SON DƏQİQƏ

PressDent.Info

Parlament “qocalar evi” olmamalıdır!

Parlament “qocalar evi” olmamalıdır!
21-09-2015, 13:50 25086 dəfə baxılıb

 

Hakim partiya funksioneri, YAP-ın “qızıl fondu” elan olunmuş “91-lər” dəstəsinin məşhur üzvü Kərim Kərimov mətbuata verdiyi açıqlamada gənclərin Milli Məclisdə yer almasına ciddi etiraz edib. Vəzifəyə, deputatlıq kürsüsünə dadanmış K.Kərimov gəncliyin parlamentə gələn yoluna daş dığırladır və deyir ki, “mürgü vuran gənclərin Milli Məclisdə nə işi”, gedib təhsil alsınlar, istehsalatda çalışsınlar. U.Çörçilin 60 il İngiltərə parlamentinin üzvü olmasını, qədim Romada senat üzvlərinin əsasən yaşlı nəsildən formalaşdırılmasını nümunə gətirir və bu formatın Azərbaycanda tətbiq edilməsinin tərəfdarı kimi çıxış edir.

Öncə onu qeyd edək ki, parlamentin iclaslarını televiziya vasitəsi ilə izləyən hər kəs salonda gənc millət vəkillərinin deyil, bir qayda olaraq yaşlı nəslin nümayəndələrinin mürgü vurduğunun canlı şahidi olub. Bu işdə eyib axtarmağa dəyməz. Zatən adam yetmişdən sonra mürgü vurmağa meyilli olur.

İkincisi, U.Çörçil öz bacarıq və qabiliyyətinə, İngiltərə dövləti qarşısında əvəzsiz xidmətlərinə görə nəinki 60 il, lap 70 il də parlament üzvü olmağa layiq, dövlətini ikinci cahan müharibəsinin cəngindən qalib çıxaran tarixi bir şəxsiyyətdir. Roma parlamentinə gəldikdə isə, orada senat üzvü olmaq hansısa partiyanın hazır siyahısı, hansı komandaya mənsubluq üzrə deyil, elmi, fəlsəfi, siyasi zənginlik təcrübəsi toplamaqla həyata keçirilirdi.
Bəli, hər bir senat üzvünün senat qarşısında etdiyi parlaq çıxışları, Roma imperiyasının qüdrətlənməsi üçün irəli sürdüyü ideyaları izlədikcə, üzvlər arasında aparılan siyasi mahiyyətli polemikaları əks etdirən sənədlərlə tanış olduqca, bizim yorğun, mürgü vuran, əqli cəhətdən qocalmış parlament üzvlərindən yerlə göy qədər fərqin ortada olduğunu görərik.

Yoldaş Kərimov gərək bu cür fikirlər səsləndirməmişdən öncə qonşu Gürcüstana, qardaş Türkiyəyə, özlərinə “böyük qardaş” bildiyi Rusiyaya, fəqət gəncləşən, yeniləşən qoca Avropaya tərəf boylanmalı idi ki, hökumətin və parlamentin tərkibinin əsas özəyinin gənc nəsildən formalaşdırılmasının o ölkələrin tərəqqisində nə qədər əhəmiyyət kəsb etdiyini görsün.

Parlament ciddi və ən önəmli hakimiyyət qoludur. Burada təmsil olunma yaş və silk üzrə deyil, intellektə, zəngin biliyə, siyasi qabiliyyətə, elmi-fəlsəfi dünya görüşünə, dərin hüquqi savada, qanunlarla işləmək bacarığına, demokratik düşüncə tərzinə əsalanmalıdır. İndi Kərim müəllimdən soruşmaq gərək: Parlamentdə təmsil olunan yaşlı deputatların neçə faizi sadalanan bu məziyyətlərə malikdir? Və yaxud, görəsən, gənclərin paralmentdə təmsil olunması onu niyə bu qədər qısqandırır?

Bütün parlament 70-80 yaşlı qocalardan təşkil olunacaqsa bəs varislik necə qorunmalı, parlament ənənələri bir nəsildən digərinə hansı qayda ilə ötürülməlidir? Parlament təkcə qaldırılmış məsələlərə lehinə və ya əleyhinə səs verməkdən ibarət deyil axı. Yaxşı olar ki, hörmətli Kərim müəllim müqayisəni İngiltərə, qədim Roma ilə deyil, ilk cümhuriyyətimizin qurucuları olan parlamment üzvləri arasında aparsın və görsün ki, o dövrün parlamentində təmsil olunanlar necə böyük məfkurə sahibləri olub.

Parlamentin çəkisini müəyyənləşdirən orada təmsil olunan insanların hansı siyasi mədəniyyətə malik olmasıdır. Heç uzağa getmək lazım deyil. Türkiyə Böyük Millət Məclisində iqtidar və ya müxalifət düşərgəsinə aid olmasından asılı olmayaraq millət vəkillərinin vətənpərvərliyi, siyasi yetkinliyi, parlaq çıxışları, qanunverici sənədələrin hazırlanmasında göstərdikləri aktivlik, parlamentin hakimiyyətin digər qolları üzərində yetkisi adamı heyran edir.
Bəs bizdə necədir, millət vəkilləri prezident administrasiyasından hazır reseptlər gəlmədən sərbəst qərarlar qəbul etmək, iqtisadi, siyasi, hüquqi yöndə qızğın diskussiyalar aparmaq gücündədirmi? Müşahidələr deyilənlərin əksini ortaya qoyur. Əlbəttə, biz o fikirdə deyil ki, parlamentdə yaşlı nəsil olmasın. Əksinə, parlamentdə təcrübəli, siyasi ənənələrə yiyələnmiş, bilik və bacarığı ilə seçilən yaşlı nəsil olmalıdır ki, onlar parlamentə vəsiqə qazanan gənc nəslin yetişməsində öz töhfələrini verə bilsin.

Lakin bizim Avropada, dünyanın inkişaf etmiş başqa ölkələrində yüksək təhsil almış, hüquqi, siyasi, iqtisadi biliklərə yiyələnmiş, təhsil aldıqları ölkələrin mədəni inkişaf səviyyəsini görmüş, siyasi idarəetmə mexanizmləri ilə yaxından tanış olmuş gənclərimiz də var və onların sayı çoxdur. Dövlət onların təhsili üçün lazım olan vəsaitləri ona görə ayırmayıb ki, idarəetmədən, parlamentdə təmsil olunmadan, ölkənin ictimai-siyasi həyatında fəal iştirakdan məhrum olsunlar. Fikrimizcə hökumətin də, parlamentində tərkibi gənc nəslin hesabına zənginləşməli, parlamentdə, hökumət kürsülərində mürgü vuran yaşlı insanlar hakimiyyət hərisliyindən geri durub, estafeti gənclərə buraxmalıdır.

Nurəddin İSMAYIL

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ