SON DƏQİQƏ

PressDent.Info

Dəyərmi?!

Dəyərmi?!
21-09-2015, 11:45 21674 dəfə baxılıb

 

Deməli, Bakı-Sumqayıt qatarının sürücüsü dəmiryol relsini səhv salıb, qatar gedib Siyəzənə çıxıb. Sərnişinlərdən birinin bu haqda sosial şəbəkədə yazıb ki, “Siyəzəndə maşinist düşüb ətrafdakı evlərdən gəldiyi yerin hara olduğunu öyrəndikdən sonra başladıq geri-geri getməyə”.

Indi hərə bir tərəfdən klaviaturaya sarılıb həmin maşinistin qabırğasına döşəyir, “biabırçılıqdı”, “bu lap ağ oldu” kimi sözlər yazırlar.

Açığı, mən uca xalq, sevgili millətimizin belə qəzəbli reaksiyasını heç cür başa düşmürəm. Ay yoldaşlar, ay qardaşlar, Avropa Şurasının üzvü olan ölkədə doğulub Afrika ölkəsinin vətəndaşı kimi yaşayan insanlarsınız, indi Sumqayıta getməli olan qatarın Siyəzənə gedib çıxmasımı ağırınıza gəlir?!

Hələ qatarın Siyəzəndən daldalı geri qayıtmasını ələ salanlara nə deməli! Bir dönün ölkənizə baxın, 21-ci əsrdə, təqvim 2015-ci ili göstərərkən görün sizin ölkənizdə nələr baş verir. Insanlar fikirlərinə görə linç edilir, repressiya olunur, təqib edilir, döyülür, oğurlanır, şərlənib həbs edilir. Adamlardan özünü müti, qul kimi aparmaq tələb olunur, xalqa təbəə, rəiyyət münasibəti sərgilənir. Yəni bütövlükdə sizin ölkə daldalı, geri-geri getməkdədir, hər gün orta çağa, inkvizasiya dövrünə bir az da yaxınlaşırıq, 2015 sadəcə təqvim hadisəsidir, əslində biz 1937-dən danışırıq. Görün nə qədər daldalı getmişik. Indi bundan sonra Bakı-Sumqayıt qatarının yanlışlıqla gedib Siyəzənə çıxmasından, ordan daldalı qayıtmasımı “çest”inizə toxunur, xətrinizə dəyir?!

Həqiqətən ağlamalı vəziyyətdəyik. 21-ci əsrdə nələrlə üzləşirik, nələrlə uğraşırıq. El-aləmin insan həyatını yüngülləşdirən texnoloji icadlarla məşğul olduğu bir vaxtda ölkədə ələmuçuranlar, cinçıxaranlar, mələyin uçma sürətini hesablayanlar xalqa dəyər kimi sırınır, ekran-efirdən gecə-gündüz təbliğ olunur, əvəzində isə bilikli, savadlı, Avropa və Qərb təhsilli, irəligörüşlü, çağdaş düşüncəli, modern təfəkkürlü adamları zindanlara doldururlar, Azərbaycandan didərgin salırlar, çıxdaş edilirlər, fərqli düşünən hər kəsə düşmən münasibəti göstərirlər.

Axı indi hansı zamandır ki, insanları qorxu, xof altında saxlayasan, onları ancaq bir iradəyə tabe etdirməyə çalışasan, hamıdan eyni cür düşünüb eyni cür danışmağı tələb edəsən? 21-ci əsrin ruhuna bu qədər tərs, aykırı zehniyyətlə hara qədər getmək, nə qədər öz hakimiyyətini qorumaq olar? Axı heç 100 il, 200 il əvvəl bu yöntəmlərlə uğur qazanmaq mümkün deyildi, indi – 21-ci əsrdəmi bu üsullarla nəyəsə ümid edirsiniz?

Tarixi təcrübə də göstərir ki, siyasi qisas duyğusu ilə hərəkət edərək adamları haqsız, ədalətsiz yerə incidərək, cəzalandıraraq bir topluma dərin nifrət, kin toxumları səpənlər bunun bəhrəsini də ilk özləri dadırlar. Ədalət, hüquq, azadlıq kimi anlayışları yox etməyin, zədələməyin  bədəlini ilk olaraq bunu edənlərin ödədiyini tarixi təcrübədən gördüyümüz, bildiyimiz halda öz vətəndaşlarına bu qədər aqressiv, repressiv olmağın (sadəcə, ona görə ki, səndən fərqli düşünürlər, səninlə razı deyillər, öz ölkələrinin inkişaf yolunu, gələcəyini başqa cür təsəvvür edirlər – həm də doğru olaraq, haqlı olaraq başqa cür təsəvvür edirlər!) anlamı nədir? Axı bu toplumda sadəcə, müvəqqəti durğunluq, ötəri qulaq dincliyi yaradır. Əslində isə daha ağır, ağrılı proseslərin təməlini qoyur. Yəni tarixin təcrübəsindən bunları görmək, dərk və qəbul etmək o qədərmi çətindir?!

Zamana qarşı dirəşməyin, zamanın axışını durdurmağa, zamanı axışını dəyişməyə, tarixin təkərini geri çevirməyə çalışmağın mənası varmı? Buna çalışarkən də siyasi və ictimai düşmənçilikləri daha da dərinləşdirməyin kimə faydası nədir?

Onsuz da Azərbaycan əvvəl-axır hər kəsin hürcə, özgürcə yaşayacağı bir ölkə olacaq, modern, mədəni, çağdaş, demokratik dünyanın bir parçasına çevriləcək. Bu bəlkə kimlər üçünsə xoş xəyaldır, kimlər üçünsə quruca inam. Kimlər üçünsə bu boş təsəllidir, kimlər üçünsə ancaq və ancaq fantaziya məhsulu. Yeri gəlsə, biz lap o günü görməyə də bilərik, o günü görməyə ömrümüz çatmaya da bilər. Olsun.

Amma o gün bizli də, bizsiz də gələcək.

Və o gün gəldikdə bu gün edilən zülmləri, haqsızlıqları xatırlayıb kimsə mütləq soruşacaq: “Dəyərdimi?”

Elnur Astanbəyli 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ