SON DƏQİQƏ

PressDent.Info

Eynən rayon maşınlarının Bakıya buraxılmaması kimi!

Eynən rayon maşınlarının Bakıya buraxılmaması  kimi!
29-09-2015, 01:17 20463 dəfə baxılıb

AXCP növbəti qurultayını keçirdi. Qurultaydan öncə möhür davası edənlərə görə bütün ölkə duyuq düşdü ki, hakimiyyət tədbirin baş tutmaması, zəiflədilməsi, hədəfdən yayındırılması üçün çox çalışır. Onu da açıq deyək ki, Əli Kərimlinin sədrlikdən uzaqlaşdırılması arzuları sağdan sola, soldan sağa uçuşur, bunun üçün xüsusi çabalar aydınca görünürdü.

Səhv, ya düz olsun, təşkilatın gələcəyinə fərqli baxaraq Əli Kərimlini təşkilatın sədri görmək istəməyənlərin olması təbii haldır. Amma kim dana bilər ki, onu sədr kimi görmək istəməyənlər təşkilatda barmaqla sayıla biləcək qədərdirsə, təşkilatdan kənarda bunun üçün dəridən-qabıqdan çıxırlar. Həm də bu, hər şeydən əvvəl bizim şanlı iqtidarın ümdə arzusudur və bu məqam çox şey deyir!

Amma reallıq da budur ki, əksəriyyət yenidən onu sədr seçdi, səsverməsiz də təşkilatda onu lider kimi görürlər! Kiminsə səsi sayılmadı? Kiminsə səsi çoxaldıldı? Yox! Bu halda qalanı gələcəyin, növbəti qurultayın işidir.

Bu qurultay həm də çox uğurlu siyasi aksiya oldu. Üstəlik, təkcə bir partiya adına deyil, ölkə adına uğurlu aksiya idi.

Rejimin bütün müstəqil ictimai qurumları, siyasi təşkilatları, şəxsləri sıradan çıxarmaq istədiyi bu uzun illərdən sonra, bu sahədə çalışmaların və repressiyaların hədsiz gücləndiyi bir vaxtda, ayrıca AXCP-nin özünə əngəllərin, basqıların, hiylə və təxribatların intensivləşdiyi günlərdə bu qurultay rejimə və onun kölgəsində baş girləyənlərə çox yaxşı cavab idi.

Bəlli olur ki, təntiməyəndə, ardıcıl çalışanda, əminliklə işləyəndə rejimin parçalamaq, dağıtmaq, yox etmək arzularını və planlarını puça çıxarmaq olur. Digər tərəfdən isə, bir daha sübut olundu ki, bütöv bir xalqı zəif görənlər yanılır, onu potensialsız sayanlar səhv düşünür. Bu qədər repressiyaya baxmayaraq, hələ də bu ölkədə idealları ilə yaşayan minlərlə sadə insan var ki, onlar ən çətin şəraitdə də öz mübarizələrinə sadiq qalırlar. Onlar ölkənin ən uzaq kəndlərində, ən çətin bölgələrində çiyin-çiyinə verib, basqılara sinə gərib öz təşkilatlarını qoruyurlar. Bu sadə insanlar bütün ictimai qurumların dağıdıldığı bir şəraitdə ölkəboyu strukturu olan bir təşkilatı ayaqda saxlaya biliblər. Qurultay həm də uzaq rayonlardan Bakıdakı tədbirlərə gəlməyə ən son manatlarını xərcləyən bu insanların əzmi idi.

Yeri gəlmişkən, qurultay Bakıdan kənarda keçirildi. İnzibati tabeçiliyi Bakıya olsa da, tədbirin keçirildiyi zal Əmircan qəsəbəsində idi. Qurultayın hər anını izləyib qüsur axtaranlar heç buna toxunmadı. Görürsünüz ki, mübarizə hansı şəraitdə gedir? YAP hökuməti artıq qapalı tədbirləri də Bakının kənarına sıxışdırır, Bakıya buraxmır…

Eynən rayon maşınlarının Bakıya buraxılmaması  kimi!

Dünyanın hər ölkəsindən gələn idmançılara, turistlərə cənnətsayağı xidmət yaradan bir hakimiyyət vətəndaşa qarşı bunu da etdi… Çəkinmədən Bakıdan kənarda yaşayanların avtomobillə öz paytaxtına gəlişinə məhdudiyyət qoydu. Ciddi narazılıq və ikrah doğurmasına baxmayaraq! İndi görün müxalif siyasi fəaliyyətə münasibət necədir və qurultaylar hansı şəraitdə keçirilir!

Şahvələd Çobanoğlu

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ