SON DƏQİQƏ

PressDent.Info

Bir uçuşda Nyu-Yorka, Londona və Parisə getmək…

Bir uçuşda Nyu-Yorka, Londona və Parisə getmək…
22-10-2015, 23:24 23683 dəfə baxılıb

Bir nəfər uçuş üçün hava limanına gəlir və bilet yoxlaması olan masaya yaxınlaşıb deyir: “Biletimdən gördüyünüz kimi, Nyu-Yorka gedirəm. Ancaq verdiyim qara çamadanın Londona, qırmızının Parisə getməsini istəyirəm”. Nəzarətçi qadın heyrətlə cavab verir: “Bağışlayın, amma belə bir şey mümkün deyil axı.” Adam gülümsəyərək deyir: “Bunu eşitdiyimə çox sevindim. Keçən dəfə belə etmişdiniz amma…”

Azərbaycanın indiki durumu da özü bir istiqamətə, yol çantaları başqa-başqa istiqamətlərə gedən sərnişinin durumuna bənzəyir. Mənzil başına can rahatlığı ilə yetişməyi sual altında olan sərnişinin durumuna. Bəzən insan öz-özünə əndişəli suallar verməkdən belə dayana bilmir. Bu gedişlə hara gedirik? Seçkiyə on gündən də az vaxt qalan bir ölkədə toz-duman qarışıb bir-birinə. Iqtisadiyyat, səhiyyə, təhsil, nəqliyyat sistemi bərbad demişkən, işin içindən milli təhlükəsizlik məsələmizin lap dəsmal götürüb ağlamalı olduğu aşkara çıxdı. Bunu bilməmiş deyildik, əslində. Uzun illərdir yaşadığımız məmləkətin halı, müxalif fikirli insanların başına açılan müsibətlər, izləmələr, dinləmələr, şərləmələr onun açıq göstəricisi idi. Ancaq işin astarının üzündən daha betər olduğu kimsəyə aydın deyildi ki, artıq o da oldu. Rəsmi açıqlamalarda səslənən ittihamlar o qədər ciddidir ki… Hələ vəzifədən sui-istifadə sayəsində qazanılan pullar, qurulan holdinqlər, alınan mülklər başqa bir mövzunun söhbətidir. Xülasə, ölkənin və insanların təhlükəsizliyini qorumaq cavabdehliyi daşıyan qurumlar bu hala gəlib, biz də durub qanundan, hüquqdan dəm vururuq…

Qanun demişkən… Yaxınlarda şərlənərək həbs edilən AXCP Rəyasət Heyətinin üzvü Məmməd Ibrahimlə bağlı pərdə arxasında qurulan planlar da açığa çıxdı. Möcüzə baş vermədi və gözlənənlər özünü doğrultdu. Onun ittiham olunduğu maddə də dəyişdirilərək ağırlaşdırılıb. Indi ona qarşı irəli sürülən 221.2.2-ci maddəyə görə 3 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur. Hansı ki, onun kimsəyə söz atdığı, əl vurduğu, barmaq toxundurduğu belə yox. Belə ağ yalanları biz illərdir görə-görə gəlirik. Sıralarımızdan neçə günahsız insan bənzər iftiraların qurbanı olub. O sıradan, Qənimət Zahid və Seymur Həzi kimi qələm sahibləri. Bütün bu yalan-palanların düzülüb-qoşulmasında, məhkəmə salonlarına daşınmasında, həbsxanalara qədər yol getməsində məhz həmin o orqanların böyük əməyi var. Ölkənin hüquq-mühafizə sistemi bu gündədir. Yəni quzunu qurda tapşırıblar və quzuların gündən-günə azaldığından da, guya kimsə xəbər tutmayıb. Guya bütün bunlar gözlənmədən, xəyal edilmədən, inanılmadan baş verib və hamını heyrətləndirə biləcək qədər təəccüblü şeylərdir…

Bəli, ölkənin halı qəlizdir. Biz də yuxarıda bəhs edilən əhvalatdakı kimi, bir uçuş bileti ilə üç istiqamət arasında əsir-yesir qalmış durumdayıq. Bu qeyri-müəyyən durum nə qədər də uzun çəkdi! Hələ nə qədər çəkər də, kim bilir. Mühüm postlara təsadüfi, məntiqsiz təyinatlar nə vaxta kimi davam edəcək, bilən yox. Iqtisadi tənəzzül, siyasi gərginlik, hüquqsuzluq və qanunsuzluq hara qədər gedəcək, cavab verən yox. Belə cavabsız suallarla bir məchula doğru sürüklənirik. “Axırı xeyir olsun” deyirəm yenə. Amma işin içində xeyirli bir şey görünmür, nə yazıq…

Səadət Cahangir

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ