SON DƏQİQƏ

PressDent.Info

AZƏRBAYCAN AVRASİYA İTTİFAQINA QOŞULSA...

AZƏRBAYCAN AVRASİYA İTTİFAQINA QOŞULSA...
3-10-2015, 16:42 27423 dəfə baxılıb

Bəzən hətta qeyri-müəyyən şəkildə deyilmiş bir fikir belə təlaş və narahatlıq yaratmaq iqtidarındadır. Azərbaycanın Avrasiya İttifaqına münasibəti ilə bağlı diplomatik dildə deyilmiş bir mesaj da belə oldu – mətbuat dərhal həmin mövzunu günün əsas xəbərlərindən birinə çevirdi... 
Tələbkar oxucu bəlkə də düşünə bilər ki, əgər mövzu artıq müzakirə olunubsa, ona bir daha qayıtmağa ehtiyac yoxdur... Amma düşünürük ki, bu, heç də ən doğru və düzgün çıxış yolu deyil – bu məsələ hələ uzun müddət oxucu auditoriyası toplaya biləcək, çünki onunla bağlı tükəndirici izahat və açıqlama verilməyib...
Məsələ isə kifayət qədər ciddidir. Düşünürsən ki, əgər 24 illik bir prosesin üstündən xətt çəkərək yenidən başlanğıc nöqtəsinə qayıdacaqdıqsa, əgər 24 il keçəndən sonra yenidən Rusiya ilə bir qurumda olmaq, yenidən bu ölkəyə rus hərbi bazalarını qaytarmaq, yenidən ölkəni siyasi “boyunduruğ”a keçirmək hətta nəzəri cəhətdən belə mümkün olacaqdısa, bu qədər əziyyət çəkməyə heç dəyərdimi?..
Bu illər ərzində çox itkilər olub. Bu illər ərzində çox şeylərdən vaz keçilib və bütün bunların əvəzində bir təsəlli olub – Azərbaycan müstəqildir...
İndi cəmiyyət elə bir heysiz və süst vəziyyətə gətirilib ki, bəlkə də onu istənilən istiqamətə sürükləmək olar. Amma cəmiyyətin heysiz və hətta biganə olması əsas verirmir ki, toxunulmaz prinsiplər belə diplomatların müzakirə predmetinə çevrilsin...
Yox, biz də güman etmirik ki, Azərbaycan bu gün və ya sabah Avrasiya İttifaqına üzv olacaq. Yox, belə gümanlarımız yoxdur. Amma Azərbaycanın dövlət və partiya rəsmilərinin münasibətində açıq-aşkar Rusiya tendensiyası hiss olunur, hətta bizim – adi jurnalistlərin belə sadəcə, S.Lavrov adlandırdığı bir naziri azərbaycanlı rəsmilər böyük hörmət və izzətlə cənab Lavrov adlandırırlar. Təbii ki, bu da ciddi şübhələrə düşmək üçün əsas ola bilməz, ona görə ki, kimi necə adlandırmaq hər kəsin öz işidir...
Amma təlaş doğruran budur ki, bəzi hakimiyyətyönümlü partiyalar da açıq mətnlə bir neçə dəfə Avrasiya İttifaqına üzv olmağın mümkünlüyündən dəm vurublar. Güman etmirik ki, bu, onların özəl fikridir... Böyük ehtimalla belə çıxışlarla məsələyə bir növ ictimai reaksiyanı öyrənməyə cəhd edilir...
Biz yenə də belə detallardan narahat olmazdıq, əgər milli maraqlar tədricən bir hakimiyyətin maraqlarına transformasiya olunmasaydı. Rusiya daim ölkənin və millətin milli maraqlarını təhdid edir, amma bu, diqqətdən qaçır. Hətta bir dəfə soruşanda ki, bəs niyə hakimiyyət Rusiyaya və İrana qarşı kəskin bəyanat vermir, açıq mətnlə deyildi ki, onlar bizi, yəni hakimiyyəti tənqid etmir...
Amma yenə də ən azı hakimiyyətin maraqlarının tamam aşınmadığının, müstəqillik və suverenlik prinsiplərinin onlar üçün ən azı təcrübi əhəmiyyət və önəm kəsb etdiyinin fərqindəyik. Azərbaycan Avrasiya İttifaqına qoşulsa gərək Gömrük Birliyinə də üzv ola, bunu isə ehtimal etməyə çətinlik çəkirik, o səbəbdən ki, sonuncu hakimiyyət üçün həyati maraq kəsb edir...
Bəli, ola bilsin, “Heç vaxt “heç vaxt” demə!” deyəndə sadəcə, rus diplomatları ilə onların öz dilində danışmağa cəhd edilib – ruslar öz layihələrinə o qədər həssasdırlar ki, bunlarla bağlı bir xoş söz demək, bir növ ümid vermək onların könlünü xoş edir... 
Amma siyasətdə də gərək o sözləri deyəsən ki, onları eşitmək istəyirsən və gərək heç bir vaxt irəli qaçaraq səndən tələb olunmayanı deməyəsən. Həm də bizə elə gəlir ki, Rusiyaya mesaj göndərməklə Azərbaycan Qərbə təsir etməyə cəhd edir. Bunu da istisna etmirik. Fəqət, düşünməyək ki, biz Qərb üçün çox, olduqca çox əhəmiyyət kəsb edirik, onlar hətta bizim Avropaya göndərməyə hazırlaşdığımız “beş faizlik qazı” da kompensasiya etməyin yolunu tapa bilər və bizi tamam seytnot vəziyyətində qoyarlar...
Bizi də elə təlaşlandıran budur ki, Avropa ilə, ABŞ-la bu “zarafatlar”ın axırı yaxşı heç nə vəd etmir. Ən müxtəlif səbəblərdən onlar bizi Rusiya ilə təkbətək və üzbəüz buraxa bilərlər. Necə ki, heç kimin yadına da düşümür ki, bir uzaq Tacikstan adlı da ölkə vardı! Bu vaxta qədər onlar bizə ona görə az-çox diqqət ayırırdılar ki, biz bunu istəyirdik, biz buna cəhd edirdik...
Rusiya Azərbaycanı Avrasiya İtifaqına cəlb etməyə çalışmaqla yenə də Ermənistanın problemini həll etməyə çalışır – indi Birliyin bu ölkə ilə heç bir sərhədi toxdur və bu hal onu bir növ maraqsız edir...
Allah eləməsin, bir gün Qərb də deyə bilər ki, onsuz da Azərbaycandan bir şey çıxmayacaq, heç olmasa, qoy, Ermənistanın problemi həll olunsun ki, biz də erməni əsilli seçicilərimizə deməyə söz tapaq...
O halda biz nə edərik? Özümüz də marionet dövlət adlandırdığımız Ermənistanın vəziyyətinə düşmərikmi? Heç olmasa, bunun fərqindəyikmi və nəsillər qarşısında məsuliyyətmizi dərk edirikmi?..

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ