SON DƏQİQƏ

PressDent.Info

Əzrayıl İlham Əliyevə paxıllıq edir?

Əzrayıl İlham Əliyevə paxıllıq edir?
23-09-2015, 13:02 29252 dəfə baxılıb

 

Xərçəng xəstəliyindən dünyasını dəyişən mərhumun yas məclisində əli təsbehli bir kişi dedi: “Camaat, gözünüz aydın, xərçəngin dərmanını tapıblar, gündə iki-üç qullab nəşə çəkənə nə xəstəlik, nə də Əzrayıl yaxın gəlməz”.

Məclisdəkiləri tanımadığımı bilən tanışım tez qulağıma pıçıldadı: “Bu nakişi narkotik alveri ilə məşğuldur”. Əli təsbehlinin sözləri ənlik-kirşanlı bir qadını əsəbləşdirdi,  qadın qızıl-gümüşlə dolu əllərini silkələyə-silkələyə kişiyə acıqlandı: “Xeyr, əziz dost, camaatı öz xeyrin üçün aldatma. Əlbəttə, nəşə qəşəng şeydü, amma xərçəngin dərmanı ən azı gündə 2-3 dəfə ayrı-ayrı adamlarla cinsi əlaqədə olmaqdır”. Camaatın gülməyindən yararlanan tanışım fürsətdən istifadə edib yenə qulağıma pıçıldadı: “Bu da fahişəliklə dolanır”.

Məclisdə rayonun ən ağırçəkili rüşvətxoru da iştirak edirdi. O, incik-incik narkotik alverçisini, fahişəni süzüb, üzünü məclisdəkilərə tutdu: “Camaat, bunların ikisi də sizə səhv məlumat verir, təzəlikcə Azərbaycan alimləri kəşf ediblər ki, əsrin bəlası olan xərçəng xəstəliyindən qurtulmaq üçün gündə ən azı 2-3 dəfə rüşvət almalısan. Havayı pulun kayfı o qədər güclüdür ki, bədəni ən qorxulu mikroblardan qoruyur. Bu gözəl kəşflərinə görə Ilham Əliyev alimlərimizin hərəsinə 2-3 medal verib”.

Beş dəfə deputat olan, altıncı dəfə millət vəkili olmağa hazırlaşan deputat şalvarının düyməsini basıb, molladan danışmaq üçün icazə istədi: “Sizcə, mən niyə hər beş ildən bir deputat olmaq üçün bütün varımı-yoxumu, abrımı-həyamı ortaya qoyuram? Bəziləri elə bilir ki, başım xarab olub, acgözəm, daha da varlanmaq, Milli Məclisdə şirin-şirin yatmaq üçün dəridən-qabıqdan çıxıram. Yox, vallah yox! Mən xərçəng xəstəliyindən qorunmaq üçün deputat oluram. Bütün uzunömürlü deputatlarımız təsdiqləyər ki, cibində mandat gəzdirənə xərçəng, Əzrayıl heç vaxt yaxın düşmür. Dəfələrlə Milli Məclisin gizlin iclaslarında məsələ qaldırmışam ki, mandatların sayını doqquz milyona qaldırın, defisit dərman kimi satın camaata, qoy xəstələnməsinlər, amma heç kim eşitmir, 124 deputat hərəsi başıma bir qapaz vurub, tənəffüsə çıxır”.

Başdan-ayağa kimi soğan qoxusu verən  məclis iştirakçılarından biri də söhbətə qoşuldu: “Bacılar, qardaşlar! Eşidin, bilin və agah olun ki, xərçəngin dərmanı soğandı. Əgər istəyirsiniz ki, heç vaxt xəstələnməyəsiz, gündə 2-3 dəfə duz-çörəklə soğan yeyin, daha başqa heç nə…” Demək olar ki, yasda iştirak edənlərin əksəriyyəti xərçəngdən qorunmaq, ömrü uzatmaq, Əzrayılı necə aldatmaq haqqında fikirlərini bildirsələr də hiss olunurdu ki, hamı canı üçün çox narahatdır.

Arıq bir kişi sükutu pozanda tanışım tez pıçıldadı ki, bu da bizim müxalifətçidir: “Camaat, həmişə demişəm, yenə də deyirəm: ölkədə xəstəliklərin çoxalması, ölümlərin sayının artması  Əliyevlər hakimiyyətə gələndən sonra başladı. Axı yoxsulluqdan intihar edənlər, qudurğanların günahı üzündən qəzaya düşənlər, acından ölənlər, əsgərlikdə komandiri tərəfindən qətlə yetirilənlər üçün Əzrayıl neyləsin?! Ehh,  biz özümüzü elə çarəsiz bir bəlaya salmışıq ki, xərçəng onun yanında heç nədir. Bu hakimiyyətlə xərçəngsiz də, Əzrayılsız da kəfənimiz boğazınızdadır…” O danışırdı, hamı qorxa-qorxa “müxalifətçi”yə qulaq asırdı. Bu zaman molla hirslə dedi ki, “camaat, o kafirə qulaq asmayın, qurban olaram Əliyevlərin cəddinə. Qoy ara qatan kafirlər bilsinlər ki,  hətta Cənabi Əzrayıl Cənab Ilham Əliyevin bacarığına paxıllıq edir”.

Məlahət Ağacan

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ