkiyədə insanlar mitinqlərə gəlir və hakimiyyət də buna mane olmur...
Amma bizdə nə baş verir? Neçə illərdir ki, etiraz aksiyalarına icazə vermirlər ki, bəs yol hərəkəti üçün guya ki, problem yaradır...
Ona görə də adam az qalır ki, özünə türkiyəli desin. Bəli, hamımız türkük, gəl hamımız türkiyəli deyilik. Amma Türkiyədəki qaydaları görəndə deyirsən kaş heç olmasa, mən də türkiyəli olaydım...
Ən başlıcası isə bilirsiniz nədir? Mən bizim hakimiyyətin başbilənlərini dinləyirəm. “Böyük mətləblər” xırdalayır, elə hey siyasətdən danışrlar. Amma mənim beynimdən bir fikir keçir: bəylər, axı siz hələ siyasətçi üçün, böyük siyasətə iddialı adam üçün ilk mərtəbəni keçməmisiniz - hətta parlament seçkisini udmamısınız...
Hamıya deyirlər ki, sizə xalqın adından danışmağa kim haqq verib? Tamamilə doğru iraddır. Amma bunun o biri tərəfi də var. Onlar da soruşa bilərlər ki, bəs sizə kim haqq verib?..
Məsələ də elə bundadır. Düzdür, bundan da qurtuluş var. Bir tanışım deyirdi ki, neçə illərdir ki, Azərbaycan kanallarına baxmıram... Təəssüf ki, mən belə bacarmıram, maraq məni çəkir, bilə-bilə ki, doğru-dürüst bir şey verməyəcəklər, yenə də bizim kanallara çevirirəm ki, görüm nə göstərirlər?..
 
Bəli, parlament seçkisini də bələdiyyə seçkisinə bərabər etdilər. Demək olar ki, bələdiyyə seçkisində olduğu kimi, tamam etinasızlıqdır, necə deyərlər, heç kim heç kimin kitabını oxumur...
Bunları hətta hansısa namizədin bir-iki dəqiqəlik çıxışı qorxudur! Məhz buna görə də guya ki, heç bir partiya pulsuz efir üçün zəruri baryeri “aşa bilmir”....
Nə etmək olar? Bu sualı sizə yox, özümə ünvanlayıram. Bayaq dediyim kimi, heç nəyə fikir verməmək də olar. Amma bacararammı?..
Bu günlərdə hətta Gürcüstanda Rustavi-2 telekanalı ilə bağlı qalmaqal yaşandı. Bu kanalı özünün keçmiş sahibinə qaytarmaq, bu yolla da onun səsini boğmaq istəyirdilər. Bilmədim necə bitdi bu məsələ... Ona görə ki, mən bu sətirləri yazanda hələ proses gedirdi... 
Amma demək istədiyim nədir? Bizdə telekanalların başına min bir oyun açırlar, fəqət, dillənən tapılmır. Baxıb görürsən ki, gürcülər nəsə etməyə cəhd göstərirlər...
Ona görə də gileylənməyək ki, azad deyilik, ölkədə azadlıq yoxdur! Nə vaxt biz “qızıldan qiymətli” vaxtımızın heç olmasa, kiçik hissəsini azadlıq naminə sərf etdik ki, indi də azadlığın olmamasından gileylənək?..

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ