SON DƏQİQƏ

PressDent.Info

Boykot niyə çıxış yolu deyil?

Boykot niyə çıxış yolu deyil?
11-09-2015, 18:57 27080 dəfə baxılıb

Artıq əksər partiyalar MSK-ya müraciət etsə də yenə də adamlarda bir tərəddüd ovqatı duyulur. Sanki baxışlarda bir sual var: biz düzmü edirik? Bu, qeyri-adi bir şey deyil. Mən bunu demək olar ki, hər seçki vaxtı müşahidə etmişəm...
Adamları başa düşmək olar. Məğlubiyyətdən məğlubiyyətə bitib-tükənməyən üzücü yol adamı yorur. Amma başqa yol da yoxdur. Seçki ondan ötrüdür ki, onda iştirak edəsən, adamlarla görüşəsən, sözünü deyəsən və nəhayət, özünü sınayasan...
Hər birimizin zəif-güclü tərəfi haqqında onun özündən yaxşı heç kim bilmir və seçki bu mənada çox yaxşı testdir...
Həm də demokratik təşkilatlar seçkini boykot edən və ya onda iştirak etmək istəməyən siyasi partiyaları və fəalları sevmirlər. Onlar demək olar ki, həmişə bir söz deyirlər: seçkidə iştirak edin...
Bütün bunlardan əlavə bizim boynumuzda bir yük də var: biz özümüzə demokrat demişik... Demokratlar isə öz fikirlərini insanlarla bölüşmək üçün bütün imkanlardan istifadə etməlidirlər...
Bir daha deyirəm ki, çətindir. Biz də bunu başa düşürük. Adam nə qədər məğlub olar? Amma başqa neyləmək olar? Həm də bir işə başlamamışdan öz qəlbini və iradəni məğlubiyyətə kökləmək də düzgün deyil... Gərək qələbəni çox istəyəsən. O qədər istəyəsən ki, artıq heç kim ona mane olmaq iqtidarında olmasın...
Məni xüsusən də bir məsələ narahat edir. İndi ictimai fəallar, jurnalistlər çox gərgin çağlar yaşayırlar. Siyasi partiyalar bu çətinliklərin bir hissəsini bölüşməyə borcludurlar...
Təbii ki, ölkədəki siyasi durum, hətta siyasi məntiq üzücüdür. Az qala iş ona gəlib çatıb ki, neftin ucuzlaşmasına görə də siyasi partiyaları, ictimai fəalları və jurnalistləri qınasınlar... 
Bəli, neft niyə ucuzlaşıb? Kimdir günahkar? Əlbəttə ki, müxalifət! Əlbəttə ki, ictimai fəallar! Əlbəttə ki, jurnalistlər!...
Etiraf edirəm ki, bu məntiq adamı sarsıdır. Bu məntiq adamın əlini-qolunu qırır, yanına salır...
Axı adam milli barışığa və dialoqa nə qədər çağırış edər? Bəlkə də bu hakimiyyət bilmir ki, bizim bircə arzumuz var: demokratik seçkidə uduzmaq! 
Bəli, elə bu iqtidarın özünə demokratik seçkidə uduzmaq!..
Adam bilmir nə desin? Necə inandırsın? Siyasi partiyaları bir tərəfə qoyuram. Ola bilsin, onların başqa iddiaları var. Hətta ictimai fəalları da demirəm. Ona görə ki, onlarda da seçilmək, deputat olmaq həvəsi olur. Amma biz jurnalistlərin heç bir siyasi iddiası yoxdur axı! Məgər biz jurnalistlər istəmirik ki, ölkədə firavanlıq olsun, insanların həyatı rahatlaşsın? Məgər biz özümüz də elə həmin aztəminatlı təbəqəyə aid deyilikmi?..
Bəlkə də jurnalistikaya ictimai diqqətin bir az artıq olması kimdəsə elə təsəvvür yaradır ki, guya jurnalistlər yağ-bal içində üzürlər! Vallah belə deyil! Billah belə deyil!..
Biz sadəcə, normal ölkədə yaşamaq arzusundayıq. Ona görə də bütün demokratik təşəbbüslərə, o cümlədən də seçkilərə maraq oyatmağa çalışırıq ki, ölkə demokratikləşsin, insanlar azad seçim etsin!..
Burada bizim siyasət və ictimaiyyət fəallarından biri ilə ayaqüstü söhbətim yadıma düşür. O deyirdi ki, mənim artıq 66 yaşım var və bu yaşda siyasi iddiaya düşmək gülünclükdür, istədiyim budur ki, mənim heç olmasa, nəvəm normal ölkədə yaşasın, ölkəsinin adı çəkiləndə sıxılmasın...
Bəli, insanın istədiyi sadəcə, budur... Məgər çoxdurmu? Özü üçün vəzifə istəmir, villa istəmir, zavod istəmir, istəyir ki, nəvəsi normal ölkədə yaşasın!..
Sizi inandırıram ki, azacıq ictimai fəallıq göstərən insanların əksəriyyəti belə düşünür, onlar faktiki olaraq özləri üçün heç nə istəmirlər...
Bu sətirlərin müəllifinin də artıq əlli yaşı var. Bu əlli ili necə yaşamışam, bunu bir özüm bilirəm, bir də Allah! Bundan sonra mənə lazımdır? Əlli yaşımdan sonra durub məmurluq öyrənəcəm?!.
Ona görə də bütün seçkilərə bir ümid kimi baxırıq. Ən azı ona görə ki, elə insanlar var ki, onlar bir doğru-dürüst sözün, bir təsəllinin intizarındadır! Bəli, elə insanlar var ki, sözə möhtacdır, inanın ki, bircə sözə möhtacdır - o söz də budur ki, mən həqiqətən də sizi təmsil edəcəm...
Ona görə də seçkiyə getmək lazımdır. Bəli, ona görə də seçkidə iştirak etmək lazımdır. Ən azı o sözü demək üçün...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ