SON DƏQİQƏ

PressDent.Info

Kaş bütün “boş söhbət”lər belə çin olaydı...

Kaş bütün “boş söhbət”lər belə çin olaydı...
9-10-2015, 20:51 27250 dəfə baxılıb

Həmişə demişəm ki, insan ildə bir dəfə insan olduğundan qürur duyur. Yox, bu, irili-xırdalı idman yarışlarına aid deyil. Bəlkə də kimsə hansısa futbolçunun başı ilə topu qapıya necə yollamasından vəcdə gəlir, ola bilsin ki, başqa birisi böyük bir ağırlığı başı üzərinə qaldıran atletə heyrətlə baxır...
Amma mən həmişə düşünmüşəm ki, insanı insan edən onun başının çölü yox, içidir. Biz nə ayaqlarımızla, nə qollarımızla təbiətdə kimsə rəqib ola bilmərik, amma başımızın içindəki “boz maddə” bizə bütün canlılardan bir baş yuxarıda dayanmağa imkan verir...
Ona görə də bir ilin heyrətli həftələrindən söhbət düşəndə mən Nobel mükafatının elan olunduğu günləri nəzərdə tuturam. Bilirsiniz, maraqlısı nədir və adamın başını daha çox nə “gicəlləndirir”?
Nobel mükafatının maddi vəzni, maddi ifadəsi elə də böyük deyil. Bəlkə də Azərbaycanda ən kiçik məmur belə bundan çox qazanır... Ona görə də belələrinin məntiqinə görə, əslində bu, çox gülünc işdir - bütün ömrünü sərf etdin və cəmi bir neçə yüz min dollar qazandın ki, buna da Bakıda uzağı iki və ya üç mənzil almaq olar... 
Bəli, ilk baxışda burada nə var ki? Adam var, az qala Bakının yarısını alıb, amma heç adını da bəlkə düz-əməlli yaza bilmir...
Nə isə. Çox da uzağa getməyək. Həyat belədir, həyatda “meşşanlar” həmişə daha çox olur. Qayıdaq Nobel mükafatına. İki sahədə verilən mükafatdan mən nəsə anlaya bilirəm - bunlardan biri fizika, digəri isə ədəbiyyatdır...
Daha çox da fizika sahəsindəki mükafatları izləməyə cəhd edirəm. Bu il belə deyilirdi ki, onu iki sovet əsilli fizikə - A.Starobinskiyə və A.Lindeyə verəcəklər. Onların hər ikisini hələ tələbəlik vaxtı görmüşdüm və yaxşıca da tanıyırdım... 
Xüsusən də Starobinski yadımdan çıxmır. O, çox pis danışır, çox kəkələyirdi. Amma ingilis dilini təmiz bilir, tez-tez də xarici qonaqları tərcümə edirdi. Çox maraqlıdır ki, onun kəkələyə-kəkələyə danışması heç kimi bezdirmirdi, heç kim bundan usanmırdı. Daha çox diqqət çəkən və yadda qalan bu idi ki, Starobinski bir də görürdün deyirdi ki, sual budur, cavab isə belə olacaq! Belə anlarda bütün zal sadəcə, köks ötürürdü, çünki hamı başa düşürdü ki, qarşılarında adi adam dayanmayıb...
Amma nə qədər qəribə olsa da, Nobel Komitəsi başqa qərar qəbul etdi. Mükafatı bir kanadalı və yaponiyalı aldı. Fəqət, iş yenə də olduqca maraqlıdır. Hələ təxminən yarım əsr bundan əvvəl italyan əsilli sovet fiziki B.Pontekorvo belə bir hipotez irəli sürmüşdü ki, təbiətdə mövcud olan üç cür neytrino biri-birinə çevrilə bilər...
Bəlkə də bunu oxuyan orta statistik oxucu deyəcək ki, nə olsun? Bunu yetərincə dəyərləndirmək üçün gərək biləsən ki, neytrino nədir? Bu, elə bir hissəcikdir ki, Yer kürəsini heç nə olmamış kimi dəlib keçir... Fizikada zərrəciklər çoxdur. Amma onların heç biri neytrino, bəli, adı “kiçik neytron” mənasını verən neytrino qədər fiziklərin başını ağrıtmayıb...
Konkret olaraq, bu kəşf nə verir? Birincisi, nəzəriyyəyə görə neytrinolar biri-birinə çevrilirsə, deməli onların kütləsi var. Bu, çox fundamental, hətta deyərdim ki, dramatik məsələdir - sovet fiziki Y. Zeldoviç deyirdi ki, əgər neytrinonun kütləsi olmasaydı, onu fikirləşmək lazım gələrdi. Yada salım ki, bunu Volter bir vaxt Allah haqqında demişdi - bəli, belə söyləmişdi ki, əgər Allah olmasaydı, onu fikirləşib uydurmaq lazım gələrdi...
Amma əsas məsələ kimin nə deməsində deyil... Bu vaxta qədər belə hesab olunurdu ki, Kainatda böyük bir kütlə gizli haldadır, buna elə “gizli kütlə” də deyirdilər. Gizli kütlə üçün ideal namizəd məhz neytrino idi. Neytrinonun çox kiçik kütləyə malik olması yetərli idi ki, gizli kütlə problemi həll olsun...
Hətta bir vaxt Lyubimov (indi adını unutmuşam!) adlı bir fizik bəyat etmişdi ki, onun qrupu neytrinonun kütləyə malik olmasını sübut edib. Amma 80-ci illərin əvvəlində verilmiş bu elmi bəyanat təəssüf ki, başqa təcrübələrdə təsdiq olunmadı...
Digər məsələ Günəş neytrinosu ilə bağlıdır. Günəşdə nüvə reaksiyaları zamanı neytrino ayrılır. Amma təcrübi olaraq tutulan Günəş neytrinosu nəzəriyyənin dediyindən həmişə az olurdu və buna da elmdə “neytrino defisiti” deyirdilər.  Bir az əvvəldə dediyimiz hipotez də - neytrinoların biri-birinə çevrilməsi ideyası da ilk dəfə məhz Günəş neytrinosu ilə bağlı irəli sürülmüşdü. Bəli, indi demək olar ki, hər şey izahını tapdı...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ