SON DƏQİQƏ

PressDent.Info

ABŞ İranı bağışlayır?

ABŞ İranı bağışlayır?
22-10-2015, 23:04 29078 dəfə baxılıb

Əvvəlcə başqa söz deyilmişdi. Bəli, dedilər ki, İranın ali ruhani lideri Ə.Xameneyi ABŞ-la danışıqları yasaq edib. Daha sonra bildirdilər ki, bəs, yox, o, nüvə sazişinə “hə” və ya “yox” deməyin parlamentin işi olduğunu bildirib...
 
 
Qərəz, indi məlum oldu ki, ABŞ və Avropa Birliyi İranla bağlı sanksiyaları götürməyə qərar verib və bunun üçün artıq müvafiq göstərişlər də edilib...
Təbii ki, regionda və dünyada siyasi ab-havanın mülayimləşməsi bütün halda yaxşıdır. Bu mənada İran-ABŞ razılaşmaları da istisna deyil...
Elə bizim üçün də bu, müəyyən mənada sərfəlidir. Birincisi, ona görə ki, bu illər ərzində məlum oldu ki, ABŞ bizi ən çox maraqlandıran məsələyə - Cənubi Azərbaycan probleminə o qədər biganədir ki, hətta gələcəkdə İranın federallaşmasını da nəzərdə tutmur... 
Belə olan halda bizə nə qalırdı? Boş yerə ABŞ-İran münasibətlərinin ağırlığını çəkməkmi? Hansısa naməlum bir işdə ABŞ-a müttəfiqlik etmək və bunun əvəzində İrandan boş yerə təpkilər almaqmı?.. 
Ona görə də ABŞ-la İranın münasibətlərinin mülayimləşməsi ən azı bizim də dövlət maraqlarımıza cavab verir – bununla biz yersiz müttəfiqlik öhdəliklərindən qurtulmuş oluruq ki, bunun özü də az iş deyil. İkincisi, İranla münasibətləri coğrafiyanın özü diqtə edir. Biz nə etsək də coğrafiyanı dəyişə və tamam yeni siyasi coğrafiya yarada bilmərik... 
Ona görə də İranla ABŞ-ın barışması regiondakı gərginliyi azalda bilər ki, bunun özü də çox böyük işdir. Amma ürəklərdə bir nisgil qalır. Bilirsinizmi söhbət nədən gedir?
Birinci soyuq savaş zamanı kommunizm ideyasına qarşı Qərb başqa bir ideya qoymuşdu. Bu, azad bazar iqtisadiyyatı və demokratiya ideyası idi. Demirik ki, belə vəziyyət hər yerdə və hər zaman yüzə-yüz gözlənirdi, yox, bəzən sadə geosiyasi müttəfiqlik də yetərli sayılır, hansısa ölkənin SSRİ-nin yanında deyil Qərbin yanında olması bəs edirdi...
Amma ümumilikdə götürəndə alternativ ideya vardı. Bu gün belə bir ideya yoxdur. Bəli, orataya yeni dünya nizamı ideyasını qoymaq olardı, amma hələki belə bir ideya yoxdur və heç kim də onu yaratmaq üçün özünə əziyyət vermək istəmir...
Elə bu səbəbdən də indiki soyuq savaşda bir ideyasızlıq var. Əvəzində isə maraqlar, necə deyərlər, yuxarı həddədir. ABŞ iki cəbhədə vuruşmaq istəmir və Rusiyanın energetik imkanlarını neytrallaşdırmaq üçün İrana qarşı siyasətini dəyişir...
Təbii ki, burada da bir qeyri-səmimilik var. İrana qarşı sanksiyalar bu ölkədə mövcud olan siyasi sistemə görə tətbiq edilmişdi. İndi də İranda həmin rejim qalıb. Amma sanksiyalar götürülür. Bu, o demək deyilmi ki, artıq Qərb də bu rejimlə barışır?..
Bəlkə də diplomatlar başqa söz deyə bilərlər, bunu başqa cür yozarlar. Amma məsələ iki üstə gəl iki kimi aydındır – İran rejimi legitimlik mandatı almaqdadır...
Bəlli olur ki, hətta demokratiyadan da vaz keçmək mümkündür. Özü də bunu yenə də “təhlükəsizlik” bayrağı altında edirlər...
Elə bu səbəbdən də İran rejiminin qələbəsindən danışmaq daha məntiqlidir və doğru-dürüstdür, nəinki Qərbin qələbəsindən danışmaq...
Doğrusu, biz İranın nüvə proqramından tamam əl götürəcəyinə inanmırıq və bununla bağlı bir az şübhə edirik. Nüvə hədəfinə bu qədər yaxın olduğu halda İran ondan əl çəkərmi?..
Birmənalı şəkildə demək çətindir. Bir daha deyirik ki, biz buna şübhə edirik. Amma bu dünyada nələr olmur? Ona görə də inanmaqdan savayı çarəmiz də qalmır. Lap prinsipə qalsa, əlimizdə bircə vasitə var ki, o, da inanmamaqdır, amma o, da heç nəyi həll etmir...
Əsas odur ki, İran rejimi daha əvvəlki təpki altında deyil. İran hakimiyyəti bunu bacardı – insan haqları da arxa plana keçdi, demokratiya da... Potensial nüvə təhlükəsi onların hamısını sıxışdırıb aradan çıxardı...
Fəqət, yenə də narahat deyilik. Bizə konkret olaraq  heç nə vəd etmədiyindən İran – ABŞ qarşıdurması bizim üçün də tamam lüzumsuz idi...
Güman edirik ki, sanksiyaların götürülməsi İranla müttəfiqlik məsələmizi bir az da dərinləşdirəcək. İran əvvəllər sanksiyaları bəhanə edərək Ermənistanla geniş əlaqələr qururdu. İndi ondan bu əlaqələrə yenidən baxmağı tələb etmək və onun kimin tərəfində olduğunun hesabını sormaq olar...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ