SON DƏQİQƏ

PressDent.Info

BMT: demokratiya ilə avtoritarizmin qarşıdurması

BMT: demokratiya ilə avtoritarizmin qarşıdurması
3-10-2015, 17:58 18723 dəfə baxılıb

 

BMT-nin 70-cı yığıncağı Obama ilə Putinin, başqa cür desək, demokratiya ilə avtoritarizmin debat-qarşıdurmasıyla yadda qaldı. Dünyada getdikcə təklənməkdə olan Rusiya prezidentinin bu debat-qarşıdurmanı uduzduğunu demək artıqdır. Putin Krımı oğrucasına ələ keçirməyini özünün, Rusiyanın triumfu sayır, bu açıq saldırqanlıqdan sonra ABŞ başda olmaqla Avropanın Rusiyaya sanksiyalar uyğulamasını ironiya ilə qarşılayırdı. Putin özü də, onun siyasi çevrəsi də sanksiyaların Rusiyaya elə bir etki göstərməyəcəyini bildirirdilər. Aradan hələ bir il ötməyib, Rusiya – doğal resursları az qala bütün qalan dünya ilə bir olan Rusiya – açıq-açığına batıb-gedən durumdadır. Bütün sosial-ekonomik göstəricilər bir yana, indiyədək dözülməz dolanışıq üzündən Azərbaycandan baş götürüb Rusiyaya gedənlər çox keçmədən orda yaxşıca varlana bilirdilər. Onların çoxu illərlə qazandıqlarını indi son siyasi gəlişmələrlə bağlı itirməkdədirlər.

Bunlar nədən baş verir? Rusiyadakı Azərbaycandakına bənzər oğru-korrupsioner avtoritar rejimin kriminal-parazit xarakterindən. Azərbaycanda əliyevçi rejimin etdiyi kimi, Rusiya da daha çox neft-qaz resurslarına bağlı böyük xammal  satışından gələn gəlirlərlə kef çəkən ölkəyə çevrilmişdi. Azərbaycanda əliyevçi rejimin etdiyi kimi, Rusiyada da ekonomikanı qurmaq, ekonomikanı gəlişdirmək arxa plana keçirilmişdi. Əliyevlər kimi, Putin də Nefti dünya bazarına su sayağı axıdaraq, gələn pullarla avtoritarizmi gücləndirmə yolu tuturdu. Azərbaycanda olduğu kimi, Rusiyayda da bu, olduqca asan gedilən yola – yönətim metoduna çevrilmiş, üstəlik, hər iki dövlət başçısında ayrıca LOVĞALIQ kompleksi yaratmışdı. Burda Azərbaycan ANALOQSUZ dövlətə çevrilmişdi, orda Rusiya. Burda Ilham Əliyev özünü hamıdan güclü lider sayırdı, orda Putin. Amerika nefti ucuzlaşdırmağa başlayandan sonra… ortaya deşilib havası çıxan futbol topu görsənişi çıxdı. Bəlli olduğu kimi, belə top böyük meydan bir yana, balaca bir meydançada, üstəlik, tək qapıya oyun oynamağa belə, yaramır. Bunu biz deşilmiş futbol topu kimi getdikcə boşalıb əzginləşən Azərbaycanda hər gün görürük. Bunu biz BMT-nin 70-ci yığıncağında Putinin yazıq, düşkün durumuna baxmaqla bir daha gördük.

BMT-nin yığıncağı başa çatandan sonra yüngül bir qonaqlıq oldu. Obama əlində badə çıxış etdi, sonra badələri toqquşdurdular. Ev yiyəsi görəvini yerinə yetirən Obama badəsini bir-bir hamıyla toqquşdurdu, sıra Putinə çatanda… üzünü yana çevirdi. Beləcə, Putinin Obamaya üzanan əli… boşa çıxdı! Bu, Rusiya boyda böyük bir dövləti avtoritar Putinin gətirib çıxardığı nöqtədir. Neft-xammal axını üzərində lovğa, saymazyana davranışların – mənəmliklərin sonu! Ukrayna azmış kimi indi Putin Suriyada açıq-açığına savaşa qatılıb. Putin bu yolla velikorus şovinizmini dirçəltmək, velikorus şovinizmini dirçəltməklə özünü yüksəltmək istəyir. Mənim proqnozum belədir: sonuc tərsinə olacaq; Putin indiyədək qazandığı siyasi dividendləri də Suriyada itirəcək. Bu isə Rusiyanın özünün itirilməsinə gətirəcək. Burada bir söz-anlam ilişkisi də var: Sur…iyanın tərsi Rus…iyadır! Putin Rusiyanı tərs ilişkilər içinə soxub!!

ABŞ-ın CBS kanalına qonuşmasında “Amerikalılarda Putinin xoşuna gələn nədir?” sualına verilən cavab çox düşündürücüdür: “Onların sorunun çözümünə yaradıcı yanaşmasını, açıqlığını, özgürcə davranışlarını çox bəyəndim. Amerikalıların belə davranışları adamların potensialının geniş biçimdə üzə çıxmasına nədən olur. Elə buna görə də Amerika şaşırdıcı uğurlar qazanıb”. Putin ABŞ-ın dünyada baş verən sürəclərə gerçək etki göstərmək olanağının olduğunu da boynuna alıb. Bununla da Putin başında durduğu avtoritar rejimin başında Obamanın durduğu demokratik quruluşa uduzduğunu boynuna almış olub. Bu isə Putinlə birgəliyə çalışan YAP hakimiyətinin qarantiyalı uğursuzluğu deməkdir!

Xaliq Bahadır

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ