SON DƏQİQƏ

PressDent.Info

Məlixanın gözləri

Məlixanın gözləri
15-09-2015, 10:40 34125 dəfə baxılıb



Neçə il idi, istirahət etməyən adam bu il şeytanın qıçını qırıb təbiətin qoynuna çəkilmək qərarına gəldim. Redaktor da sağ olsun, nəm-nüm eləmədi. Məzuniyyət pulunu götürüb sağollaşanda, açığı həmkarlarım bir az sevinc, bir az da qibtə ilə baxırdılar. Bədxərclik olmasın deyə pulsuz qatarla Sumqayıta getdim – hər halda burdan taksi daha ucuz gedər Nabrana… Üçüncü gün idi. Eyvanda uzanıb dənizə baxırdım. Telefon zəng çaldı. Redaktor idi. Bir-iki xoş sözdən sonra dedi ki, təcilli Bakıya qayıtmalıyam. Necə deyərlər, ayda-ildə bir namaz onu da şeytan qoymaz. Amma bu dəfə baiskar şeytan yox, cinlər idi.
– Niyə mən, başqa adam yoxdu? , – deyə narazı şəkildə soruşdum.
-Kamil bəy, qardaş, sən bir “peyğəmbər”dən müsahibə götürübsən, bir “gənc və perspektivli xanım peyğəmbər”dən müsahibəni təşkil etmisən… Bu işi yalnız sən bacararsan… Gəl yola ver, taksi xərcini də ödəyəcəm, bir həftə də məzuniyyətinə əlavə.
Açıq-aşkar məni dilə tuturdu. Etirazın yeri deyildi.
… Taksi şoferi nədənsə məni türk hesab elədi. Elə hey dil boğaza qoymurdu. Mən də arada “əvət, əvət” deyirdim ki, pərt olmasın.
Yol boyu bir-birini əvəz edən mənzərələri seyr etmək zövqlü idi. Göylərin mavi ənginliklərini lacivərd rəngə boyayan Günəş dağların arxasından nazlı gəlin kimi boylandıqca maşınımız dağ və təpələrin boynuna kəhrəba boyunbağı kimi dolanmış yollarla şütüyür, irəlilədikcə göz önündə yeni əsrarəngiz mənzərələr açılırdı. Yol boyu başımızın üstündən uçan buludlar, ruhumuzu oxşayan ot ətri adamın ruhunu dincəldirdi. Birdən hər şey dəyişdi, artıq Bakıya yaxınlaşırdıq. Hündür hasarların o tayında dəniz də görünmürdü.
-Qardaş, başkentinizi nədən böylə sıcaq yerdə yapdınız?, deyə narazı şəkildə soruşdum.
Taksi şoferi:
-Abi, bura əvvəllər sürgün yeri olub. Bizim şair olub, Zakir, XIX əsrdə onu bura sürgün etmişdilər. Sonra burda petrol buldular…. və s.   Axırda bu qədər şeyi hardan bilirsən, bizdə taksi şöförləri az bilir dedim. Məlum oldu ki, müəllim imiş.
Otelə çatanda artıq şər qarışmışdı. Vəsiqəmi göstərib səbəbi-ziyarətim barədə məlumat verdim. Taksi şoferi ilə danışdığım kimi xöşbəxtlikdən qızla da türkcə danışdım. O, məni başdan-ayağa süzüb telefonu götürüb məlumat verdi. Nə soruşdularsa, səsini bir az qısıb rusca, “vısokiy blondin priyatnoy vneşnosti” dedi. Cinlərlə danışdığını anladım.
13-cü mərtəbənin foyesində məni gözləyirdilər. Tanış olduq. Bəlixanın sifətində gizlədə bilmədiyi bir hiddət vardı. Məlixanın şərqli qızlara məxsus dərin atəşli gözləri, qar üstünə qan dammış kimi al yanağı vardı. Onları bir müddət süzməyimdən narahat olmadılar. Səlixaya “Mahir bəy Sizə salam göndərir”, dedim. “Hansı Mahir?”, deyə nazla soruşdu, sonra baxışlarımdakı məzəmməti görüb: “Hə, kəndçinizmi? Əleyk”, deyə gülümsədi. Sualları istədilər, yazılı cavab verəcəklərini dedilər. Aydındır, hər şey nəzarətdədir. Mini geyimli bir qız mürəbbəli çay gətirdi. Kiminlə olduğumu unudub “bismillah” deməyimlə yox oldular…
Bir azdan yenə qayıtdılar. Üzr istədim. Söhbətə nərdivan qoymaq üçün “Min bir gecə”dən misal çəkdim. “Bir kişi xurma yeyəndən sonra çiyidini tolazlayır, o da gedib dəyir bir cin balasının gözünü çıxarır. Vicdansız oğlu vicdansız, bir atanda bax hara atırsan dəə”, dedim. Məlixa “Üzülmə, o, nağıldı, elə şey olmayıb”, dedi. Bəlixa çox hirsli idi. Hiss olunurdu ki, Avropanı necə məhv edəcəyi barədə götür-qoy edir. “Siz canınız, Avropanı dağıdanda bizim orda təmir etdiyimiz yerlər var, onları dağıtmayın. Qalan haranı istəyirsiz külli-küfan edin”, dedim. Məlixa, “Narahat olma, Kamilciyim, şəhər dağıtmaq bizim işimizdi”, deyib gülümsədi və əlavə etdi, – Xəzərin kürüsünü onların burnundan gətirmək bizə borc olsun”.
Ayağa duranda nəzakətlə gülümsədilər. Məlixa şəhadət barmağını dodağının üstünə qoyub: “Nə olar, oteldən çıxana kimi o sözü demə”, – deyə xəbərdarlıq etdi. Canıyanmış bu zaman daha da gözəl görünürdü. Sanki mənə də biganə deyildi… Az qala ayağım ayağıma dolaşıb yıxılacaqdım. Öz-özümə ustad Şəhriyara nəzirə deyə-deyə redaksiyaya yollandım:

 

 

Getmə, ey Cin balası, mən də sənə sayə gəlim,
Ətəyindən yapışıb mən də butulkaya gəlim.
Ya sən islamı qəbul eylə, mənim dinimə gəl,
Ya da mən YAP-a keçib sənə tamaşaya gəlim…
Sən bu məhtab gecəsi Berlinə bir vəlvələ sal,
Mən xərabə görməyə Parisə, Nitsaya gəlim…

O`Kamil

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ