SON DƏQİQƏ

PressDent.Info

Yurgen Habermas Avropa Birliyinə qarşı

Yurgen Habermas Avropa Birliyinə qarşı
14-09-2015, 10:39 25781 dəfə baxılıb



Bizim üçün Beynəlxalq təşkilatlar içərisindən ilk gözdən düşəni Sülh üzrə Nobel Komitəsi oldu. Komitə 1990-cı ildə Bakı qırğınına imza atmış M.Qorbaçovu Sülh üzrə Nobel mükafatına layiq gördü. Qorbaçova mükafatın verilməsi prosesində Alfred Nobelin vəsiyyətinə hörmətsizlik edilmişdi. Görünür ki, siyasət artıq bütün dəyərləri ayaq altına atıb. Bunula yanaşı mükafatın formalaşmasında Bakı neftinin rolu da nəzərə alınmamışdı.
İkinci gözdən düşən qurum Birləşmiş Millətlər Təşkilatı oldu. Bu qurumun Dağlıq Qarabağla bağlı çıxardığı 4 qətnamə hələ də icra olunmamış qalır.

İndi isə biz sülhü qorumaq, iqtisadi və sosial inkişafı təmin etmək məqsədilə toplanmış 28 üzv dövlətdən ibarət Avropa Birliyinin hədəfindəyik.

Bu qurumun parlamentinin Azərbaycan Hökumətinə qarşı çıxardığı qətnamə artıq neçə gündür ki, müzakirə olunur. Müzakirələrin bir neçəsinə diqqət etdikdən sonra açığı belə qənatə gəldim ki, hökumətin güvəndiyi şəxslərin çoxu məsələyə olduqca primitiv yanaşır. Elmi və faktoloji yanaşmaya isə ümumiyyətlə rast gəlinmir. Bir çoxları isə danışmaq xatirinə digərlərinin fikirlərini təkrarlayırlar. Çoxunu danışmağa məcbur edən səbəb də bəllidir. Qarşıdan parlament seçkiləri gəlir… Təkcə bu məsələdən söhbət getmir, hökumətin dəstək verdiyi (söhbət vəzifə və mandatdan gedir) adamlar, istənilən məsələyə fərqli və əsaslı münasibət bildirmək üçün öz üzərlərində işləmirlər. Hamı özünü bilikli göstərməyə çalışır. Özündənrazılığın isə həddi-hüdudu yoxdur.

Hökumət artıq şablon təfəkkürlü adamların vəzifələrə çəkilməsinə və mandat almasına şərait yaratmamalıdır. Parlamentin bir neçə üzvünün qətnaməyə münasibəti kollec məzunu səviyyəsindədir. Ümumiyyətlə, Avropa Birliyinin mahiyyəti ilə (həm də iç üzü ilə) tanış olmaq üçün nüfuzlu alim və filosofların, sənət adamlarının bu qurum haqqında fikirlərini az da olsa bilmək lazımdır. Onda çoxlu məqamlara işıq salmaq mümkün olardı. Bu adi vətəndaşlardan daha çox vəzifə tutanlara və mandat daşıyanlara aiddir.

Avropa parlamentinin Azərbaycan haqqında çıxardığı qətnamədən düz 7 il əvvəl XX əsrin ikinci yarısının böyük filosofu, dünyanın qəbul etdiyi ciddi intellektual fiqur, Frankfurt məktəbinin tanınmış nümayəndəsi Yurgen Habermasın “Ah, Avropa” kitabı çapdan çıxmışdır. Almaniyanın Xarici İşlər naziri F.V. Ştaynmayer 2007-ci ilin noyabr ayının sonunda elm xadimləri də daxil olmaqla, Almaniyanın nüfuzlu şəxslərini Avropa Birliyinin vəziyyətini təhlil etmək üçün diskussiyaya dəvət etmişdir. Diskussiyada Habermasın kədərli “Avropa siyasəti dalandadır” ifadəsi bir çox nüfuzlu şəxslər tərəfindən bəyənilmişdir. Onlar “siyasi elitadan” Avropa Birliyinin effektivliyinin artırılması üçün ciddi və dərin islahatlar aparmağı tələb etməyi qarşıya məqsəd qoydular. Beləliklə, Habermasın “Ah, Avropa” kədərli konstatasiyası Avropa dövlətlərinin mövcud siyasi elitasına ünvanlanan müraciət olmuşdur. Və bu həqiqətə söykənir. “Siyasi Birlik əhalinin başı üzərindən formalaşmış və indiyə qədər elitanın layihəsi kimi qalır. Və demokratiyanın defisiti və qanunvericiliyin bürokratik xarakteri şəraitində fəaliyyət göstərir (funksionallaşır).”
Habermas yazır ki, Avropa əhalisinin böyük hissəsi (2008-ci ildə keçirilən sorğuya görə 66%-i) Avropa Birliyini dəstəkləmir və onun konstitusiyasının demokratik şəraitdə qəbul olunmasını istəyirlər. Habermasa görə “maneçilik əhalidən gəlmir, hökumətlərdən gəlir”. O, fikrinə davam edir: “Avropa milli məsələlərlə həvəslə məşğul olmaqla dəyərlərini itirir”.

Böyük filosof Avropa Birliyinin köklü problemlərini sadalamaqla mühüm məqamlara toxunur:
1-ci problem – ciddi ittiham xarakterlidir: “Avropa dövlətləri – Avropa Birliyinin üzvləri demokratik birlik prosesində demokratik substansiyanı (“mahiyyət”-E. Ə.) itiriblər”. O, bunu “demokratik defisit” adlandırır.
2-ci problem – Həmrəy şəkildə birləşən Avropa dövlətləri Amerikaya qarşı durmağı bacarmalıdırlar. Amerika Birləşmiş Ştatları İrakla müharibədə fikrindən daşındırılmalı idi.
3-cü problem – Avropa Birliyi “ləyaqətli insanın” sosial standartalarını formalaşdırıb həyata keçirə bilmədi. Bu prosesdə birlik digər ölkələrə “dünya təsərrüfat fəaliyyətində subyektlər arasında ədalətli tarazlığın” təmin olunmasına örnək olmalı idi.
4-cü problem – bu “bizim cəmiyyətin daxili həyatında mədəni plüralizmin fundamentalist yönümdə ağırlaşmasıdır”. Paris hadisələri və Avropa şəhərlərinin immiqrantlar məhəllələrində baş verənləri yada salmaq olar. Habermasın qaldırdığı bu problem öz çılpaqlığını indi daha çox büruzə verir.

Filosof bu məşhur kitabında maraqlı nəticəyə gəlir: Bu və buna bənzər problemlər avrosskeptiklərə şövqlə bir məsələni təsdiqləməyə əsas verir: nəyəsə uyğun, yaxud nəyinsə xatirinə Avropa Birləşmiş Ştatları yaranmayacaq və heç vaxt vahid “Avropa xalqı olmayacaq”.

Böyük alim kitabında Avropa Birliyinin pozitiv tərəfinə çox üstünlük vermir. Hər cümləsini bütün dünyanın izlədiyi Habermasın əsas anlayışlarından biri “demokratik defisit” anlayışıdır. Onun uzaqgörənliyi təsdiqini tapdı. Bu defisit Azərbaycanla bağlı qətnamədə özünü göstərdi.

Avropa Birliyi ABŞ-a İrak müharibəsi ilə bağlı təsir göstərə bildimi? Yox.

Avropa Birliyi xalqlara itirlmiş suvernliyinin bərpasına yardım edə bildimi? Yox.

Bizim Avropa dəyərləri ilə fərqlənməyən dəyərlərimiz var: musiqi, idman, tolerantlıq, insan kapitalına qoyulan investisiya və s. Bunların adı çəkiləndə Azərbaycan Avropanın bir parçası olur. Siyasi və hüquq məsələlərində isə biz yadlaşırıq. Müasir rus postmodernist yazıçısı Viktor Yerofeyev yazır: “Avropanın əsas bəlası əsla iqtisadiyyat deyil: Əsas bəla odur ki, bu böyük layihə artıq başa çatır. Səbəbi fikir adamlarını bürokratların əvəz etməsidir. (“Oqonyok”jurnalı 26 yanvar, 2015)”.

Elə bürokratların və avroskeptiklərin “demokratik defisit” şəraitində çıxardığı qətnamə ondan artıq ola bilməzdi.

Etibar Əliyev

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ