SON DƏQİQƏ

PressDent.Info

Proqnozlar bədbindir

Proqnozlar bədbindir
13-10-2015, 21:03 27160 dəfə baxılıb

Neft erası bitir. Azərbaycan postneft dövrünə hazırdırmı? Hakimiyyət nümayəndələri özləri etiraf edirlər ki, Azərbaycanda və bölgədə  iqtisadi durum kritik nöqtəyə transfer etməkdədir. 
İqtidarın 25 illik iqtisadi fəaliyyəti endşpil mərhələsinə qədəm basır. Artıq Azərbaycanın “regionun lider dövləti olması” fikri ilə ictimai rəyi manipulyasiya etmək də mümkün deyil. Manatın devalvasiyası, daxili istehsalın olmaması ölkədəki vəziyyəti daha da ağırlaşdırır. Ölkə valyutasının məzənnəsinin qeyri-sabitliyi bir çox şirkətləri iflasa uğrada bilər. Əslində Azərbaycandakı iqtisadi böhranın dərinləşməsi sürətlənib. Keçən ilin sonunda Azərbaycan hökuməti neftin qiymətinin 100 dollardan yüksək olacağını proqnozlaşdırırdı. Öncədən bəlli idi ki, bu nikbin proqnozun heç bir ciddi əsası yoxdur. Nüfuzlu analitik mərkəzlər neftin ucuzlaşması ehtimalının kifayət qədər yüksək olduğunu proqnozlaşdırırdılar. 
Bunun üçün xeyli iqtisadi əsaslandırma da mövcud idi - Avropa Birliyi ölkələrində və ABŞ-da borc böhranı genişlənməkdə idi. Təbii ki, borc böhranının genişlənməsi istehsalın aşağı düşməsi, iş yerlərinin itirilməsi və enerji resurslarına olan tələbatın azalması ilə müşayiət edilir ki, bu halda da neftin ucuzlaşması qaçılmaz olur. Digər tərəfdən, Rusiyanın çökdürülməsi istiqamətində Qərbin tətbiq etdiyi sanksiyalar neftin 40-50 dollara qədər ucuzlaşma ehtimalını artırırdı. Həmin dönəmdə hökumət neftin baza qiymətini 80 dollardan 100 dollara qaldırdı. Dövlət büdcəsində neft sektorunun payının 75 faiz olmasını nəzərə alsaq, neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına birbaşa təsir edəcəyini təxmin etmək olardı. Belə də oldu və büdcə böhranı, büdcə gəlirlərinin kəskin azalması büdcə kəsirinin kəskin artımına gətirib çıxardı. Valyuta ehtiyatları hesabına bu kəsiri ört-basdır etmək də mümkün olmadı. Üstəlik, Azərbaycanda neft hasilatı azalmağa doğru gedir. İstənilən halda neftin ucuzlaşması və qlobal böhranın sərhədlərinin genişlənməsi Azərbaycan iqtisadiyyatı üçün yaxşı perspektiv vəd etmir. Ancaq hökumət hələ ki bunun fərqində deyil - neft pullarını qısa müddət ərzində hesabdan silməyə çalışır. Neft ucuzlaşmaqda davam edəcəksə, hökumət nəinki büdcə böhranı, hətta sosial-iqtisadi böhranla da üzləşəcək. Çünki nefti çıxanda Azərbaycan iqtisadiyyatında heç nə qalmır - büdcə gəlirlərinin 75, ixracın isə 93 faizi neftin payına düşür. Vəziyyətin təhlili onu deməyə əsas verir ki, yaxın zamanda ölkə iqtisadiyyatında manatın möhkəmlənməsinə təsiri edəcək ciddi bir irəliləyiş olmayacaq. Bu isə öz vətəndaşının etimadını tam itirmiş hakimiyyətin siyasi iflasını da sürətləndirə bilər. Bunu artıq məmurlar da anlayırlar və 6 milyard manatın kredit adı ilə mənimsənilməsi batmaqda olan gəmini tərk etməyə hazırlaşan komandanın təşvişinə bənzəyir. Hətta kənar baxışla görünən budur ki, ölkə iqtisadiyyatı 25 illik keçid dövründən sonra da bazar iqtisadiyyatı qanunları ilə deyil, inzibatı üsullarla idarə edilir. Proqnozlar bədbindir. Artıq özü-özünü tənzimləmək imkanına malik olan liberal iqtisadiyyatdan da söhbət gedə bilməz. 
Bir tərəfdən ölkədə iflasın labüd olduğu görünür, digər tərəfdənsə alternativ siyasi güclərin zəifliyi prosesi alternativ meydana çıxanadək uzatmağa vadar edir. 
Siyasi sistemin əsas tərkib hissələri olan vətəndaş cəmiyyəti və siyasi müxalifət də böhran durumundadır və bu böhrandan çıxış yolları axtarmaq niyyəti görünmür. Bu isə iqtidarın içində alternativ axtarışı perspektivini daha da aktuallaşdırır. Göründüyü kimi, Azərbaycanda siyasi güc mərkəzlərinin taleyini beynəlxalq amillər müəyyən etməkdədirlər. Bir sözlə, mövcud durumda ölkənin siyasi müqəddəratının müəyyənləşməsində xarici faktorun rolunun artması qaçılmaz görünür. Lakin hazırkı mərhələdə xarici faktorun açıq müdaxiləsi mümkün olmadığından, bunun iqtisadi və digər qeyri-siyasi amillər vasitəsilə həyata keçiriləcəyi gözlənilə bilər. Dərinləşməkdə olan iqtisadi böhran isə rəsmi Bakını beynəlxalq kreditlərdən asılı edir...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ