SON DƏQİQƏ

PressDent.Info

Lavrov nəyi müdafiə edirdi?

Lavrov nəyi müdafiə edirdi?
15-10-2015, 13:00 32557 dəfə baxılıb

Adam lap çaşqınlıq içindədir. Ha çalışırsan ki, anlayasan, amma bir nəticə hasil edə bilmirsən. Bəli, fikirləşirəm ki, görən, Azərbaycan üçün nə fərqi var ki, ATƏT seçkiyə 130, yoxsa 260 müşahidəçi göndərəcək?
Böyük idman tədbirlərinə sahiblik edən, hətta Avropa idman oyunları zamanı idmançıların gediş-gəliş xərcini belə öz üzərinə götürən Azərbaycan üçün müşahidəçilərin bir az artıq olması doğrudanmı bu qədər problemdir?
Bəli, bugünlərdə Rusiyanın xarici işlər naziri S.Lavrov da bizim hakimiyyətə qahmar çıxdı. O, Azərbaycanla ATƏT arasında müşahidəçi məsələsi ilə bağlı yaranmış problemi ATƏT-in öz strukturundakı problemlərlə əlaqələndirdi...
Açığı, onun çıxışından vassallıq məntiqi sezilirdi. Hətta bu, belə olmasa da, mənim üçün sual yaranır: nəyə görə S.Lavrov bircə dəfə belə olsun Qarabağla bağlı BMT TŞ-nin qəbul etdiyi dörd qətnamədən danışmayıb? Niyə görə o, bu qətnamələrin bu vaxta qədər yerinə yetirilməməsini BMT-nin strukturundakı problemlərlə, bu təşkilatın yarıtmaz fəaliyyəti ilə bağlamayıb? Təbii ki, Lavrov heç vaxt bunu etməz, çünki o, Azərbaycanın maraqları ilə Azərbaycan hakimiyyətinin maraqları arasında fərq qoyur və birmənalı şəkildə sonuncunu-hakimiyyəti müdafiə edir...
Hakimiyyət də bundan çox məmnundur, çünki onun üçün də irəlidə olan onun öz maraqlarıdır - Azərbaycanın milli maraqlarına diqqət yetirməmək də olar, əsas odur ki, hakimiyyətin maraqları nəzərə alınsın. Bunlar da nəzərə alınır, o səbəbdən ki, Rusiyada da kimə nə lazım olduğunu çox yaxşı başa düşürlər...
O ki qaldı seçkilərə, məgər aydın deyilmi? Doğrusu, bu il elə hadisələr baş verdi ki, biz hakimiyyətin builki seçkini bütün qaydalara uyğun keçirəcəyini düşündük - təkcə Avropa oyunları bir siyasi qüvvəyə, konkret halda, bizim bu hakimiyyətə öz aktivinə yetərincə reytinq yazdırmaq üçün kifayət idi...
Amma görünür ki, belə deyilmiş, bunlar özlərinin siyasi ənənələrindən elə də əl çəkmək niyyətində deyillər. İndi qeydiyyatdan keçmiş namizədlərin sayına baxıram - müstəqil namizədlər partiya namizədlərindən çoxdur. Əslində isə normal şərait olsaydı əksinə olmalı idi, hətta seçki majoritar qaydada keçirilsə belə...
Partiyalı namizədlər ona görə çox olmalı idi ki, partiya struktur, vəsait deməkdir, o, həm də siyasi dəstəkdir. Baş verənlər isə göstərir ki, partiyalar bu ölkədə bir heçdir...
Təsəvvür edin, “siyasi karuseli” yenə elə fırlatdılar ki, namizədlər pulsuz efir vaxtından istifadə edə bilməsinlər. Halbuki seçkinin yeganə maraqlı tərəfi də elə bu idi...
İndi gördünüzmü Lavrov kimi və nəyi müdafiə edir? Bəli, onlara lazımdır ki, bu ölkədə demokratiya olmasın. Bu, da təmin edilir...
Bizə isə təəssüf etmək qalır. Srağagün baxdıq, Avropa Birliyi hətta Belarusla bağlı mövqeyini bir azacıq mülayimləşdirib. Bunu ona görə edirlər ki, A.Lukaşenko onların bəzi tələblərini yerinə yetirib. Doğrusu, mən deyə bilmərəm ki, bu seçkilər Belarusda necə keçib... Amma burada bir məsələni  etiraf etmək lazım gəlir ki, hətta A.Lukaşenko belə seçkiləri qaydalara uyğun keçirməyə cəhd edir...
Bizimkilər isə özlərinə qətiyyən əziyyət vermək istəmirlər. Halbuki bəlkə də çox çalışsaydılar seçkini qaydalara uyğun uda da bilərdilər. Bunun üçün resurs yetəri qədərdir...
Amma istəmirlər, daha doğrusu, bacarmırlar. Bəlkə də başa düşür, anlayırlar ki, nə qədər cəhd etsələr belə, yenə məğlubiyyətə məhkumdurlar - ona görə ki, cəmiyyət ən azı bu hakimiyyətin məmurlarının ədasından bezib...
Beləcə, seçki ərəfəsi dövr artıq böyük ümidlərə qapılmamağı diqtə edir. Bəli, həmişə belə olub, indi də belə oldu...
Böyük ehtimalla demək olar ki, bu ölkədə demokratik seçki görmək bizə qismət olmayacaq. Fəqət, bu, hələ hamısı demək deyil. Ölkə sürətlə “özbəkistanlaşmağ”a, “türkmənistanlaşmağ”a doğru gedir. Bizim xırda, hətta kiçicik maarifçi fəaliyyətimiz də bu dalğanın qarşısında bir heçdir...
Amma bəziləri hələ də soruşur ki, Azərbaycan Avrasiya İttifaqına qoşulsa nə olacaq ki? O olacaq ki, ölkə əsl müstəbid rejimə çevriləcək, məmurların özbaşınalığı daha da artacaq, azadlıqlar daha da boğulacaq, hüquqlar tapdanacaq. Azdırmı? Demirik ki, bu illər ərzində Qərbin demokratik cinaha dəstəyi böyük oldu. Amma ölkənin sürətlə “asiyalaşma”sının bir az ləngiməsi məhz Qərbin sayəsində mümkün olmuşdu...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ