SON DƏQİQƏ

PressDent.Info

Heykəllərlə iş bitsəydi...

Heykəllərlə iş bitsəydi...
29-09-2015, 14:08 29161 dəfə baxılıb

Rusiyada təzədən sovet heykəlləri ilə bağlı məsələ qalxıb. Özünü akademik S.Lixaçov adına institut kimi təqdim edən bir təşkilat mədəniyyət nazirliyinə sovet heykəllərinin bir sənət əsəri kimi nə qədər əhəmiyyət kəsb etdiyini bir daha yoxlamaq təklifi ilə müraciət edib...
Xəbər bizə maraqlı göründü. Ona görə ki, ikinci “rəngli inqilab” vaxtı Ukraynadan seyr etdiyimiz təsvirlər bizə maraqlı görünmüşdü. O vaxt xeyli təəccüblənmişdik: bu ölkədə Leninin nə qədər heykəli vardı, İlahi...
Amma məsələyə bizim öz münasibətimiz həmişə bir qədər fərqli olub. İki şeyi bir-birindən ayırmaq lazımdır: biri var sovet dövrünün heykəlləri, bir də var ki, sovet dövlət və partiya xadimlərinə qoyulmuş heykəllər...
Onları bir-birindən ayırmaq lazımdır. Sovet dövrünün heykəlləri arasında bu gün də sənət əsəri hesab edilə biləcək abidələr var... 
Həm də sovet dövründə bir çox tarixi şəxsiyyətlərə, elm və sənət adamlarına heykəllər qoyulmuşdu... 
İndi Rusiyada hökumət nə etsin? Durub A.Puşkinin heykəlini götürsünlər ki, bu, sovet dövründə ucaldılıb?!.
Ona görə də məsələ bir az qəlizdir. Bəli, Rusiyada sovet dövlət və partiya xadimlərinə qoyulmuş heykəllərin məsələsinə baxmaq olar... Amma heç bu da o qədər də asan məsələ deyil... Bir-iki ay bundan əvvəl oxumuşdum ki, insanlar hətta F.Dzerjinskinin heykəlinin təzədən, özü də əvvəlki yerində ucaldılmasını istəyirlər. Bunun üçün kommunist partiyası hətta yüz minlərlə imza da toplamışdı...
Gəl, problem tək bunda da deyil. Bir yığın daş heykəli yığışdırmağa nə var ki!
Çətini beyinlərdə, ürəklərdə sahman yaratmaqdır. Nə gizlədək, bir vaxt elə biz də ümid edirdik ki, keçmiş Lenin meydanından Leninin, Dağüstü parkdan isə S.Kirovun heykəli götürülsə, hər şey qaydasına düşəcək...
Həmin heykəllər heç bir maneə olmadan götürüldü. Amma sonra elə bir müqavimətlə qarşılaşdıq ki... Bu müqavimət artıq on illər ərzində formalaşan vərdişlərlə, təsəvvürlərlə bağlı müqavimət idi...
Həm də məsələnin Rusiyada başqa özəlliyi də var. Sovet dövləti də haradasa Rusiya imperiyasının davamı idi və sovet dövlətinin tarixi ümumi halda götürüləndə Rusiya dövlətçilik tarixinin bir hissəsi idi. Bəlkə də mənimlə bir qədər razılaşmayacaqlar. Amma mənə elə gəlir ki, İ.Stalin Rusiya imperiyası üçün böyük işlər görmüş bir-iki isimdən biri idi...
Təbii ki, hansı arqumentlərlə iş görmək rusların öz işləridir. Amma bizə elə gəlir ki, ruslar bu məsələdə hələ də kriteriyaları müəyyən edə bilməyiblər və ona görə də belə çıxışlar seyrək olduğu qədər də ziddiyyətli olur...
Kriteriya ona görə müəyyən oluna bilmir ki, bu günə qədər hələ ruslar özləri üçün təyin edə bilməyiblər ki, onlar hansı Rusiyanı və hansı dövləti istəyirlər?
Bu, sizə asan və yaxud da qeyri-adi gəlməsin. Rusiyada bu məsələ ilə bağlı qəti müəyyənlik yoxdur. Bəli, konstitusiyada qeyd olunur ki, Rusiya dünyəvi və demokratik, hətta federativ dövlətdir. Amma gəl, Rusiyada konstitusiya nə deməkdir? Yox, demirik ki, o, hər hansı hüquqi gücdən məhrumdur, yox, heç də belə deyil, amma hakimiyyətdəkilər daim ən yaxşı halda konstitusiyanın maddələrini necə “aşmaq” haqqında düşünürlər...
Əgər Rusiyada demokratiya olsaydı ölkədə V.Putinin indiki kultu olardımı və Putin-Medvedev tandemi kimi gülünc siyasi ittifaq baş tuta bilərdimi?
Ən maraqlısı odur ki, hətta rəsmi siyasətin və ümumilikdə rejimin əleyhinə yönələn yazılarda belə demokratiya kəlməsinə təsadüf olunmur, bu haqda heç kim yazmır, heç kim danışmır...
Mən bunu da təsadüf hesab etmirəm. 1991-ci ildə on dörd keçmiş sovet respublikası nə baş verdiyini anlayırdı. Onların əhalisi başa düşürdü ki, daha SSRİ adlı ölkə yoxdur və onların vətəni artıq müstəqil dövlətdir. O başqa bir məsələdir ki, həmin respublikalar bu müstəqilliklə nə etdilər, nə etmədilər...
Amma onların məsələsi aydın idi - onlar müstəqil olmağa məcbur idilər. Gəl,  Rusiyanın özündə fərqli vəziyyət idi. Onlar da bilirdi ki, daha SSRİ yoxdur və o, tarixə qovuşub...
Amma bilmirdilər ki, onlara hansı Rusiya miras qalıb... Hətta bilmirdilər ki, özləri hansı Rusiyanı istəyərdilər...
Bu qeyri-müəyyənlik bu günə qədər qalıb. Bu vaxta qədər rusların və Rusiyanın bir ümumi ideyası olub: böhrandan qurtulmaq... Bəs böhrandan və iqtisadi çətinliklərdən çıxan Rusiya necə olacaq, necə dövlət olacaq, təəssüf ki, bu suala hələ bu gün də konkret cavab yoxdur...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ