SON DƏQİQƏ

PressDent.Info

Qətnamə və dəvətnamə məsələsi

Qətnamə və dəvətnamə məsələsi
14-09-2015, 07:12 23768 dəfə baxılıb

Köhnə əyyamın dağılmasından on illər keçir. Amma ondan qalan bizim kimi respublikaların irəliləyişi “zapçast”ları tökülmüş sovet traktorunun qoşqusunda sürünüb getməyə bənzəyir. O əyyamdan min zülmlə qopsaq da, primitiv şüurlardan və çürük beyinlərdən biryolluq qurtula bilmirik. Acı nəticələri də göz önündə. Bu nəticələrin ən tarixisi də ötən həftənin təqviminə yazıldı. Avropa Parlamenti hakim rejimin bütün qanadlarına sanksiya tətbiq edilməsi çağırışları səsləndirdi. Azərbaycan haqqında xüsusi qətnamə qəbul edib tələbləri bənd-bənd sadaladı. Elə bəndlər ki, bu rejimlə bağlı olan bütün səlahiyyətli şəxsləri, siyasiləri, məmurları, hakimləri hədəf götürüb. Havalanmağa, isterikaya düşməyə ehtiyac yox. Çünki biz illərdir ölkəni uçuruma apardığınızı bağırıb dururuq…

Biz başından bəri o hakimiyyətin də, o seçkilərin də, o məhkəmələrin də, o milyardların da qanunsuz və haram olduğunu deyirdik. Biz cəmiyyətin bütün istiqamətlərinə kök atmış korrupsiyanın, inhisarın, qanunsuzluqların və haqsızlıqların bir gün dərin fəsadlar yaradacağını deyirdik. Biz xalqa məxsus olan nə varsa mənimsəyib, onu həyatın dibinə itələyən rejimin aqibətinin də yaxşı olmayacağını deyirdik. Siz bunları bilməmiş və ya anlamamış deyildiniz ki. Gərək elə Avropa Parlamentinə belə bir qətnamə qəbul etdirib, ölkəni rəzil duruma salardınız? Gərək elə işi dalana dirəyib, sonra da klounları rus bayraqları ilə küçələrə çıxarıb daha betər biabırçılıq edəydiniz? Kimsə bu ölkənin işinə qarışa bilməz, eləmi? Bu ölkə insanını nə vaxt insan yerinə qoymusunuz ki, indi də belə iddiayla danışırsınız? Ən yaxşısı, “kimsə bizim şəxsi işimizə qarışa bilməz” deyin, olub getsin. Çünki bu ölkəyə çoxdan şəxsi mülkiyyətiniz, özəl manufakturanız və şəriksiz müstəmləkəniz kimi baxırsınız…

Bu gedişlə ən azı Özbəkistana tay olarıq. Dünən oralardan gələn bu xəbəri oxuyanda da düşündüm ki, aramızdakı məsafə xeyli azalıb. Demə, yerli hakimiyyət orqanları tərəfindən restoran və şadlıq evlərinə göstəriş verilib ki, pambığı yığıb qurtarmamış toylara, şənliklərə icazə verilməsin (bu qərar Azərbaycanın 70-80-ci illərini – Heydər Əliyev dönəmini xatırladır, onda da pambıqçılıq rayonlarımızda bu qadağalar vardı, bir qadın birinci katib rəhbərə daha çox yaltaqlanmaq üçün “pambıq vaxtı doğmaq olmaz” qadağası da qoymuşdu). Səmərqəndin rəsmi şəxsləri də bunu pambıq yığımının sürətlənməsi məqsədi daşıdığını bildirib, burada qeyri-adi bir şey olmadığını deyib. Amma bəzi insanlar bu qadağanı əvvəlcədən gözləmədikləri üçün bir ay öncədən toy tarixi təyin edib və dəvətnamələr göndərib. Problem ondadır ki, Özbəkistanda pambıq yığımı noyabr ayına kimi çəkir, insanlar isə havalar soyumamış toylarını etmək istəyirlər.  Indi adamlar məcburən başqa variantlar axtarmağa, bəziləri də toyu evində xudmani şəkildəcə yola verməyə çalışırlar. Əslində, bu qadağalar bizə o qədər də yad deyil. Sovetlər zamanında bu tarixi yaşamış nəsillər hər şeyin şahididir. Məhsul yığımı mövsümlərində məcburi səfərbərliklər, yasaqlar da unudulmayıb. Azərbaycanın 70-80-ci illərində – Heydər Əliyev dönəmində əsasən pambıqçılıq rayonlarımızda bu qadağalar vardı, bir qadın birinci katib rəhbərə daha çox yaltaqlanmaq üçün “pambıq vaxtı doğmaq olmaz” qadağası da qoymuşdu…

Bənzərini elə Avropa oyunları zamanında da yaşadıq hamımız. Elə indi də sovet zamanından töküntü zehinlərin əlində əsir-yesir qalıb, hər addımda onların bəlasını yaşamaqdayıq. Bəla da böyük bəladır. Gündən-günə bütün yollarımız çıxılmaz dalanlara girir. Bütün işıq uclarına pambıq tıxanır, bütün ipucları dərin quyulara düşür. Nə yazıq ki, çoxumuz hələ düşdüyümüz quyuların hansı dərinlikdə olduğunun fərqində deyilik. Məlum qətnaməni oxuyun, bəlkə fərqində oldunuz…

Səadət Cahangir

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ