SON DƏQİQƏ

PressDent.Info

Korrupsiya və rüşvətxorluq bəlası

Korrupsiya və rüşvətxorluq bəlası
11-10-2015, 01:27 21775 dəfə baxılıb

 

Cəmiyyətimizdə dərin kök atmış bir sıra neqativlər var ki, bunlardan da ən ən təhlükəlisi korrupsiya və rüşvətxorluq bəlasıdır. Son vaxtlar bu bəlnın aradan qaldırılması istiqamətində müəyyən inzibati tədbirlər görülməsinə baxmayaraq problemin köklü şəkildə həll edilməsi tam ciddiliyi ilə gündəmdə qalmaqdadır. Anlaşılan odur ki, antidemokratik şəraitdə antikorrupsiya tədbirləri absurd məslədir.
İdarə etmə mexanizminin əsasları korrupsiya və rüşvət üzərində qurulubsa, Azərbaycanda reallaşan beynəlxalq iqtisadi layihələrdən tutmuş kadr təyinatlarına qədər bütün fəaliyyət sahələrində bu neqativlərin elementləri özünə münbit yer tapıbsa, onda asanlıqla korrupsiya və rüşvətxorluğun aradan qalxmasına ümid bəsləyənlərin işi daha da çətinləşir.
Axı, canı, qanı rüşvət və korrupsiyadan yoğurulan rejim daşıyıcıların prezidentin onlara barmaq silkməsi ilə bir gecənin içində dönüb mələk olmasına və bütün istəklərindən, bir imza atmaqla, bir dövləti icazə sənədi verməklə ona milyonlar gətirən gəlir mənbəyindən asanlıqla imtina etməsinə necə inanmaq olar?
Şəffaflığın, ictimai ayıqlığın, hesabatlılığın, dövlət mənsublarının gəlirləri üzərində nəzarətin olmadığı, tək partiyalılığın, monopolizmin, sərt idarə etmənin, ayır-buyur siyasətinin hökm sürdüyü və bütün bu neqativlərin korrupsiya üçün əsaslı zəmin yaratdığı bir şəraitdə bir inzibati göstərişlə korrupsiya və rüşvətxorluğun aradan qalxa biləcəyinə inanmaq, əlbəttə, sadəlövhlükdən başqa bir şey deyil.
Bəlli məsələdir ki, hüquqi sistem konstitusion əsaslar üzrə qurulmadan, ölkədə hökm sürən özbaşınalıq və dərəbəylik üsuluna son qoymadan, əsaslı siyasi islahatlar aparmadan, ölkənin idarə etmə sistemində demokratik dəyişikliklərə başlamadan cəmiyyəti korrupsiya və rüşvətxorluq bəlasından xilas etmək mümkün deyil.
Əgər doğrudan da korrupsiyaya qarşı mübarizə prioritetlərə daxil edilibsə, onda qanunun aliliyi prinsipinin qorunmasına təminat yaradılmalı, dövlət məmurlarının fəaliyyəti üzərində ictimai nəzarəti gücləndirilməli, xalq etimadına layiq parlament formalaşdırılmalı, respublika quruluşunun mahiyyətini özündə ifadə edən hakimiyyət bölgüsünə riayət edilməlidir.
Korrupsiyaya və rüşvətə qarşı mübarizə elan etməklə iş bitmir. Rüşvət və korrupsiyanı yaradan zəmin aradan qaldırılmalıdır. Korrupsiyanın başında duranlar yüksək dövləti vəzifə daşıyanlar və vəzifə səlahiyyətlərindən sui-istifadə edib, dövlətin marağını öz xeyrinə satanlardır. Təbii ki, küllü miqdarda rüşvət verib hər hansı bir yüksək vəzifəyə təyin olunmuş istənilən şəxs bu itkinin yerini aldığı əmək haqqı ilə kompensasiya edə bilməyəcəyini anlayır və vəzifəyə təyin olunduğu gündən korrupsiya və rüşvət yollarına baş vurur.
Qabiliyyət göstəricisi sovet dövrü təlimatçılarının işgüzarlığından uzağa getməyən istənilən şəxs əyri yollarla və arxalandığı klanın gücü ilə nazir və ya icra başçısı postuna əyləşdirilir və ondan nümunəvi fəaliyyətin deyil, yuxarılara “nümunəvi” rüşvət çatdırmağın hesabı sorulmağa başlayır. Dövləti strukturlardan başlayan bu neqativlər sonradan cəmiyyətin bütün təbəqələrinə sirayət edir.
Bizneslə məşğul olmaq istəyən istənilən şəxs hər hansı iqtisadi layihəni həyata keçirmək üçün mütləq bürokratın doğanağından keçməli və bu layihəni həyata keçirmək üçün ona küllü miqdarda rüşvət verməlidir. Məktəb direktorunun, səhiyyə müdirinin ondan tələb olunan rüşvəti öz nazirliyinə və ərazisində yerləşdiyi rayonun icra başçısına çatdırmadan fəaliyyətə başlamasını təsəvvür etmək belə çətindir.
Məzunun ilkin işə başlaması üçün tələb edilən rüşvətin həcmi on min manatla ölçülür. Tenderlərdə iştirak etmək və müsabiqənin həqiqi qalibi olmaq onların bu sahəyə peşə hazırlığı ilə deyil yuxarılara çatdıracağı rüşvətin həcmi ilə dəyərləndirilir.
Müdafiə sisteminə nəzər salsaq burada da vəziyyətin ürək açan olmadığının şahidi olarıq. Buradakı təyinatlar hərbi qulluqçuların vətənpərvərliyinə, hərbi peşə hazırlığına, onun hərbi məsələlərdə nə qədər taktik və strateq olmasına ilə deyil, hansı yüksək rütbəli məmura yaxınlığına və nə qədər rüşvət verməsinə hesablanan məsələdir. Təbii ki, rüşvət verib, rüşvət toplamağa gələn şəxs hərbiçi deyil, əsgərin çəkməsini və paltarını satmağa, onun ailəsindən gələn qəpik quruşa meyllənən xırda alverçiyə çevrilir.
Deməli korrupsiya və rüşvətxorluq hakimiyyətin içindən qaynaqlanır və bunun aradan qaldırılması üçün hakimiyyətin siyasi iradəsi tələb olunur. Tələb olunur ki, yeni parlament formalaşsın. Parlamentin tərkibi, alverçi, işbaz, siyasi mühitə yad artist və bazar möhtəkirlərindən deyil, hüquqi, siyasi, tarixi və iqtisadi bilgisi olan, seçicilərin etimadını doğruldan, parlament mədəniyyətini dünya səviyyəsində təmsil etməyi bacaran insanlardan təşkil edilsin. Tutduğu vəzifəsinə görə parlament qarşısında hesabat verməli olanlar icra aparatına deyil məhz parlamentə hesabat versinlər.
Hakimiyyət bölgüsünə əməl edilsin. Məhkəmənin çıxardığı qərar xüsusi siyasi göstərişlərə deyil, sırf ədalətə söykənsin. Vətəndaş cəmiyyətinin tələb etdiyi siyasi institutların fəaliyyətinə sərbəstlik verilsin. Qeyri hökumət təşkilatları bu sektorun fəaliyyətinə qarşı qoyulan məhdudiyyətlərdən azad olsun. Söz, mətbuat və fikir azadlığı təmin edilsin.
Kütləvi informasiya vasitələri hakimiyyətin iltifatına qısılmasın və öz fəaliyyətində sərbəst olsun. İctimai məzəmmətin çəkisi o dərəcədə artırılsın ki, korrupsioner və rüşvətxor dövlətin ona tətbiq edəcəyi inzibati cəzadan daha çox mətbuatda dillərə düşməsindən, xalq içində biabır olmasından qorxsun.
Faktiki tək partiyalılıq bütün siyasi partiyaların siyasi rəqabət meydanı ilə əvəzlənsin. Mənbəyi xalqa söykənən hakimiyyət xalqa zidd siyasət yeritməsin. Yalnız bir qrupun deyil, bütün vətəndaşların dövlətin siyasi həyatında iştirakına təminat yaradılsın. Monoloqdan dialoqa, qarşıdurmadan qarşılıqlı anlaşmaya və bir araya gəlməyə doğru addımlar atılsın.
Müxalif düşüncə, təşəbbüskarlıq düşməncəsinə qarşılanmasın. Partiyalar dövlət büdcəsindən maliyyələşsin və onların fəaliyyəti üzərində şəffaflıq təmin edilsin. Dövlətin vəsaiti təkcə rejimin əzəmətini əks etdirən tikililərə deyil, demokratik cəmiyyət vətəndaşlarının çalışdığı elm və istehsalat sahələrinə, sənayenin və aqrar sahənin inkişafına yönəldilsin. İş adamlarını dizdən salan soyğunçu vergi və gömrük siyasəti bazar iqtisadiyyatının inkişafına stimul verən əsl fəaliyyət sahəsinə çevrilsin.
Sosial ədalət prinsipi gözlənilsin. Milli sərvətlər ədalətlə bölünsün. Müəllimlərin, həkimlərin və cəmiyyətin balansının qorunmasında əsas rol oynayan orta təbəqəyə aid digər peşə sahiblərinin əmək haqqı gündəlik tələbata cavab versin. Sıravi işçidən tutmuş nazirə qədər hər kəs yüksək maaşla təmin edilsin. Neft və digər strateji məhsulların satışından əldə edilən gəlirlər hesabına yeni iş yerləri açılsın və əhalinin sosial təminatı gücləndirilsin. İnsanların fəaliyyəti üzərində tətbiq edilən sərt dövləti nəzarət qarşılıqlı anlaşmaya xidmət edən ictimai nəzarətlə əvəzlənsin. Bütün bunlara əməl etmədən korrupsiyanın aradan qaldırılmasına inananlar ciddi yanılacaq.
Tələblə təminat, verilən hüquqlarla vətəndaşın yerinə yetirəsi vəzifələr nə qədər uyğun gələcəksə, dövlət öz vətəndaşına istismar obyekti kimi deyil, əsil insan kimi yanaşacaqsa, qanunu aliliyi nə qədər gözləniləcəksə, sosial ədalət prinsipinə nə qədər əməl ediləcəksə, dövlətin yeritdiyi daxili və xarici siyasətin mahiyyəti nə qədər vətəndaşa aydın olacaqsa cəmiyyət onu içdən dağıdan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə bir o qədər fəal iştirak edəcək.

Nurəddin İsmayıl

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ