SON DƏQİQƏ

PressDent.Info

Demokratların sentyabr tezisləri...

Demokratların sentyabr tezisləri...
12-09-2015, 18:59 26208 dəfə baxılıb

Bəli, əvvəllər, hətta çox da uzaq olmayan keçmişdə belə payızı siyasi cəhətdən gərgin dövr kimi qarşılamağa adət etsək də, son illərdə bu yanaşma özünü o qədər də doğrultmayıb. Amma deyəsən, bu payız hər cəhətdən sərt olmağı vəd edir... 
Baxırsan ki, bir tərəfdən parlament seçkiləri gəlir. Bu isə hamıya məlum səbəblər üzündən çox üzücü və əsəbi bir dövr kimi yadda qalır - insanlar çox ədalətsizliklərlə üzləşir və özlərinin azacıq da olsa  haqlı olduqlarını sübut etmək üçün MSK ilə məhkəmələr “arasında” qalırlar...
O biri tərəfdən, parlament seçkisindən sonra nə baş verəcəyi insanları qayğılandırır. Hamı düşünür ki, seçkidən sonra maliyyə sferasındakı kövrək tarazlıq pozulacaq və biz yenə də böhranla üzləşəcəyik...
Amma kim bilir? Kimsə birmənalı proqnoz verə bilərmi? Bəlkə də belə olmayacaq və bəlkə də hökumət iqtisadiyyatın “cilovlarını” əlində saxlaya biləcək. Fəqət, insanlar narahatdır...
Həm də ona görə narahatdırlar ki, malların və xidmətlərin qiyməti gündən-günə artır. Bir tərəfdən hökumət guya ucuzluq yaratmaq istəyir. Məsələn, dərmanların qiymətlərinin ucuzlaşdırılmasına səy göstərilir. O bir tərəfdən də ən sadə malların qiyməti az qala “ceyran beli”nə çıxır...
Fəqət, payız daha çox mətbuat və siyasət adamları, ictimai fəallar üçün sərt olmağı vəd edir. Onlar bütün bu proseslərdən həm adi bir vətəndaş kimi, həm də fərqli ictimai-siyasi baxışlara malik şəxslər kimi əziyyət çəkməli olurlar...
Ötəri nəzər yetirəndə ölkədə nə baş verdiyinin fərqinə vara bilmirsən. Amma azacıq diqqətli olmaq kifayətdir ki, siyasi küləklərin səmtini tuta biləsən - bəli, hakimiyyət ciddi şəkildə Rusiyaya tərəf dreyf edir... 
Elə bil Rusiyanın üçüncü qayıdışını yaşayırıq. Onun Azərbaycana qarşı qərəzli siyasətinə göz yumurlar, amma ABŞ-ın və Avropanın qarasınca deyinmək üçün kiçikcə fürsəti belə əldən vermir və bütün uğursuzluqlarda Qərbi qınayır, elə təsəvvür formalaşdırmağa çalışırlar ki, guya Qərbdən yalnız böhran və problem, yalnız qərəz və ikili siyasət gəlir... 
Hətta insanlara aşılayırlar ki, guya Rusiyanın köməyi ilə Qarabağ problemi də həll olunacaq və işğal edilmiş yeddi rayon da tezliklə qaytarılacaq...
Di gəl, bu söhbətlər il yarımdan artıq getsə də, hələ nəinki yeddi rayon, heç bir kənd də azad olmayıb... 
Üstəlik də rusiyalı siyasətçilərin və diplomatların çıxışlarında buna işarə ola biləcək söz də tapmaq mümkün deyil...
Heç vaxt Avropanı ideallaşdırmamışıq. Hətta son vaxtlar üzümü onlara tərəf tutub sanki hayqırmaq istəyirəm ki, bu nədir, cənablar, bir qadın jurnalisti belə qoruya bilmədiniz?!..
Gəl, Qərb mənim üçün hər şeydən əvvəl “İlahi komediya”, “Don Kixot”, “Kral Lir” və “Faust” deməkdir. Həm də liberal dəyərlər deməkdir. Nə qədər “təftiş” edib yamanlasalar da, Avropa və ABŞ demokratiyanın beşiyidi...
Bu səbəbdən də zaman özü vəzifələri müəyyən edir. Total təbliğat maşını Avropaya qarşı tuşlandığı zaman özünü demokrat sayan nə edə bilər və daha doğrusu, nə etməlidi?
İzah etməliyik ki, Qarabağ problemini Avropa yaratmayıb və Rusiyadan fərqli olaraq, bu problemin arxasında da Avropa dayanmayıb. 
İnsanlara başa salmaq lazımdır ki, bu vaxta qədər Qərb institutları olmasaydı ölkədəki ictimai- siyasi atmosfer daha üzücü olardı və əgər o, indiki səviyyədə belə qala bilibsə, buna görə də müəyyən mənada Avropaya minnətdar olmaq lazım gəlir...
Əslində Avropadan demokratların gileyi daha böyük olmalı idi. Onlar əksər hallarda umduqları dəstəyi ala bilmirlər, çünki Avropa da təəəsüf ki, avtoritar hakimiyyətlərlə münasibətləri saxlamaq xaitirinə çox şeyə göz yumur və çox mətləblərin üstündən keçir...
Eləcə də demokratiyanı, liberal dəyərləri yalnız Avropa kontekstində başa düşmək lazım deyil. Biz ona görə demokratiya istəmirik ki, bu, Avropadan və ümumiyyətlə, Qərb dünyasından gəlir...
Sadəcə, demokratiya Avropada və ABŞ-da sınaqdan keçmiş və özünü doğrultmuş ictimai-siyasi modeldir. Bəli, təftişçilər-tənqidçilər çox olub, gəl, onların heç biri daha yaxşı, fərqli bir model qoya bilməyiblər ortaya...
Qərəz, biz də düşünürük ki, velosiped kəşf etməyin nə mənası? O model ki, özünü onlarla ölkədə doğruldub, effektiv oludğunu sübut edib, onu Azərbaycanda da tətbiq etməyə dəyər. Bunları istəmək doğrudanmı, bu qədər  ağır suçdur?..
Qısası, deyəsən, bu payız təkcə soyuq hava gətirmir. Elə həm də soyuq siyasi münasibətlər vəd edir...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ