SON DƏQİQƏ

PressDent.Info

Suriya “mübadilə kartı”na çevrildi?

Suriya “mübadilə kartı”na çevrildi?
23-09-2015, 15:11 25511 dəfə baxılıb

Böyük siyasətin haradan başladığını və harada bitdiyini müəyyən etmək həqiqətən də çətindi. Biz Rusiya ilə Qərb arasında soyuq müharibənin gedişini araşdırmaqda ikən okeanın o tayından xəbərlər gəlməyə başladı - məlum oldu ki, ABŞ-la Rusiya Suriya məsələsində əməkdaşlıq imkanlarını arayırlar...
Rusiyanın Suriyaya baş vurmaq istəməsi haqqında əvvəllər də xəbərlər olmuşdu və indi belə məlum olur ki, bunu artıq fakt kimi qəbul etmək lazım gələcək...
Ən qəribəsi isə ABŞ-ın mövqeyidir. Belə məlum olur ki, okeanın o tayında artıq çoxdan siyasətdə prinsiplərlə vidalaşıblar, maraqlar onları kimlə gəldi və necə gəldi əməkdaşlıq etməyə sövq edir...
Təbii ki, Suriya ciddi məsələdir. Suriyalılar problemlərini başqa cür həll etdilər - özlərini Qoca Dünya üçün böyük problemə çevirdilər. 
İndi də Qoca Dünya - Avropa da okeanın o biri tayındakı müttəfiqindən bu problemi tezliklə çözməyi rica edir...
Niyə də yox? “Məqsəd vasitəyə bəraət qazandırır!” fikri başqa bir yerdə yox, məhz Avropada yaranıb və onu bir neçə yüz il bundan əvvəl Nikkolo Makiavelli cənabları deyib. İndi isə Avropa canını Suriyadan və suriyalılardan qurtarmaq istəyir...
Biz əvvəllər humanitar fəlakət deyirdik, amma onu təsəvvür edə bilmirdik. İndi birmənalı şəkildə demək olar ki, Suriyada humanitar fəlakət hökm sürür.
Amma daha maraqlı detal ABŞ-la bağlıdı. Görən, yaxın vaxtlarda artıq “Soyuq müharibə bitdi!” deyə biləcəyikmi?.. 
Ruslar əməkdaşlığa hazırdırlar. Şərq despotlarını bazara çıxarmaq onların lap çoxdankı şakəridir. Əvvəl ayaqlarını dirəyib “yox!” deyirlər, sonra isə sövdələşməyə başlayırlar. İndi də bazara B.Əsədi çıxarıblar. ABŞ deyir ki, bu boyda həngamədən sonra Əsəd hakimiyyətdə qala bilməz, ən azı ona görə ki, Suriya əhli ona ayaqları ilə “yox!” deyib - ölkə demək olar ki, boşalıb, hamı bu cəhənnəmdən qaçıb canını qurtarmaq istəyir...
Ruslar da çox israr etmirlər. Siyasi meyitin (B.Əsəd isə doğrudan da siyasi meyitdir!) üstündə israr etməyə dəyərmi? Amma arabir digər notlar da eşidilir və bir də görürsən ki, kimsə Əsədlə danışıqlardan dəm vurur...
ABŞ İranla tələsik danışıqlara gedərkən bir daha belə məlum oldu ki, bu ölkəyə siyasətdə heç nə yabançı deyil - o, qüvvələri bir istiqamətdə səfərbər etmək üçün özünün qırx illik düşməni ilə də sövdələşə bilər...
İndi məlum olur ki, ikinci soyuq savaş da fiksiyaya çevrilə bilər. Niyə də yox? 
Əgər Suriya məsələsi Ukraynadan da önə keçirsə, hər şey baş verə bilər...
Baxıb görürsən ki, birinci soyuq savaş dönəmində siyasətdə elə həqiqətən də əsl prinsip varmış - R.Reyqan SSRİ-yə “şər imperiyası” dedi və onu çökdürdü...
Amma dünya siyasəti indi qəliz bir mozaikanı xatırladır. O səbəbdən ki, artıq SSRİ-dən fərqli olaraq Rusiya dünya kapitalistlərinin malına-mülkünə problem deyil. Onlar üçün də əsas budur. Ona görə də növbəti soyuq savaş elə əvvəldən bir qədər mücərrəd təsir bağışlayırdı...
ABŞ və Avropa guya ki, Rusiyanın timsalında təcavüzkarı cəzalandırmaq istəyirdi. Olsun. Amma indi nə baş verdi? Məlum oldu ki, dünya məsələlərində Rusiyasız keçinmək mümkün deyil? Bəli, nəticə budur. Təbii ki, biz artıq hər şeyin həll olunması təsəvvürünü yaratmaq istəmirik. Hələ bir az baxmaq, gözləmək lazımdır...
Nə olar? Gözləyərik! Amma suriyalılar gözləyə bilməyəcək. Qarşıdan payız və qış, necə deyərlər, soyuq fəsillər gəlir. Bu qədər qaçqın nə edəcək?..
Ona görə də belə hesab edirik ki, Suriya məsələsində ən böyük təqsir yenə də B.Əsədin boynundadır. Əgər o, vaxtında istefa versəydi...
Bəli, çox şey başqa cür olardı. Baxıb görürsən ki, bütün despotları eyni tale gözləyir: onları əvvəlcə “şişirdirlər”, sonra isə bu adamların qorxulu obrazını yaradırlar, daha sonra isə nəfəsini kəsirlər...
Ən dəhşətlisi odur ki, bütün despotlar da bu ssenarinin bütün pillələrini addım - addım keçirlər. Heç kim qonşusundan öyrənmək istəmir. Onlar nəyə ümid edirlər? 
Hamısı güman edir ki, sovuşacaq... Amma yox, sovuşmur, düz hədəfə dəyir...
Deyirlər ki, Liviyada vəziyyət belə idi, İraq başqa cür idi...
Amma Qəzzafini, Səddamı xatırlamırıqmı? Qəzzafi BMT-nin toplantılarında nələr etmirdi? Məgər o demirdimi ki, mən ikinci Napoleonam? Və yaxud da ki, Səddam...
Onlar əslində görk olmalıdırlar. Despotlar başa düşməlidir ki, elə bir gün gələcək ki, tamam tək qalacaqlar. Hətta xalq da çəkiləcək arxalarından. Onda nə olacaq? Bütün planetlə vuruşacaqlarmı?..

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ