SON DƏQİQƏ

PressDent.Info

Qərbə qarşı acıqlı cəmiyyət...

Qərbə qarşı acıqlı cəmiyyət...
22-09-2015, 10:11 27335 dəfə baxılıb

Cəmiyyətləri başa düşmək siyasətçiləri anlamaqdan həmişə çətin olub. Xüsusən də nəzərə alanda ki, siyasətin özünün də anlamı son nəticədə gəlib cəmiyyətdən keçir, məsələ bir az da qəlizləşir...
Nə gizlədim? Hamımız Rusiya siyasətindəki və cəmiyyətindəki prosesləri heç olmasa, bir azacıq olsa da anlamağa çalışırıq. Bilmək istəyirik ki, bu ölkədə cəmiyyətlə siyasət dünyası biri-birinə nə qədər adekvatdır? 
Siyasətçilər özləri çox fikrə düşə bilər, müxtəlif planlar qurarlar. Amma bütün bunlar hər hansı formada cəmiyyətə söykənməsə, mənasız işdir...
İndi Rusiya mətbuatını izlədikdə, telekanallara ötəri də olsa baxanda görürsən ki, vəziyyət ən azı birmənalı deyil. Kifayət qədər narahatlıq keçirən, hökumətin bu anlaşılmaz anti-Qərb siyasətinin harada lövbər salacağını təşviş içində izləyən insanlar da var...
Məsələn, o gün bir müəllif yazmışdı ki, Rusiyanın Qərblə savaşı onun özünün özünə qarşı savaş açması kimi bir şeydir, çünki bütün “yeni rusiyalılar” əslində qərbçidir və Qərb dəyərlərinə və həyat tərzinə böyük önəm verirlər...
Amma digər cinah - Qərbə qarşı “son və həlledici döyüş”də bütün qüvvələri səfərbər etməyə çağıranlar daha çoxdurlar. Bu da təbiidir, əgər yenilik və yeni siyasi ovqat ölkədə həlledici olsaydı, bəlkə də bütün bu son proseslər yaşanmazdı da...
Ziyalıların böyük qismi özünü hakimiyyətin tərəfində hiss edir. Yazan-pozan, ictimai disputlarda iştirak edən də elə həmin bu ziyalılardır...
Onlar Qərbə qarşı acıqlıdırlar. Ona görə ki, Qərb onları imtiyazlarından məhrum edib. Bir dəfə oxumuşdum ki, indi Rusiyada hər hansı bir gənc desə ki, gələcəkdə akademik olmaq istəyirəm, ona, sadəcə, gülərlər. Ona görə ki, bir-iki min dollarlıq maaş üçün bütün ömrünü həsr etmək gülünclükdür, çünki başqa bir işdə bundan daha əziyyətsiz, daha asan və daha tez qat-qat çox qazanmaq mümkündür...
Bəs mətbuatda, ictimai disputlarda çıxış edənlər kimdir? Həmin professorlar, akademiklər. Elə bu səbəbdən də onların Qərbə qarşı niyə acıqlı olması elə də anlaşılmaz məsələ deyil...
Sovetlərin vaxtında ziyalılar imtiyazlı təbəqə idi. Hətta cəmiyyətin elitası hesab olunurdular. İndiki Rusiyada isə bunu demək olmur. Siyasətçilər, siyasi mühit, iş adamları onları daim pressinq altında saxlayır...
Yadıma gəlir, hələ B.Yeltsinin vaxtında Dumaya bir iqtisadçı professor dəvət etmişdilər. O, azacıq danışandan sonra A.Çubays ona dedi ki, bura sizin üçün tələbə auditoriyası deyil...
Ona görə də bu gün Rusiyada professor, dünyanın ən az tanınan universitetində tələbələr qarşısında mücərrəd, hətta özünün də başa düşmədiyi mətləbləri çözən bir adam deməkdir...
Bugünkü cəmiyyət də, bugünkü iqtisadiyyat da onlar elə bir ehtiyac duymur, bu adamları artıq hesab edirlər. Amma eyni zamanda da ölkədən intellekt axını ilə bağlı gileylənməyi hamı patriotluğun vacib bir şərti hesab edir...
Ona görə də bu insanlar Qərbə qarşıdırlar. Ona görə ki, Qərbin ucbatından onlar vətəndaşları olduqları böyük ölkəni itiriblər, böyük dövlət kimi haminin qayğısından məhrum olublar...
Elə bu səbəbdən də görəndə ki, rusiyalı professor Qərbə qarşı ikinci savaşı udmaq üçün nələr etmək lazım gəldiyi haqda yazır, buna elə də təəccüblənmirəm, bu günün Rusiyası üçün bunu tamamilə təbii hesab edirəm. 
Əslində bu, heç ictimai aqressiya da deyil. Bilirsiniz, bu, nəyə daha çox bənzəyir? Bir az incidilmiş, bir az da təhqir edilmiş insanın iztirablı davranışına. Bir daha qeyd etməyə məcburam ki, Qərb onların dünyasını əllərindən alıb, onları ikinci dərəcəli, hətta üçüncü dərəcəli təbəqəyə çevirib...
Qərbdə intellekt adamlarının özlərinin heç vaxt kultu olmayıb. Əvvəllər varlıların, daha sonra isə dövlətin və işgüzar adamların kölgəsində keçinən intellekt adamları orada heç vaxt cəmiyyətin elitası hesab edilməyiblər. Bəli, Napoleon kimi alimləri, elm və sənət adamlarını himayə edən hökmdarlar da olub. Fəqət, bu, heç vaxt norma halında olmayıb. Dünyanın bir çox ədibləri kübar məclislərini, kübar ziyafətlərini çox ətraflı şəkildə təsvir ediblər. Amma siz bu təsvirlərdə elm və sənət adamlarına rast gəlmisinizmi? Özünüzü yormayın, hətta rus ədəbiyyatında da onlar yoxdur... 
Amma sovetlərin vaxtında onlar ictimai kumirlər idilər. İndi bildinizmi nədən Rusiya ziyalıları Qərbə qarşı “son və həlledici həmlə”yə hazırlaşır?..

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ