SON DƏQİQƏ

PressDent.Info

Doğulmayan “körpə” üçün yaş kağızı

Doğulmayan “körpə” üçün yaş kağızı
11-09-2015, 18:53 27689 dəfə baxılıb

Rusiya prezidenti Putinin Avrasiya projesi ölü doğulmuş qurum olaraq qalır. Ukrayna fiaskosundan, ardınca rublun çöküşü və Rusiya iqtisadiyyatının böhrana girməsindən sonra bu layihənin aqibəti daha qaranlıq perspektivə qərq olub. 
Özünə hörmət edən analitiklərin hələ heç birinin dilindən Avrasiya Birliyi haqda ümidverici fikir səslənməyib. Necə səslənsin ki, qurumun təməlində duran əsas dövlətin – Rusiyanın özü dərin sosial-iqtisadi bataqlıqda çırpınır.       
Amma kimə deyirsən, bu basabasda prezident Putin Avrasiya Birliyi ölkələri arasında istifadə ediləcək yeni ortaq pul vahidini təklif edib. Adı da nə olsa yaxşıdır -altın. Yəni türkcə qızıl. Artıq qanun layihəsi Rusiya parlamentinin aşağı palatasına (Dumaya) təqdim olunub. Sənəd layihəsi təsdiqlənsə, o zaman altın avro və dollara rəqib olaraq Avrasiya məkanında yeganə pul vahidi kimi istifadə olunacaq –  o da 2020-ci ildən sonra!
Fəqət, rəqib ola biləcəkmi? Mümkünmü belə şey? Ümumiyyətlə, 2020-ci ilədək Avrasiya Birliyi o yana dursun, Rusiyanın özü dövlət-imperiya olaraq mövcudluğunu saxlaya biləcəkmi? Məsələ də bundadır...    
Diqqət yetirin, qurum faktiki, yoxdur, amma onun ortaq pulundan söhbəti gedir. Bu, doğulmayan “körpə” üçün yaş kağızı yazmağa bənzəyir. Hərgah, cəmi bir neçə gün öncə bəlli oldu ki, Avrasiya Birliyinin üç ölkəsi – Qazaxıstan, Belarus və Qırğızıstan Rusiya ilə Ermənistanın felinə gedib dollardan imtina etməyə və rubla keçməyə hazırlaşmır, bunu məqbul saymır, dolları özləri üçün daha etibarlı hesab edir. 
Bu da o anlama gəlir ki, həmin üç ölkə Avrasiya Birliyində olsa da, Rusiyanın milli valyutası ciddi qəbul olunmur, ona bel bağlanılmır. İndi əgər bir ölkənin pulu dayanıqlı, etibarlı sayılmırsa, deməli, onun iqtisadiyyatı yaxşı gündə deyil və o üzdən həmin ölkənin özü də etibarlı sayılmaz. 
Rusiya isə belə sərt reallıqlara məhəl qoymadan neçə vaxtdır zor-xoş, yeri gələndə hədələrlə, hərbi şantajlar və ardı-arası kəsilməyən hərbi təlimlərlə (“əzələ nümayişi” ilə) özünə keçmiş müttəfiq respublikalardan ibarət “dostlar klubu” yaratmaq niyyətindən əl götürmür. Halbuki, bənzər acı nümunə SSRİ timsalında artıq olub. 
Kreml başbilənlərinə hələ də çatmayıb ki, ən güclü ittifaqlar yalnız könüllü şəkildə qurulan ittifaqlardır və bundan ötrü də ölkələr öncə öz siyasi müstəqilliyini bərqərar eləməlidir. Avrasiya Birliyinin formal üzvləri olan Belarus, Qazaxıstan Ermənistan və Qırğızıstan isə yalnız de-fakto müstəqil dövlətlərdir, əslində isə Moskvadan siyasi müstəqilliklərinə tam şəkildə nail olmayıblar və məhz Kremldən ehtiyat elədikləri üçün onun layihəsində yer alıblar.
Avropa Birliyi layihəsi niyə uğurlu alındı və uzun müddətdir yaşayır, qlobal siyasətə təsir edir, Rusiyanı sanksiyalar məngənəsində sıxa bilir? Ona görə ki, həqiqi mənada müstəqil, azad dövlətlərin klubudur. Ona görə ki, ora zorla, hədə-qorxu ilə heç kimi qəbul eləmirlər, əksinə, ora üzvlüyə can atırlar. 
Fərq bu qədər bəsit, eyni zamanda - böyük. Yoxsa hələ doğulmamış uşağa “metirka” (“yaş kağızı”) hazırlamaq, onun adını qoymaq ən azından, tarix qarşısında  məşuliyyətsizlikdir. Fərq eləməz, bu “metirka” hansı dildə yazılacaq – rus, yoxsa türk dilində...       

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ