SON DƏQİQƏ

PressDent.Info

Siyasətdə “yeni qan” perspektivi

Siyasətdə “yeni qan” perspektivi
22-09-2015, 18:13 19673 dəfə baxılıb

Qarşıdan gələn parlament seçkiləri yəqin ki, öz sönüklüyü ilə fərqlənəcək. Lakin vəziyyət göründüyü qədər də acınacaqlı deyil. Siyasətə yeni gənclik gəlir. Gəncliyin qarşısını almaq imkansızdır.
Ümumiyyətlə, son zamanlar Azərbaycanın ictimai-siyasi həyatında gənclərin fəallığı açıq-aydın sezilməkdədir. Bu gün siyasətə atılan gənclik bütün nöqsan və yanlışlıqları ilə bərabər yeni siyasət müstəvisini yaradırlar. Siyasi proseslərə qoşulmaqda olan yeni gənclik Azərbaycandakı 80-ci illərin barışmaz və mübariz gəncliyindən kəskin fərqlənsə də, dönməzliyi ilə milli azadlıq hərəkatı illərini xatırladır. Proseslərə qoşulmaqda olan, heç bir partiyada təmsil olunmayan gənclik daha praqmatik və azad bazar münasibətlərinə üstünlük verən bir təbəqə təsiri bağışlayır. Düzdür, yeni gənclik dalğası yekcins deyil və ideoloji baxımdan hazırlıqlı da deyil. Lakin istənilən halda, yeni gənclik dalğasının biganəlik azarından qurtulmağa başlaması təqdirəlayiqdir. Dünyada gedən son proseslər zamanı tələbələrin tutduğu mövqe, Azərbaycanda baş verən proseslərə artıq dözmək limitinin sona çatması gəncliyi mübarizəyə qaldıra bildi.
Azadfikirli, dünyadakı prosesləri dərk eləyən, demokratik institutların mövcudluğunda maraqlı olan gənclər iqtidar dəhlizlərində demək olar ki, yoxdur və yaxud onların səsi eşidilmir. Hakimiyyətin mahiyyətinin özü azadfikirliliyə qarşı olduğundan, orada demokratik fikirli insanların tab gətirmək ehtimalı yox dərəcəsindədir.
Son zamanlar müstəqil gənclər yeni texnologiyalardan istifadə edərək, narazı elektoratı etiraz aksiyalarına səsləyirlər. Gənclərin müstəqil fəaliyyət göstərməsi etiraz elektoratına yaxın olan gənclərin təşkilatlanması ilə müşayiət olunur ki, bu, istənilən halda müsbət hal kimi dəyərləndirilə bilər. Gənclərin fəallıq nümayiş etdirməsi cəmiyyətə əlavə impulslar verə bilər.
Gənclərin son zamanlar fəallıq göstərməsi müəyyən mənada durğunluğa son qoymaqla yanaşı, ölkədə yeni növ aksiyalarda - sosial şəbəkələrdə protest elektoratının səfərbər olunmasında dönüş nöqtəsi oldu.
Hakim elitanın gənclərin aksiyalar keçirmək arzusuna göstərdiyi sərt mövqe də, görünür, məhz bu amillə bağlıdır. Digər tərəfdən, ən müxtəlif təbəqənin təmsilçiləri olan gənclərin sosial şəbəkələr vasitəsilə vətəndaşları aksiyalara səsləməsi proseslərin nəzarətdən çıxa bilmə ehtimalını yaradır. Həmçinin hakimiyyət müxalifətin ata biləcəyi addımları asanlıqla hesablaya və onları zərərsizləşdirə bilir. Yeni yaranan gənclər təşkilatlarının “virtual mübarizə” metodlarına qarşı isə iqtidar hazırlıqlı olmamaqla yanaşı, eyni zamanda gənclərin mübarizə metodları ilə tanış deyil, odur ki, tanış olmayan mübarizə metodlarına qarşı addımlarını da hesablaya bilmir.
Ehtimal etmək olar ki, hakimiyyət hər vəchlə gənclərin müstəqil hərəkata çevrilməsinə imkan verməyəcək. Bu halda gənclərin hansı addımları ata biləcəyi hələlik bəlli deyil. Bu, gənc siyasətçilərin fantaziyalarının genişliyindən asılı olacaq.
Azərbaycandakı siyasi prosesləri izləyənlər əmindir ki, yaxın zamanlarda ən aparıcı qüvvə gənclik və onların dəstəklədiyi qüvvələr olacaq. Bu baxımdan Azərbaycan gəncliyinin mübarizəsinin ən qızğın mərhələsi 2015-ci il parlament seçkiləri və 2018-ci il prezident seçkilərində özünü göstərəcək. 
Azərbaycanın gələcək millət vəkilləri, nazirləri, partiya sədrləri və prezidenti də bu gün mübarizədə olan gəncliyin sırasından çıxacaq. Gənclik mübarizəyə başlayıb və bu yolda ona yalnız dəstək lazımdır. Səhv etmək limitini hələ xərcləməyən gəncliyin yolunu kəsməyin də heç bir perspektivi yoxdur. Gənclik uğrunda mübarizə aparmağın da bir mənası görünmür. Azərbaycan gəncliyinin öz yolu var. Bu yol nə qədər çətin olsa da sonu görünür. Gənclik siyasi müstəvidə təşəbbüsü ələ almaqdadır. Səhvləri və uğurları ilə gənclik yeni nəfəs gətirir. Onlara ancaq uğurlar arzulamaq olar...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ