SON DƏQİQƏ

PressDent.Info

Yaşamaq elə şeydir ki...

Yaşamaq elə şeydir ki...
21-09-2015, 10:06 24982 dəfə baxılıb

Günlər biri-birini elə qovdu ki, payızın gəlişindən heç xəbərimiz olmadı. Yayın son bir ayı Avropaya axışan miqrantların dəhşətli problemlərilə başladı və güman ki, bu problem hələ aktual olaraq qalacaq...
Amma biz Avropada yaşamırıq, Azərbaycanda gün keçiririk. Ona görə “gün keçiririk” yazdım ki, yaşamaq tamam başqa şeydir... 
Yəqin ki, özünüz də mənimlə razılaşırsınız - yaşamaq başqa şeydir... O elə bir şeydir ki, onu Azərbaycanda bir neçə yüz adam bilir...
Qalanlar? Qalanlar isə ora-bura vururlar özlərini ki, ayaq üstündə qala bilsinlər. Bəli, ayaq üstə qala bilmək... Bir tərəfdən əlahəzrət kapitalizmin çox dürlü tələbləri, digər tərəfdən də ölkənin öz özəllikləri elə bir vəziyyətə gətirib çıxarıb ki, ayaq üstə qala bilmək özü də böyük problemdir...
Nə isə. Keçək bizim mövzumuza - siyasətə... Əslində onunla da bu ölkədə beş-on nəfər məşğul olur. Qalanlar isə başlarını girələyirlər. Çalışırlar ki, bu beş-on nəfərin məşğul olduğu siyasətdən özlərini qoruya bilsinlər...
Bəli, günlər bizi seçkilərə yaxınlaşdırır. Amma hələ də yəqinləşdirə bilmirik ki, görən, bu seçki bizə nə vəd edir? 
Hər seçkidən sonra “vintlər”in möhkəmləndirilməsinə o qədər alışmışıq ki, bu dövrün də tez sovuşmasını arzulamaqdan savayı çarəmiz qalmır...
Əslində bilirsiniz seçki nə qədər maraqlı məsələdir?! Güman ki, Türkiyədə seçkinin gedişinin, nəticələrinin necə təhlil edilməsini müşahidə etmisiniz və bu mövzuda mənim bir şey yazmağım artıq olardı...
Hətta böhran yaşayan Yunanıstanda seçki prosesi böyük şövqlə keçir. Allah eləməsin, əgər bizdə belə bir problem olsaydı hamı qayıdardı ki, a kişi, camaat acından ölür, heç seçkinin vaxtıdır?
Amma yunanlar bu böhranlı vaxtda belə seçkiyə gedirlər ki, onların problemlərini həll edə biləcək legitim hökumət formalaşsın. Gəl, Azərbaycan əhli düz 22 ildir ki, nə deyirsən, qarşılığında bir cümlə deyirlər - bir milyondan artıq qaçqınımız var...
Elə ki, kiminsə hüquqları müdafiə olunur, elə ki, kiməsə dəstək verilir, hamı xorla qayıdır ki, bəs bir milyon qaçqının hüquqlarından niyə danışmırlar? Mən düz 22 ildir ki, bu problemi başa düşə bilmirəm: niyə görə qaçqınların hüquqları digər insanların hüquq və azadlıqlarına qarşı qoyulmalıdır? Üstəlik, məgər qaçqınlar özləri vətəndaş deyillərmi? Onlar seçici deyillərmi? Məgər onların hüquq və azadlıqları yoxdur?..
Bizdə hər şey bir məqsədə xidmət edir. O məqsəd də budur ki, bizim üçün əsl seçki hələ tezdir, demokratiya hələ ola bilməz və s. və i...
Onda heç olmasa, milli etimad məclisi qurun, milli etimad hökuməti yaradın və insanlara deyin ki, qaçqınların problemləri həll olunana qədər və Qarabağ problemi yoluna qoyulana kimi bizi bu insanlar təmsil edəcək, bizi bu insanlar idarə edəcək... 
Bunu da etmirlər. Bəlkə ona görə ki, özləri də bilirlər, məsələ elə bu etimaddadır. Onlar bu etimad mandatını ala biləcəklərinə əmin deyillər. Bu səbəbdən də bir tərəfdən seçkinin, demokratiyanın vaxtı olmadığını deyir, o biri tərəfdən də hər beş ildən bir özləri özlərini təyin edirlər...
Bir sözlə, Azərbaycan həqiqətən də çox qəliz və unikal ölkədir. O mənada ki, bu ölkə ən səbrli adamı belə çərlətmək iqtidarındadır. Ona görə də əvvəldə dedim ki, bu ölkədə yaşamağın nə olduğunu bir neçə yüz adam bilir...
Amma yaşamaq elə şeydir ki, hamı onun dadını çıxarmaq istərdi... Hamı onu dadmaq istərdi...
Fəqət, nə etmək olar? Mən əvvəllər həmişə “Qumsallıqda qadın” əsərindən sitat gətirər və deyərdim ki, kimsə bu ölkədə də yaşamalıdır... Amma indi, yaş ötəndən sonra düşünürəm ki, mənim nə qədər axmaq məntiqim olub?! Axı həyat adama bircə dəfə verilir, onu hələ heç kimə ikinci dəfə yaşamaq qismət olmayıb. Amma biz neylədik? Özümüz üçün mifik missiya uydurduq və hansısa mifik ideyaların qurbanına çevrildik...
Sən demə, həyat yanız ondan ötrü imiş ki, onu yaşayasan... Ən qəribəsi odur ki, mən həm də həmişə akademik A.Miqdalın bir fikrini misal gətirirdim. Bəli, həmin akademik deyirdi ki, həyat elə bir ali nemətdir ki, onu bütünlüklə yalnız bir şeyə həsr etmək olmaz. Ondan soruşurdular ki, hətta fizikaya da? Deyirdi ki, bəli, hətta fizikaya da...
Ona görə də qalan ömrünüzü sadəcə, yaşayın... Amma bacaracaqsınızmı? Və yaxud bacaracağıqmı? Ən əsası isə, imkan verəcəklərmi?..

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ