SON DƏQİQƏ

PressDent.Info

Niyə susaq?

Niyə susaq?
17-10-2015, 11:24 31255 dəfə baxılıb

Bu günlərdə Əhməd Cavad haqqında maraqlı veriliş verdilər. Özümdən qətiyyən asılı olmayaraq bir də hiss etdim ki, boğazım quruyub, çox çətinliklə nəfəs alıram...
Özümü ona görə pis hiss etdim ki, az qala dilimin ucunda bir hayqırtı donub qalmışdı. Onu nə deyə bilirdim, nə də geriyə qaytara, uda bilirdim... 

Qeyri-ixtiyari olaraq bağırmaq istəyirdim ki, axı bütün bunlar nə vaxt qurtaracaq? Nə vaxta qədər bu millətin azadlıq deyilən dilləri kəsiləcək, nə vaxta qədər bu millətin haqq və ədalət hayqıran ağzı yumulacaq? Axı nə vaxta qədər?..

Desəm ki, Əhməd Cavaddan, 30-cu illərdən sonra bu ölkədə çox şey dəyişib, bu, bəlkə də ağır qəbahət, böyük yanlışlıq olardı - bu millətin dəyərli oğulları və qızları hələ də yollarını məhbəslərdən salmaq məcburiyyətindədir...

Əhməd Cavaddan sonra bir dəyişiklik var, o da budur ki, indi daha sürgün yoxdur və əgər bu da olsaydı böyük dəqiqliklə demək olardı ki, bəli, bayırda hələ də 37-ci ildir...
Yox, mən mübaliğəni, vay-şivəni sevən adam deyiləm. Azacıq müsbət bir şey olanda çalışıram ki, onu hamıdan əvvəl dilə gətirim. Amma dilə gətiriləsi bir şey yoxdur - ölkə Özbəkistan və Türkmənistan olmağa doğru gedir. Biz də bu gedişin, bu çevrilmənin qarşısında acizik...

Dostlar deyir ki, biz hər şeyi müstəqilliyə görə qurban verdik. Amma baxıb görürsən ki, müstəqilliyin də bu ölkədə təminatı yoxdur, bu hakimiyyət hər an, hər saat öz tamahı (bəli, mən maraq yox, məhz tamah deyirəm!) naminə ölkəni yenidən kiminsə boyunduruğuna keçirə bilər...

İndi bunun qarşısında heç bir maneə yoxdur. Ona görə ki, milli müstəqilliyin təminatı ola biləcək azərbaycanlı insanı yoxdur. Onu gözü qıpıq ediblər, onu mənən sındırıblar, bir parça çörəyə möhtac ediblər...

Bir vaxt marksistlər deyəndə ki, proletariatın itirməyə heç nəyi yoxdur, mən bu sözlərdən qorxurdum. Ona görə ki, itirməyə bir şeyi olmayan adam sözün əsl mənasında “qorxulu”dur... 

Marksistlər deyirdi ki, guya belələrinin qisası hər şeyi dağıtmaq, guya ki, böyük inqilablar olur! Amma hələ o vaxtlar mənə elə gəlirdi ki, belələrinin ən böyük qisası etinasızlıq, biganəlik olur. Əslində elə o vaxtlar da proletar inqilabı proletariatın və kəndlilərin adından bolşeviklər tərəfindən edilmişdi, onlar isə bütün bu prosesi cinayətkarcasına seyr etmişdilər...

Bu mənada azərbaycanlı insanı da “qorxulu”dur. O, tamam biganə və etinasız bir mövqe tutub. Tamam seyrçidir. Düşünürsünüz ki, belə bir kütlə sabah durub müstəqilliyin davasını edəcək?.. Mən də buna inanmaq istərdim, amma inana bilmirəm...

Düzdür, etiraz edən, haqq və hüquq, haqq və ədalət uğrunda səsini qaldıran və etiraz edən insanlar da var... Amma onların aqibəti necə olur? Onları bu ölkədə nə gözləyir? Bax, məsələ də bundadır. Məsələ də bundadır ki, belələri Əhməd Cavadın taleyini təkrar etmək zorundadırlar...

Az qala elə hər gün rastlaşırsan ki, bəs filnakəsi saxladılar, filankəsin qohumunu həbs etdilər... Bir daha soruşmaq istəyirsən ki, axı nə üçün? Bütün bunlar nə üçündür? Niyə bu ölkə bizə bu qədər dar gəlib?..

Bəli, susmaq olar. Susub baş girələmək olar bu ölkədə. Amma hamı bunu bacarırmı? Hamı belə bir həyatı qəbul edirmi? Çətin məsələdir... Bəlkə də bu da bir az mübahisəli görünəcək. Kimsə deyə bilər ki, bəs sovet vaxtı necə dözürdünüz?..

Düzdür, haqlı və çətin sualdır. Sovetlər vaxtı da etiraz edənlər vardı. Bu, necə deyərlər, məsələnin bir tərəfi. Digər tərəfinə gəldikdə isə, sovetlər vaxtı ideologiyanın qismən az nüfuz etdiyi sahələr də var. İdeologiyanın təqibindən qurtulmaq istəyən gənclər bu səmtə yönəlirdilər...

Təbii ki, indi də belə etmək olar. Məsələn, özünü sənətə və elmə həsr etmək olar. Amma biz hər şeydən öncə həm də vətəndaşıq... Hara getsən, totalitarizm və avtoritarizm öz caynaqları ilə səni təqib edəcək. Sovetlər vaxtı da belə idi, indi də belədir...

Həm də insan susmaq üçün yox, danışmaq, qurmaq və yaratmaq üçün yaranıb. 
Bəlkə də bizim nəsil bunu belə ağrılı qəbul edir... Ona görə ki, bizim nəslin hər bir üzvündə qısaca da olsa sürən azadlıq dövrlərinin kiçik zərrəciyi qalıb...

Məhz bu zərrəcikdir bizi mübarizəyə səsləyən. Məhz bu zərrəcikdir bizi rahat oturmağa, zülmə qatlaşmağa qoymayan... 

Amma nə yaxşı ki, o varmış! Nə yaxşı ki, o, bizə dinclik vermir! O olmasaydı həyatımız nə qədər mənasız və sönük olardı!..

Hüseynbala Səlimov

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ