SON DƏQİQƏ

PressDent.Info

Seçkinin səhərisi gün nə baş verəcək?

Seçkinin səhərisi gün nə baş verəcək?
29-09-2015, 14:06 20465 dəfə baxılıb

Növbəti parlamentin tərkibində ciddi dəyişiklik olmayacaq. Bunu indidən ehtimal etmək mümkündür. Yaxın zamanlarda diplomatiyada da əsaslı dəyişikliklər baş verməyəcəyi ehtimalı az deyil. Rusiya ilə yaxınlaşan Bakı Qərblə münasibətlərini tam korlamaqda maraqlı  deyil. Bir sözlə, balans siyasəti davam edəcək.
Lakin ölkədə narazılıq artır. O cümlədən beynəlxalq təzyiqlər də artan xətt üzrə inkişaf edir. Siyasi hakimiyyət ən azı kadr rotasiyalarına getmək zorundadır. Digər tərəfdən, siyasi idarəetmədə iqtidarın yeritdiyi xətt o dərəcədə sərtdir ki, artıq cəmiyyət tamamilə çökdürülüb. Müxalifət, mətbuat, qeyri-hökumət təşkilatları demək olar ki, sıradan çıxardılıb. Sağdan-soldan bütün rəqiblərindən “xilas” olan hakimiyyət düşmən axtarışına o qədər aludə olub ki, artıq iqtidar dəhlizlərində “əcinnə ovu” başlayıb.  
Müxalifətin, vətəndaş cəmiyyətinin, mətbuatın sıradan çıxardılması iqtidar dəhlizlərində mərkəzdənqaçma tendensiyalarına səbəb olub. Artıq iqtidarın monolit komandasından danışmaq mümkün deyil. Hakim komanda ən azı iki barışmaz düşərgəyə bölünüb. 
Azərbaycanda hazırda baş verənlər yalnız analitik təfəkkür cılızlığına dəlalət etmir, eyni zamanda ətalət qanununa uyğun həyata keçirilir.  
Artıq indidən postseçki dövrünə hazırlaşmaq lazım gəlir. Siyasi qüvvələrin ilk növbədə məqsədi cəmiyyəti ətalətdən çıxartmaq olmalıdır. Azərbaycan cəmiyyətinə son zamanlar Qərb tərəfindən kifayət qədər “qıcıq siqnalları” ötürüldü. Lakin Qərb siyasi dairələrinin zərbələri durğunluğu aradan qaldıra və cəmiyyəti skeptik düşüncələrdən azad edə bilmədi.  
Cəmiyyətin ifrat zəifliyi, maliyyə resurslarının məhdudiyyəti qeyri-bərabər mübarizə meydançası yaradır. Deməli, standart metodlarla siyasi prosesləri dəyişmək olduqca qəliz olacaq. 
Siyasi araşdırmaçıları belə bir sual düşündürür: Parlament seçkilərindən sonra müxalifət insanları meydana toplaya bilərsə, zorakılıqla etirazların yatırılmasının qarşısını almaqdan ötrü beynəlxalq dəstəyə malikdirmi? 
İqtidar hakimiyyətdən gedəcəyi təqdirdə radikal qüvvələrin meydana çıxacağı ilə hədələyir. Bu baxımdan, müxalifət daxilində daha radikal qanadın mövcudluğuna ehtiyac yaranır. Radikalların atacağı addımlar istər-istəməz mötədil qruplarla danışıqlar masasında oturmağı istər hakimiyyət, istərsə də Qərb üçün qaçılmaz edəcək. 
Digər tərəfdən, iqtidarın bölgədə özünə dəstək axtaran Rusiya ilə yaxınlaşması Qərbi düşünməyə vadar edir. Vurğulayaq ki, Qərbi və elə hakimiyyətin özünü də ehtiyatlı olmağa vadar edən başlıca amillərdən biri sabitliyin pozula biləcəyi, fors-majorun yaranma ehtimalıdır. Deməli, bu müstəvidə manevr etməyə dəyər. Sivil mübarizə metodlarından məhrum edilmiş cəmiyyətlərdə radikallaşmaq qaçılmaz olur.  
Lakin bu halda da iqtidar 2003-cü ilin taktikasından istifadə edərək, zorakılığa əl ata bilər. Belə bir təhlükə daima mövcuddur. Bunun qarşısını almağın tək yolu beynəlxalq təzyiqlərdir. Lakin pərakəndə şəkildə olan, qarşılıqlı savaşlarda zəifləyən müxalifətə belə bir dəstəyin gələ biləcəyi inandırıcı deyil. 
Deyilənlərdən çıxan nəticə budur ki, mövcud şəraitin dəyişməsinə nail olmadan atılan heç bir addım məğlubiyyətdən sığortalanmayıb. 
Deməli, əsas məqsəd mənasız mübahisələr deyil, vəziyyətin dəyişdirilməsinə nail olmaq və beynəlxalq dəstəyi qazana bilməkdir. Bu istiqamətdə isə bir durğunluq hökm sürməkdədir. 
İndi hamını bir sual düşündürür - seçkinin səhəri gün nə baş verəcək? Əgər cəmiyyətdəki ətalət davam edərsə, nəyinsə dəyişəcəyini gözləmək imkansızdır. Odur ki, seçki bitdikdən dərhal sonra yeni mərhələnin başlandığını elan etmək və mübarizənin strategiyasını elan etmək lazım gələcək. Bunu isə artıq indidən düşünmək lazım gəlir...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ