SON DƏQİQƏ

PressDent.Info

Diplomatlar komandanı niyə tərk edir?

Diplomatlar komandanı niyə tərk edir?
15-09-2015, 13:18 17595 dəfə baxılıb

Azərbaycan diplomatlarının Qərb ölkələrindən siyasi sığınacaq istəməsi tendensiyası artmaqdadır. Azərbaycan XİN-in sabiq əməkdaşı Nahid Cəfərov da Hollandiyada  siyasi sığınacaq istəyib. 
Buna səbəb isə diplomatlara Arif Məmmədova yaxın olmaları ilə bağlı təzyiqlərin göstərilməsidir. A.Məmmədov məmur özbaşınalığını tənqid etdiyinə görə dövlət əleyhinə fəaliyyətdə ittiham olunmuşdu və vəzifəsindən getmək məcburiyyətində qalmışdı.
Hakim komandanı diplomatların tərk etməsi ciddi qalmaqaldan xəbər verir. Qərb strukturları ilə on illər boyunca sıx əlaqəsi olan bir diplomat təmsil etdiyi siyasi hakimiyyətə “əlcək atırsa”, deməli, ya ona geniş ictimaiyyətin bilmədiyi məlumatlar sızdırılıb, ya da beynəlxalq miqyasda hakim elita üçün heç də xoş sonluq vəd etməyən ssenari işə düşüb.
Vəziyyətin mürəkkəbliyi ondan ibarətdir ki, “diplomat qiyamları” parlament seçkilərinə az vaxt qalmış baş verir. Hakimiyyətə siyasi məhbuslarla bağlı təzyiqlər artmaqdadır. Bəzi Avropa ölkələri tərəfindən seçkiləri müşahidədən imtina etmək çağırışları səslənir. Əsəblər isə dözmür. Nə hərbi ritorika, nə də ki vətənpərvər çağırışlar problemi həll etməyə yetərli deyil. Azərbaycan kiçik ölkədir. Təhlükəsizlik məsələlərində isə problemlər kifayət qədər çoxdur. Son günlər baş verənlər ölkə ətrafında halqanın daraldığını deməyə əsas verir. Bu ölkədə sabitliyi göyə sovurmaq supergüclər üçün elə də çətin deyil.
Bir sıra yeni qiyamçı diplomatlar barədə də siqnallar gəlir. Sanki Azərbaycanda “xaricdən gələcək inqilab” effekti yaşanır. Proseslərin təhlili göstərir ki, baş verənlər xarici işlər naziri Elmar Məmmədyarovun hədəf seçilməsini göstərir. Qərbyönümlü baş diplomatın hədəf seçilməsi yalnız hakimiyyətdaxili “razborkaya” bənzəmir, burada Rusiya və Qərbin maraqlarının toqquşması da açıq-aydın sezilir.
İlk baxışdan görünən odur ki, kimlərsə siyasi istebleşmenti qarşılıqlı savaşlara sürükləməyi, ölkə siyasi elitasını parlament seçkilərinə qədər komandanı seytnota salmağı planlaşdırıb.
Hakim elitanın parçalanması nədən xəbər verir? Parlament seçkiləri ərəfəsində hakimiyyətin Rusiyameylli zümrəsi Avroatlantik məkanla inteqrasiya arzusunda olanları hədəfə alır. Kənardan görünən budur ki, ilk növbədə, XİN başçısını kənarlaşdırmaq, onun yerinə Kremli sevən birisini gətirmək planı mövcuddur. Bu fonda Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun antiqərb bəyanatları yada düşür.
Baxmayaraq ki, konsul və səfirlərin təyin olunması XİN rəhbərinin səlahiyyətinə daxil deyil, istənilən halda baş verənlər E.Məmmədyarovun karyerasını bitirə bilər. Əlbəttə ki, E.Məmmədyarov vaxtilə bu posta əyləşən Həsən Həsənov  və yaxud Tofiq Zülfüqarov qədər peşəkar deyil, lakin ölkənin Rusiyaya reveranslarının qarşısının müəyyən mənada alınmasında rolu da az deyil. E. Məmmədyarov N. Məmmədov və Araz Xələfovdan fərqli olaraq, Avroatlantik məkana inteqrasiyanın gətirə biləcəyi dividentləri hesablaya bilir. Bu isə hazırkı situasiyada çoxlarının maraqlarına cavab vermir...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ