SON DƏQİQƏ

PressDent.Info

Kütləvi stress...

Kütləvi stress...
19-10-2015, 11:26 23247 dəfə baxılıb

Əgər cəmiyyət vəziyyətinin fərqində deyilsə, bu vəziyyətdən çıxış yolu ilə bağlı axtarışların olmaması və yaxud da olduqca seyrək olması elə də təəccüblü görünməməlidir: “kütləvi xoşbəxtlik” çağlarında bədbəxtləri görməmək və onları duymamaq adi haldır. Bəlkə də burada xoşbəxtlik sözünü bir qədər ehtiyatla yazmaq lazımdır, çünki insanlar arasında təlaş da duyulur...
Amma bu təlaş daha çox ehtimal olunan iqtisadi böhranla bağlıdır - hökumətin vədlərinə rəğmən insanlar bazarlarda və dükanlarda hər gün sürprizlə qarşılaşırlar. Bu sürprizlər hökumətin proqnozlarından və izahlarından o qədər uzaq olurlar ki, insanları bir az əvvəldə dediyimiz kimi, təlaş bürüyür...
İnsan hər gün yağın və ya çörəyin qiymətinə diqqət kəsiləndə onu siyasi azadlıqlar çox az düşündürür. Ona görə ki, acların birinci qayğısı maddiyyətlə daha çox bağlı olur, nəinki mənəviyyatla...
Yazıya ideoloji sözünü, məsələsini qatmaq istərdik. Təəssüf ki, 24 il ərzində ölkədə ideoloji differensasiya getmədi. Ona görə də kimin hansı ideoloji cinaha aid olduğunu demək çox çətindir. İndi insanlar sosial vəziyyətlərinə görə daha çox differensasiya olunublar, nəinki ideoloji-siyasi baxışlarına görə. Burada o qədər dolaşıqlıq yaranıb ki, adət etdiyimiz “bazis-üstqurum” məsələsi da özünü doğrultmur - azərbaycanlılar hələ də daha çox apolitik cəmiyyət olaraq qalır...
 
Biz öz dünyagörüşümüzə görə daha çox fərdiyyətçi insanlarıq. Mülkiyyətə çox önəm veririk. Bir az da konsevativik, potensial dəyişikliklərə çox ehtiyatla yanaşırıq. Bunları sadalayanda adam “Biz neokonsevatorlarıq” demək istəyir, di gəl, bacarmır, çünki biz bir çox dəyərləri məhz özümüzə tətbiqən qəbul edir və buna önəm veririk- bir fərd kimi özümüzü sevirik, amma başqa birisində fərd görmürük, mülkiyyətə böyük inam veririk, amma bütövlükdə mülkiyyət institutuna sayğımız yoxdur. Bir sözlə, yaman eqoistik...
Bəlkə də bu eqoizm bizi digərlərilə birgələşməyə qoymur. Bəlkə də elə bunun  nəticəsidir ki, cəmiyyətdəki ideoloji ovqat sosial-siyasi qrupların yaranmasına təkan vermir...
Faktiki olaraq əsl siyasi partiyaları görmək bizə qismət olmadı. Partiyalar digər ölkələrdə olduğu kimi ciddi iqtisadi və siyasi məzmun ala bilmədi. Onlar faktiki olaraq dünyasını erkən dəyişən uşaqlara bənzədilər...
Amma burada bizim siyasi partiyalar haqqında rekviem yazmaq fikrimiz yoxdur. Ən azı ona görə ki, çox yazmışıq bu haqda. Bir daha bu mövzuya üz tutaraq demək olar ki, bir tərəfdən funksionerlərin eqoizmi, o biri tərəfdən də hakimiyyətin təzyiqləri siyasi partiyaları heç etdi...
Yaxın vaxtlarda onların dirçələ bilməsinə elə bir ümid yoxdur, çünki o siyasi və iqtisadi sistem ki, ölkədə bərqərar olub onun çərçivəsində güclü siyasi partiyalar ola bilməz-bunun adı avtoritarizmdi, bu halda siyasi həyat tamamilə hakimiyyətin nəzarətində olurlar...
Niqsbi iqtisadi azadlıqlar həmişə olub. İndi də ölkədə niqsbi iqtisadi azadlıqlar var. İnsanlar da bununla kifayətlənirlər. Böyük əksəriyyət dəyişiklik istəmir və insanlara elə gəlir ki, belə daha yaxşıdır. Onlar ona görə belə düşünürlər ki, bu sistemlə “dil” tapa biliblər, onların davranışını proqnozlaşdırmağı bacarırlar... 
Qalan bütün ssenarilər və variantlar isə özündə qeyri - müəyyənlik və mücərrədlik vəd edir. İnsanlar isə bunu sevmirlər...
Maraqlıdır ki, bu, təkcə bizdə belə deyil. Rusiyada da təhlilçilər cəmiyyətin azadlıq ideyasından çox uzaqlaşdığının fərqindədirlər. Rusiyalılar V.Putini də əvəzedilməz hesab edir və ona böyük siyasi dəstək verirlər. Təhlilçilər belə bir halı “kollektiv stress” adlandırır, çünki o, gələcək qarşısında, ehtimal olunan dəyişikliklər qarşısındakı qorxudan yaranır...
Belə bir “kollektiv stress” Azərbaycanda da var. “Başqa kim var?” sualı ölkəni üzdü, onu sərt avtoritar bir rejimə sürüklədi. İnsanlar “Bunların heç olmasa, rüşvət istədiyini bilirik, başqalarını, ümumiyyətlə, başa düşümürük!” deyərək özlərini avtoritar sistemə təslim etdilər...
İnsan nədən daha tez imtina edə bilirsə, deməli onun üçün bu, ən az önəm və əhəmiyyət kəsb edir. Azərbaycanlılar da siyasi azadlıqlara önəm vermədilər və bunu demək heç də böyük yanlışlıq deyil, ən azı ona görə ki, bu illər ərzində hakimiyyət böyük, hiss olunacaq müqavimətlə qarşılaşmadan bütün siyasi azadlıqları heç etdi...
Deməli, azadlıq insanlar üçün dəyər deyildi, olsaydı onda azadlığı da evlərini, mülkiyytələrini və ailələrini qoruyan kimi qoruyardılar...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ